01 iyul 2020 15:36
1449

Ərdoğan: Yalanın baş alıb getdiyi sosial şəbəkələrə nəzarət edilməlidir

“Sosial media sahəsinə nəzarət edilməsi ilə bağlı qanun layihəsi hazırlanaraq parlamentə təqdim ediləcək”

“Sosial media kanallarına nəzarət edilməsini istəyirik”. “İki sahil” xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında deyib.

Türkiyənin Maliyyə naziri Berat Albayrakın yeni doğulmuş övladı ilə bağlı sosial şəbəkələrdə paylaşılanlara münasibət bildirən Prezident əlavə edib ki, bəzi məsələlər var ki, bu barədə danışmaq belə, insanı narahat edir: “Bir ailə olaraq bir neçə gündür belə ağrılı bir problemlə qarşılaşırıq. Berat bəy oğlunun sevincini sosial şəbəkədə yazdığı mesajla bölüşüb. Sayları az olsa belə, bəziləri daxili pisliklərini nümayiş etdirən təhqirlərlə bu gözəlliyi çirkləndirməyə çalışdılar. Əlbətdə, etdikləri cinayətin cavabını verəcəklər. Qanun qarşısında etdikləri cinayətə görə cəzalandırılacaqlar”. Ərdoğan deyib ki, yalan, iftira, şəxsi həyata müdaxilənin baş alıb getdiyi sosial şəbəkələrdə qayda-qanun yaradılmalı, buraya nəzarət edilməlidir.  Onun sözlərinə görə, sosial media sahəsinə nəzarət edilməsi ilə bağlı qanun layihəsi hazırlanaraq parlamentə təqdim ediləcək.

“İki sahil”