14 iyul 2020 17:00
994

Ermənistan silahlı qüvvələrinin mülki əhalini atəşə tutması hərbi cinayətdir

Mais Səfərli:  “Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına ciddi ziyan dəyib”

 

“Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər.  Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Düşmən qüvvələrinin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb.  Artilleriya, minaatan və tankların iştirakı ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib”.

Bu fikirləri  “İki sahil” qəzetinə açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

M.Səfərli bildirib ki, dəfələrlə atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin sərt müqavimətilə üzləşən və ağır itkilər verərək geri çəkilməyə məcbur olan düşmən bunun acığını dinc əhalidən çıxmağa çalışır: “Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Bu dəfəki təxribatda da Ermənistan tərəfi mülki şəxslərin qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır. Həmin şəxs Tovuz rayonunun  Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğludur. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi bəşəri cinayətdir. Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına ciddi ziyan dəyib. Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsində ciddi  fəsadlar yaranıb.  Silahlarını cəbhə boyu ərazilərdə yaşayan mülki vətəndaşlarımıza tərəf çevirən erməni vandallarının açdığı atəş nəticəsində vətəndaşlara maddi və mənəvi ziyan dəyib. Bununla işğalçı Ermənistan müharibə qanunlarını kobud şəkildə pozaraq öz təcavüzkar niyyətini bütün dünyaya nümayiş etdirir. Görünən odur ki, erməni vandalları mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. ”

Həmsöhbətimizin sözlərinə görə, beynəlxalq hüquq və hərbi konvensiya prinsiplərinə əsasən, müharibə zamanı mülki obyektlərin, mülki əhalinin hədəfə alınması hərbi cinayət hesab olunur. Buna görə də Ermənistan rəhbərliyi nə vaxtsa beynəlxalq tribunal qarşısında cavab verməli olacaqlar. Ermənistan həmişə olduğu kimi, yenə də döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə atəş açır. Ancaq təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımız çox böyük cəsarət göstərirlər. Biz bu dəfəki  təxribatda da  xalqımızın igid oğullarının qəhrəmanlığını gördük. Vətəndaşlarımız tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq. Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək.

Yaqut Ağaşahqızı, “İki sahil”