Tibbi maskadan istifadə, sosial məsafə və şəxsi gigiyenaya əməl etmək! Doğrudanmı bu tələblərə əməl etmək çətindir? Təbii ki, xeyr! Bəs belə olduğu halda bunlara əməl etməmək, çoxsaylı insanların, o cümlədən müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin yoluxmasına, bu səbəbdən vəfat etmələrinə şərait yaratmaq kimə və nəyə lazımdır?
Bu dünyada hər kəsin sağlam yaşamaq hüququ var və heç kimin digərinin bu hüququnu məhdudlaşdırmağa haqqı çatmır. Bu dəyişməz həqiqət tələblərə əməl etməyərək özlərini koronavirus infeksiyasına yoluxmaqları az imiş kimi, ətrafdakıları yoluxduranlara da aiddir. Daha dəqiq desək, adi qaydalara əməl etməməyin ucbatından özləri ilə kifayətlənməyərək başqalarının həyatını riskə atmağın məsuliyyəti insan həyatına qəsd etməyə bərabərdir. Bu yüklə ömrü yaşamaq isə özü elə bir hissdir ki, bunu sözlərlə ifadə etmək mümkünsüzdür. Heç bir səbəb olmadan, sadəcə olaraq eqoizmdən irəli gələrək qaydalara əməl etmədən yaşamağın müqabilində, özü bir yana başqasının həyatına qəsd etməyin bir və ya bir neçə adı ola bilər: tufeylilik, vicdansızlıq, mərdimazarlıq, yaramazlıq və daha nələr-nələr...
Sual oluna bilər: Azərbaycan cəmiyyəti nə cür belə laqeyd olmağa imkan və zaman tapdı? Çox da uzağa getmədən- son 30 ilə nəzər salmaq kifayət edir ki, Azərbaycan xalqının çox faciələrin öhdəsindən necə layiqincə gəldiyini görmək mümkün olsun. Nəticədə ən böyük amallar uğrunda belə birləşməyə, yekdilliyə nail olmuş xalqımız dövlətçiliyimizə uzanan yad əllərin qarşısında durmağa qadir olduğunu dünyaya sübut edib.
Lakin görünən odur ki, bu gün kimlərinsə məsuliyyətsiz hərəkətləri ölkə əhalisinin həyat və sağlamlığına xətər yetirməyə səbəb olur. Belə bir vəziyyətdə özümüzü və yaxınlarımızı qorumaq üçün maksimum səviyyədə çalışmalı, istər ictimai qınaq, istərsə də olduqca sərt cəza tədbirləri tələb etməklə həmin şəxslərlə ciddi mübarizə aparmalıyıq. Hələ də gec deyil. Hər bir şəxs özü koronavirusdan qorunmaqla kifayətlənməməli, ətrafında qaydalara riayət etməyən şəxslərə də müxtəlif yollarla təsir etməyi bacarmalıdır. Buna, ilk növbədə, ailə üzvlərindən başlamaq, daha sonra gündəlik həyatımızda davam etmək lazımdır. Belə deyək ki, qaydalara əməl etməyən şəxslərlə təkcə polisin mübarizə aparmasını gözləməli deyil, özümüz də bu işə qoşulmalıyıq.
Düşünmək olmur ki, tibbi maskadan istifadə etməyən, sosial məsafə saxlamayan nadanlar biz insanların onun və ətrafının xəstəliklə mübarizəsinə uzun müddət tab gətirə bilsin. Bu baxımdan səylərin ardı kəsilməməli, belə şəxslərin sağlamlıqlarına etinasız yanaşmalarına qarşı barışmaz mövqe ardıcıl olmalıdır.
Onlarla mübarizənin digər tərəfi də məhz sahibkarlıq subyektləri olmalıdır. Belə şəxslərə nəsə satmaqdan, xidmət göstərməkdən kütləvi imtina etməklə yəqin ki, heç bir sahibkar zərərə düşməz. Üzərində daim dövlətin diqqət və qayğısını hiss etməyə öyrəşmiş milli sahibkarlıq bu günlər belə məsələlərdə birmənalı olaraq dövlətin yanında olduğunu nümayiş etdirməlidir.
Şübhəsiz ki, belə şəxslərlə mübarizədə böyük məbləğdə cərimələr də ciddi əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qaydalara əməl etməyənlərə dünyanın hər yerində rast gəlmək mümkündür. Lakin dünya təcrübəsinə müraciət edəndə məlum olur ki, ictimai məsuliyyətsizlik nümayiş etdirən şəxslərlə mübarizənin başlıca üsullarından biri də böyük məbləğdə cərimələr, hətta həbslərdir.
Bir sözlə, ilk növbədə, özümüzün və yaxınlarımızın həyat və sağlamlığının qorumasına və ya qurunun oduna yaşın da yanmaması üçün ətrafımızda qaydalara riayət etməyənlərdə müsbət vərdişləri yaratmaqla nail ola bilərik. Əks təqdirdə ən sərt karantin rejiminin tətbiqi qaçılmaz olacaq.
Ceyhun Piriyev,
“İki sahil”