Koronavirus pandemiyası (COVID-19) səbəbindən dünya ölkələrinin əksəriyyətində sosial və iqtisadi layihələr dayandırıldığı halda Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönələn layihələrin həyata keçirilməsi davam edir. Belə ki, Prezident İlham Əliyevin ötən ayın sonunda regionlara səfəri çərçivəsində açılışı olan obyektlər regionların sosial-iqtisadi inkişafının templərinin davamlılığının bariz göstəricisidir.
Belə ki, Şəki şəhərində, Qəbələ, Qobustan və İsmayıllı rayonlarında koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışının edilməsi, yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun, Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun, İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun, Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilməsi pandemiyadan irəli gələrək gəlirlərin azalmasına baxmayaraq bunun regionlarda sosial-iqtisadi infrastrukturun yaradılması prosesinə əngəl törətmədiyindən xəbər verir.
Eyni zamanda, cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib ki, bu da infrastruktur layihələrinin ölkənin bütün ərazilərində reallaşdırılmasının göstəricisidir.
Ümumiyyətlə, bu ilin birinci yarısında ölkədə əsas kapitala 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilsə də vəsaitlərin 58,8 faizini daxili vəsaitlər təşkil edib Əsas kapitala yönəldilmiş vəsaitlərin 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib. Bu isə onu deməyə əsas verir ki, pandemiya dövründə belə, investisiyaların əksər hissəsini müəssisə və təşkilatların vəsaitləri təşkil edir.
Digər tərəfdən, Prezident İlham Əliyevin son səfərləri çərçivəsində İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirakı, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olması regionlarda əhəmiyyətli infrastruktur layihələrinin icrasının bundan sonra da davam edəcəyini nümayiş etdirir.
Bundan başqa, ölkə başçısının Balakən regional “ASAN xidmət” mərkəzinin açılışındakı nitqində “Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin”,- deyə, vurğulaması Prezident İlham Əliyevin regionlara səfərlərinin əsl mahiyyətini nümayiş etdirir. Başqa sözlə, dövlətimizin başçısının regionların inkişafındakı rolu təkcə göstərişlərlə yekunlaşmır, həm də yerlərdə onun icrası ilə tanış olmaqla nəzarəti də əhatə edir.
Pandemiya dövründə ölkədə yalnız prioritet istiqamətlər üzrə layihələrin həyata keçirildiyini nəzərə alanda, regionlarda icra edilmiş sözügedən layihələrin nə dərəcədə əhəmiyyət daşıması məlum olur. Belə ki, ölkə başçının 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans formatında müşavirədəki nitqində dövlət xərclərinə yenidən baxılmasının və prioritet təşkil etməyən xərclərin ixtisar edilməsinin vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev dövlət investisiya xərclərində iki əsas amili nəzərə almağı vacib hesab edib. Bunlardan biri məşğulluq, digəri isə bu layihələrin iqtisadiyyatın real sektoruna olan təsiridir. Aydın məsələdir ki, dövlət investisiya xərclərinin kəskin azalması məşğulluğa da öz təsirini göstərir. Digər tərəfdən, dövlət investisiyaları hesabına reallaşdırılacaq layihələr iqtisadiyyatın real sektoruna öz töhfəsini verməlidir. Bu mənada ötən müddət ərzində reallaşdırılmış layihələrə nəzər yetirdikdə, onların əsas mahiyyət etibarilə məşğulluğun təmin edilməsi məqsədi daşıması da ortaya çıxır. Məlum məsələdir ki, pandemiyanın iqtisadiyyata mənfi təsiri əhalinin, xüsusilə də bölgələrdə yaşayanların məşğulluğunun təmin edilməsini ön plana çıxarır. Həmçinin COVID-19-la mübarizənin bir nömrəli məsələ olduğunu nəzərə alanda, xüsusən də ölkə başçısının səfər etdiyi 5 rayon və şəhərdən 4-də koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların istifadəyə verilməsi sosial amilə verilən əhəmiyyəti nümayiş etdirir.
Ceyhun Piriyev, “İki sahil”