16 iyul 2020 10:27
3410

Qeyri-adi mağazalar

Alıcıları mağazaya daxil olması üçün onları ora cəlb etmək lazım gəlir və sahibkarlar mağazaların xarici görünüşünü elə düzəldirlər ki, onlardan yan keçmək olmur. Biz sizə dünya üzrə qeyri-standart dizaynlı mağazaları təqdim edirik.

Çinin Hanjou şəhərində qeyri-adi kitab mağazası

Qeyri-adi işiqlandırma, kül rəngli divarları və ən əsası şüşə tavanı ilə bütün kitabsevənlərin diqqətini çəkən bu mağaza Çinin Hanjou şəhərində yerləşir. Çox maraqlıdır ki, burada kitabların yerləşdiyi sütunlar şüşə tavanda əks olunaraq hündür ağaclara bənzəyir. Kitab mağazasının divarlarında qeyri-adi dizaynda olan güzgülər də bu məkanı daha geniş və maraqlı edir.

Honk-Konqda Momo mağazası

Məşhur Momo mağazası Honk-Konqun bir ticarət mərkəzində yerləşir və onun konstruksiyası bütünlükdə müxtəlif pəncərələrlə tamamlanıb. Mağazanın bir neçə yerdən müxtəlif istiqamətlərə çıxışı var, lakin lövhələri yoxdur. Bu məkanın qeyri-adi konstruksiyası dərhal diqqəti cəlb edir və çətin ki, kimsə bu “şüşə” strukturundan yan keçə bilsin.

Vankoverdə GAP geyim mağazası

Amerika Birləşmiş Ştatlarının məşhur geyim mağazası GAP 1969-cu ildə açılmışdır. Rahatlığı əsas alan GAP-ın ənənəvi Amerikan tərzi gündəlik geyimləri nəsillər arasında üzun illər ərzində sevilməkdədir. Adətən reklamçılar tez-tez öz sloqanlarında “möhtəşəm”, “başdöndürücü” kimi sözlərdən istifadə edirlər. GAP mağazasının idarəçiləri də təkcə belə sözlərdən istifadə etməklə kifayətlənməyib, bunu realda da təsdiq etmək qərarına gəliblər. Belə ki, Vankoverdə yerləşən GAP mağazasının növbəti filialında demək olar ki hər şey - manekenlər, lövhələr, geyinib-soyunma otaqları, vitrinlər, stollar, loqotiplər baş-ayaq yerləşdirilib. Bu qeyri-adi dizayn insanların marağına səbəb olub və son illər ərzində minlərlə əcnəbi müştərilər bu mağazada alış-veriş edirlər.

Çində 100 metr hündürlükdə yerləşən market

Çinin Xuanin əyalətindəki Milli parkında adrenalin dolu istirahəti sevən insanlar üçün qayanın 100 metr hündürlüyündə mağaza açılıb. Qaya üzərində yerləşən bu mağazanın görünüşü olduqca sadədir. Möhkəm iplərin köməyi ilə qayaya dırmaşan macərapərəst müştərilər buradan su, çörək və yaxud enerjili içkilər alaraq ödənişi həm nəğd, həm də kart vasitəsilə keçirə bilərlər. Burada işləyən satıcılar hər dəqiqə müştərilərin təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqətlə yanaşırlar.

“Sony” şirkətinin ilk sualtı mağazası

2014-cü ildə Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Xperia Aquatech Store” qeyri-adi sualtı mağazası açmışdır. Bu mağazanı ziyarət edən insanlar dalğıcların müşayiəti ilə Yaponiya istehsalçılarının sukeçirməz qurğuları ilə tanış ola bilərlər. Burada alıcıların akvalanq geyməsinə ehtiyac yoxdur, xüsusi tuneldə yerləşən bu mağazada insanlar adi qaydada nəfəs ala bilirlər.

Berlində “Cristian Peterson” velosiped mağazası

Hobbisini biznesə çevirən Cristian Peterson Berlində qeyri-adi velosiped mağazası açıb. Burada inanılmaz görünüşə sahib olan velosipedlər hazırlayan sahibkar, sonra onları satır. Mağazanı açaraq diqqəti cəlb etmək üçün sahibkar çox əziyyət çəkməyib. O, sadəcə mağazanın fasadına əsl velosipedlər yerləşdirib. Qeyri-adi mağazanın divarında təxminən 120 velosiped var.

Amsterdamda açılan qutuya bənzər “Adidas” mağazası

İdman geyimləri və ayaqqabılarını sevənlər üçün Amsterdamda məşhur Adidas mağazasının qeyri-adi filialı açılıb. Adətən yeni ayaqqabıları alanda onu qutunun içinə qoyuruq, lakin bu mağazaya daxil olanda sanki bir qutuya daxil oluruq. Yəni bu mağaza bir ev böyüklüyündə olan ayaqqabı qutusu şəklindədir və burada müxtəlif çeşidlərdə “Adidas” markasına aid idman üslubunda olan geyimləri və yaxud ayaqqabıları əldə edə bilərsiniz.

Samirə Tağıyeva, “İki sahil”