04 avqust 2020 15:15
933

Ermənistandakı diktatura rejimi ölkəni iflas həddinə çatdırıb

Nikol Paşinyan niyə Sorosun bicbalasına çevrildi?

 

Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının uğursuzluğu artıq davamlı xarkter alıb. O, bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini və acgözlüyüynü bildirir. Müxalifət iddia edir ki, Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün Ermənistanda dövlət idarəetmə sistemi xaosa sürüklənib.

Paşinyanla münaqişədən sonra ölkəni tərk edən Milli Təhlükəsizlik Xidmətinin(MTX) keçmiş direktoru və «Vətən» İnkişaf Fondunun Himayəçilik Şurasının sədri Artur Vanetsyan mətbuata müsahibəsində bildirib ki, hakimiyyətin ali eşelonlarında qarşıdurma dərinləşməkdədir. Ermənistan hökumətinin Rusiya ilə gərgin münasibətləri fonunda ölkədəki böhran daha da ciddiləşib. Ermənistanda nəşr edilən «Fakt» qəzetinin məlumatına görə, siyasi dairələrdə bir neçə variant müzakirə olunur və onlardan biri Ermənistan prezidenti Armen Sarkisyana aiddir. Qəzetin yazdığına görə, Paşinyan hakimiyyətdə olduğu  iki il ərzində cəmiyyətlə bütün körpüləri yandırıb və bütün mümkün sərhədləri aşıb. Salamat qalmış yeganə «körpü» prezident Armen Sarkisyanla əlaqədir ki, Nikol hazırda bundan istifadə etməyə çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin silah şöbəsinin rəisi Artak Torosyan saxlanılaraq, ondan sabiq MTX rəisi və müxalif «Hayrenik» partiyasının sədri Artur Vanetsyana qarşı yalan şahidlik etməsi tələb edilib. «Hraparak» qəzeti yazır ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunsa da, məsələnin absurd olması ordan irəli gəlir ki, həmin silah MTX anbarında tapılıb. MTX-nın sabiq rəisi Artur Vanetsyan bildirib ki, fəal siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı hər vasitə ilə cinayət təqibini həyata keçirir. Hüquq müdafiəçisi Arsen Babayan yazır ki, A.Vanetsyana qarşı siyasi təqib həyata keçirilir. N.Paşinyanın şəxsi iradəsini və təşəbbüslərini həyata keçirən hüquq-mühafizə sisteminin   əsas funksiyası isə sanki  müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdən ibarətdir. İctimai fəal Manuel Manukyan yazır ki, Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur.

Vurğulayaq ki, Ermənistandakı daxili siyasi vəziyyətin gərginləşdiyini sübut edən daha bir fakt yalnız bir günün içində – Nikolun üç güc strukturunun rəhbərini - Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanı və Ermənistan polisinin rəisi Arman Sarkisyanı işdən çıxarması olmuşdur.

Bəzi iddialara görə, çətin vəziyyətə düşən N. Paşinyan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb, ondan bəzi məsləhətlər alıb. Məhz bu görüşdən sonra onun yuxarıda qeyd olunan şəxsləri vəzifələrindən kənarlaşdırması da Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bunun ardınca Ermənistan parlamentindəki ikinci ən böyük siyasi qüvvənin - 132 deputatdan 25-ni təmsil edən «Çiçəklənən Ermənistan» müxalifət partiyasının sədri Qaqik Sarukyan Nikol Paşinyan və hökumətinin istefasının vacibliyini bəyan edib: «Mən əvvəl deyirdim ki, hökumətin tərkibinin 97 faizini dəyişdirmək lazımdır. Ancaq bu gün uğursuzluqları görərək deyə bilərəm ki, bu hakimiyyətin kadrlarının 97 yox, 100 faizi dəyişməlidir, çünki onlar bütün sahələrdə uğursuz olduqlarını sübut etdilər.»

Artıq Sarukyanın istefa çağırşlarına və sərt tənqidlərinə dözməyən Paşinyan deputat mandatını əlindən almaqla onu həbsə atdırdı. Eyni zamanda, Ermənistan parlamentində təmsil olunan üçüncü böyük siyasi qüvvə -  «İşıqlı Ermənistan» partiyası (17 deputat) da hesab edir ki, Ermənistan hökuməti islahatlar aparmaq iqtidarında deyil. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Hətta Nikol Paşinyanın ailəsi ölkədəki siqaret qaçaqmalçılığının başında durur. Bundan başqa o, ciddi şəkildə quldurluqla məşğuldur. Belə ki, onun tapşırığı ilə zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilirlər ki, Paşiyan ailəsinin yaratdığı fonda maliyyə vəsaiti köçürsünlər.

Ermənistan bu gün həm də Soros fondunun bicbalası rolunda çıxış edir. Xüsusilə Nikol Paşinyan və ətrafı bu qaragüruhçu və avantürist fondun təsiri altında olan adamlardan ibarətdir. Ermənistan hökumətinin, parlamentinin və məhkəmə hakimiyyətinin əsas postlarında Sorosun uşaqları oturub. Məhz bu barədə Prezident İlham Əliyev iyulun 29-da Balakən regional «ASAN xidmət» mərkəzinin açılışında çıxışı zamanı deyib ki, heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir: «Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Aydın məsələdir ki, Ermənistanda baş vermiş «inqilab» Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib.»

 Ölkəmizin başçısı KTMT üzvlərinə səslənərək onlara Soros fondunun Ermənistanı işğal etməsi faktına da diqqət etməyi tövsiyə edib: «Bu , KTMT-yə yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.»

Ölkəmizin başçısının Ermənistanın müttəfiqlərinin bu ölkənin riyakarlığı barədə xəbərdarlıqları və faktlarla ifşası siyasi şərhçilər üçün ciddi mövzuya çevrilib. Məsələn, Prezident İlham Əliyev çıxışında məntiqə söykənərək soruşur: «Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı «çıxış»dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. «Çıxış!», haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti! Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır.» 

Elçin Zaman, «İki sahil»