04 avqust 2020 19:26
1180

Bakıda işləyənlərin orta aylıq əməkhaqları 20 faiz artıb

2020-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz  azalaraq 14,8 milyard manat təşkil edib. Sənaye məhsulunun 74,8 faizi mədənçıxarma, 22,3  faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,9 faiz təşkil  edib.

Bakı Şəhər Statistika İdarəsindən "İki sahil"ə bildirilib ki, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 iyul  2020-ci il tarixinə 282,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

2020-ci ilin yanvar-iyun aylarında paytaxtın tikinti müəssisələri  tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.   

Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 5 milyard 154,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,6 faiz azalaraq 5 milyard 79,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 29,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bu ilin birinci yarısında paytaxtın ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 50,6 faiz azalaraq 238,6 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 63,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 36,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz azalaraq 153,7 milyon manat olub.

2020-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,3 faiz azalaraq 1 milyard 949,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 273,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 65,3 faizini təşkil edib.

Əmək haqqına gəlincə, yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqları 2019-cu ilin müvafiq dövrünə nisbətən 19,8 faiz artaraq 984 manat təşkil edib.