19 iyun 2020 10:34
2159

 Prezident İlham Əliyevin  «Biz birlikdə güclüyük!»” çağırışı Azərbaycanın dünya birliyinə  ünvanlanan  həmrəylik mesajıdır

 Ölkəmizin  pandemiya dövründə də   başqa  dövlətlərə  yardım kampaniyalarındakı fəallığı multikultural dəyərlərə  sadiqlik nümunəsidir

Əsrlər boyunca müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanların  əmin-amanlıq şəraitində yaşadığı Azərbaycan tarixən sivilizasiyalararası mərkəz, İpək Yolunun üzərində yerləşən coğrafi məkan kimi tanınır. Xalqımızın multikultural dəyərlərinə sadiqliyi,  humanizm və xoşniyyətlilik kimi ali prinsipləri qoruyub  saxlaması, inkişaf etdirməsi bölgədə birgəyaşayış qaydalarını tənzimləyir. Ölkəmizin coğrafi mövqeyi  qədim dövrlərdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, insanları bir amal naminə birləşdirmişdir. Müstəqillik illərində daha da  möhkəmlənən, dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi diqqət göstərilən Azərbaycanın  multikultiralizm ideyaları beynəlxalq aləmdə   təbliğ olunur, dəstəklənir. Son illərdə  ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu,  Bakı Beynəlxlq  Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatının  Zirvə Toplantısı kimi mötəbər tədbirlər, mədəniyyətləri birləşdirən  çoxsaylı beynəlxalq konfranslar
 Azərbaycanın multikultural dəyərlərinin təbliğini intensivləşdirir.

 
...İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir”» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan dünyada dialoqun təşviqi və inkişafı istiqamətində mühüm rol oynayan,  Avropa Şurasına,  ISESCO-ya  üzv olan yeganə müsəlman ölkəsidir.  Ölkəmizdə 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd olunması, ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, sonrakı illərdə  qədim odlar diyarı Naxçıvanın bu ada layiq görülməsi Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın  xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsindəki roluna verilən qiymətdir.

Prezident İlham Əliyevin və  Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın  İtaliyaya dövlət  səfəri çərçivəsində keçirdikləriyi görüşlər,  hər iki ölkə arasında  Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması,  İtaliyanın Prezidenti   Cercio Mattarellanın Azərbaycanla əməkdaşlığa böyük önəm verməsi, dahi  Azərbaycan şairi  Nizami Gəncəvinin abidəsini ziyarət,   Vatikanda  Skistin Kapellası və  Müqəddəs Pyotr kilsəsi ilə tanışlıq,   Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüş Azərbaycanın dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin inkişafında artan roluna bir nümunədir.   Azərbaycanın təşəbbüsü ilə  atılan önəmli addımlar göstərir ki,  Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasında  münasibətlər daha da genişləndiriləcək. Xeyirxah təşəbbüslərin  müəllifi Mehriban xanım Əliyevanın sərhədlərimizdən kənarda reallaşdırdığı layihələrin hər biri multikultural dəyərlərdən qaynaqlanır.  Rus Provoslav Kilsəsinə, Həştərxan şəhərinin abadlaşmasına  göstərdiyi qayğıya görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa Ordeni ilə  təltif edilən  Mehriban xanım Əliyevanın  İtaliyada kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ( Dama di Gran Croce dell*ordine Piano) ilə mükafatlandırılması Azərbaycan multikultiralizminə verilən dəyərdir.

Əvvəlki illərdə  Suriyaya, Fələstinə  maddi  yardımlar göstərən,  Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif  ölkələrdə  humanist layihələr həyata keçirən  Azərbaycan  bütün dünya dövlətlərinin iqtisadiyyatını çökdürən yüz minlərlə insanın ölümünə səbəb olan  koronavirus pandemiyası ilə mübarizədə  çətin vəzyyətdə qalan ölkələrə yardımlarını əsirgəmir.  Azərbacanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatı üzvləri ilə videokonfras formatında Zirvə görüşlərinin keçirilməsi, pandemiyaya qalib gəlməyin birgə yollarının müzakirəsi ölkəmizin humanitar siyasətinin göstəricisidir. “Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir”””” söyləyən  Prezident İlham Əliyevin fikirləri  ölkəmizin bu sahədəki liderliyini əks etdirməklə, tolerantlıq, multikultural dəyərlərə verilən qiymət kimi  xarakterikdir.

Qoşulmama Hərəkatının üzvlərinin  Azərbaycanın təşəbbüslərini yekdilliklə dəstəkləməsi, dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi üçün  Birləşmiş Millətlər Təşkilatında birgə müzakirələrin təşkili ilə bağlı təklifin dəstəklənməsi Azərbaycanın dünya birliyinə növbəti həmrəylik çağırışıdır.

  Belə ağır günlərdə  özünə qapanmamağı,  qarşılıqlı yardımlardan istifadəni çətinliklərdən çıxış yolu kimi diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki,  indiki şəraitdə  dünya birliyi vahid mövqedən çıxış etməlidir.  Humanitar  təşəbbüsləri  nümunə  göstərilən Azərbaycan fərdi qaydada humanitar yardımlarını davam etirir. “O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir» söyləyən dövlət başçımız Azərbaycanın beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardımını müstəqilliyimizin üstünlükləri adlandırır: « Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.»

  İnsanların normal həyat tərzinə təsir edən pandemiya Azərbaycan vətəndaşlarının da  sağlamlığına  mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var.  Belə çətin məqamlarda  Azərbaycanın humanitar siyasətinin ölkə vətəndaşları tərəfindən dəstəklənməsi xalqımızın  birlik və həmrəyliyə verdiyi töhfədir.  Pandemiya dövründə Prezident İlham Əliyevin  təkcə Azərbaycan xalqına deyil, dünya  ictimaiyyətinə  həmrəylik  mesajı olan  «Biz birlikdə güclüyük!»” deyimi  Azərbaycanın beynəlxalq öhdəliklərinin də  bir hissəsidir.

Xuraman İsmayılqızı,

«İki sahil»