18 iyun 2020 11:59
2928

Memarlığı ilə göz oxşayan 5 qədim şəhər...

Dünyanın bəzi şəhərləri tarixi mənşəli abidələri, böyük sənətkarlara hörmətlərinə görə, memarlıq baxımından və ya açıq hava muzeyləri kimi özəllikləri ilə xatırlanır. Memarlıq abidələri, körpülər, heykəllər, möhtəşəm bağlar və parklarla yanaşı, diqqət etməli və gəzməli bir çox yerlərə sahib bu şəhərləri sizin üçün araşdırdıq.

Roma

Dünyanın ən qədim şəhərlərindən biri olan Roma eyni zamanda, Avropa mədəniyyətinin əsas mərkəzlərindən biridir. Roma Papasının yaşadığı müstəqil bir dövlət olan Vatikanın da bu şəhərdə yerləşməsi xüsusilə diqqət çəkir. Təxminən 2 min il əvvəl dünyanın mərkəzi kimi qəbul edilən Roma şəhəri hər il öz memarlığı ilə milyonlarla ziyarətçini özünə çəkir. Romanı birmənalı olaraq “açıq hava muzeyi” kimi də qiymətləndirmək düzgün sayılar. Roma dünyanın bir çox böyük sənətkarlarının memarlıq əsərlərinə ev sahibliyi edir. Mücərrəd gözəllik axtaran yunan memarlığından fərqli olaraq, Roma memarlığı utilitarizm və abidə kimi xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Kolizey, Santa Maria Maggiore Bazilikası, Arco di Costantino, Roma Forumu, Pantheon, Vittorio Emanuele II Abidəsi, Trevi Fəvvarəsi, Navona meydanı, Sant’Angelo qalası kimi möhtəşəm memarlıq abidələri, Romada ziyarət edilməli yerlərdən sadəcə bir neçəsidir.

Kiyev

Barokdan Postmodern memarlığına qədər uzanan memarlıq quruluşlarına sahib olan Ukraynanın paytaxtı Kiyev romantikanın və sevginin paytaxtı kimi qiymətləndirilir və ecazkar təbiəti, memarlıq abidələri, əla bağları və parkları ilə daim diqqətləri üzərinə cəlb edir. 1037-ci ildə Şahzadə Yaroslav tərəfindən inşa edilmiş Sofiya Katedrali şəhərin ən qədim kilsəsidir və UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. Müqəddəs Sofiya Katedrali ilə yanaşı, Mariyinsky Sarayı, Archangel Michael heykəli, Mother Motherland (Ana Vətən) heykəli, St. Andrew Kilsəsi və Zoloti Vorota (Qızıl Qapı) şəhərin ziyarət edilməli olan digər memarlıq möcüzələridir.

Sankt-Peterburq

Əvvəlki adı Leninqrad olan və Rusiya Federasiyasının paytaxtı Moskvadan sonra ikinci böyük şəhəri sayılan Sankt-Peterburq 200 ildən çox Rusiyanın paytaxtı olmuşdur. Addım-addım tarix və memarlıqla zəngin Sankt-Peterburq şəhəri qədim sarayları və 18-ci əsrə aid tarixi binaları ilə keçmişin üzünü əks etdirir. Dünyanın zəngin sənət kolleksiyalarına sahib ən böyük muzeylərindən biri kimi tanınan Ermitaj Muzeyinin də olduğu şəhərdə; Smolnı Katedralı, İshaq Katedralı, Voskresenia Xristova Kilsəsi, Peterhof Sarayı və Bağçası, Peter və Paul qalası, Mariinsky Teatrı kimi saysız-hesabsız memarlıq abidələri göz oxşayır.

Florensiya

Siyahıda Romadan sonra başqa bir italyan şəhəri yer alır. İtaliyanın ən turistik şəhərlərindən biri olan Florensiya, memarlığı ilə İntibahın paytaxtı adlandırılır. Leonardo da Vinçi, Miçelanjelo, Macçiaveli, Donatello, Brunelleschi kimi əhəmiyyətli sənətkar və mütəfəkkirlərin yaşadığı, Medici Sarayı, Uffizi Qalereyası, Duomo Katedrali, Vecchio Sarayı, Piazza della Signoria, Palazzo Pitti Sarayı kimi abidələrin yer aldığı bir şəhər olan Florensiya mütləq ziyarət edilməlidir.

Barselona

Turizm, mədəniyyət və iqtisadiyyat baxımından Aralıq dənizinin və İspaniyanın ən əhəmiyyətli şəhərlərindən biri olan Barselona memarlıq baxımından ziyarətçilərinin damağında unudulmaz ləzzət kimi qalan şəhərdir. Qotik və müasir memarlığın bir çox əsərinə rast gələ biləcəyiniz şəhərdə şübhəsiz ki, məşhur memar Antoni Gaudi əsərləri, La Sagrada Familia Kilsəsi və Parc Güell və Casa Milanın digər əsərləri, Columbus abidəsi, Gothic District və Barcelona Cathedral şəhərin görülməsi mütləq olan digər əhəmiyyətli memarlıq abidələridir.

Samirə İsmayılova,

“İki sahil”