“Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilib ki, 2020-2023-cü illərdə Azərbaycanda işsizliyin səviyyəsi dəyişməyərək 4,9 faiz qalacaq.
Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyin, dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunacağını tam təxmin etməyin qeyri-mümkün olduğu vaxtda işsizliyin nəinki cari il üçün, həmçinin sonrakı 3 il ərzində dəyişməz olaraq qalacağını proqnozlaşdırmaq Azərbaycanda bu sahədə atılan qabaqlayıcı tədbirlərə əsaslanır. Bəs bu tədbirlər hansılardır?
Əvvəlcə ondan başlamaq lazımdır ki, ölkə başçısının müvafiq Sərəncamının icrasından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının əsas istiqamətlərindən birini məşğulluq və sosial rifaha dəstək təşkil edib. Buraya dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması, eyni zamanda, qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi, işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi, əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində tədbirlər aiddir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində müsbət dinamika əldə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət sektoru üzrə 900 min iş yeri qorunub, onların hər birinin əməkhaqqısı ödənilib. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, yəni 17 faizlik artım qeydə alınıb.
Nazir, həmçinin işsizlər üçün haqqıödənilən ictimai işlərin sayının 90 minə çatdırıldığını xatırladaraq 38 min davamlı iş yerinin 95 faizinin tam şəkildə işçilərlə təmin edildiyini, 52 min ikiaylıq iş yerinin isə 50 faizinin təmin olunduğunu bildirib.
Ümumiyyətlə, Azərbaycanda yeni iş yerlərinin yaradılması ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biridir və iqtisadi inkişafın göstəricilərindən biri də iş yerlərinin yaradılmasıdır. Digər tərəfdən, Azərbaycanın əhalisi artan ölkələrdən olması və bundan irəli gələrək hər il əmək bazarında xeyli sayda işçi qüvvəsinin daxil olması iş yerlərinin yaradılması prosesinin davamlılığını zəruri edir. Lakin pandemiyanın iqtisadiyyata mənfi təsirini nəzərə alanda bu siyasətin cari və ondan sonrakı illərdə də davam etdirilməsi və ya iş yerlərinin qorunub saxlanılmasının o qədər də asan başa gəlmədiyini görmək mümkündür.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır”,-deyə vurğulayaraq hazırkı vəziyyətdə də vətəndaşların işlə təmin edilməsinin vacibliyini bildirib. Bu isə özündə kadrların yeni dövrün tələblərinə uyğun hazırlanması, təhsilin ümumi səviyyəsinin yüksəldilməsi kimi amilləri birləşdirir. Eyni zamanda, Dördüncü Sənaye İnqilabının reallıqları bir çox peşələrə tələbatı aradan qaldırmaqla yeni yeni ixtisaslı mütəxəssislərə ehtiyac yaradır. Bu baxımdan Prezident İlham Əliyevin müasir texnologiyaların yaratdığı reallıqları nəzərə alaraq təhsil sahəsində qarşıya konkret vəzifələr qoyması işsizliyin aşağı səviyyədə saxlanılmasına xidmət edir: “O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. ...Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik”.
Burada problem heç şübhəsiz ki, yerli əmək bazarının ölkənin inkişaf istiqamətləri ilə uyğunsuzluq təşkil etməsidir. Bu da həm işsizliyin artmasına, həm də ixtisaslı kadr çatışmazlığının yarana bilməyəcəyinə şərait yaradan amildir. Ölkə başçısı isə sözügedən qəbulda məsələnin aktuallığını, eyni zamanda, həll yollarını ortaya qoydu. Yerdə qalır aidiyyəti orqanların üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərməli.
Bu gün ölkədə yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, mövcud iş yerlərinin qorunub saxlanılmasına verilən əhəmiyyət beynəlxalq reytinq agentliklərinin də proqnozlarında öz əksini tapmaqla əmək bazarında sabitliyin gələcəkdə də davam edəcəyinə əminlik yaradır.
Ceyhun Piriyev, “İki sahil”