11 avqust 2020 17:56
829

Sosial-iqtisadi siyasət inkişafın tələblərinə tam cavab verir

Xəbər verildiyi kimi, avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Dövlət başçısı İlham Əliyev müşavirədə həm ilin ilk 6 ayının yekunlarına baxmaq nöqteyi-nəzərindən, həm də koronavirusla mübarizə dövründə ölkənin əldə etdiyi sosial-iqtisadi nəticələrlə bağlı olduqca maraqlı təhlillər aparıb.

Pandemiya dövründə sosial siyasətin davam etdirilməsi sahəsində uğurlar göz qabağındadır. Müşavirədə səsləndirilən faktlar və təhlillər bir daha rəy yaradır ki, cari ilin ilk 6 ayında Azərbaycanın dövlət strukturlarının bütün istiqamətlərində fəaliyyəti əvvəlki dövrlərdə seçilmiş kursun davamı olmaqla yaranmış şəraitə uyğun yeni istiqamətlər də kəsb edib. Xüsusilə də sosial və iqtisadi sahələrdə əldə olunmuş nailiyyətlər oxşar vəziyyətlərdə olan istənilən bir ölkə ilə müqayisədə çox təqdirəlayiqdir. Təkcə onu demək kifayətdir ki, həm koronavirusla mübarizə dövründə iqtisadi fəallığın azalması, həm də neftin qiymətinin aşağı düşməsi səbəbi ilə iqtisadiyyatın artımına mənfi təsirlər olmasına baxmayaraq, yenə də iqtisadi inkişaf templəri baxımından Azərbaycan əksər ölkələri üstələyib.

Dövlət başçısı İlham Əliyev çıxışında bildirib ki, başqa ölkələrdə ən müxtəlif səbəblər, xüsusilə də koronavirusun təsiri nəticəsində iqtisadi tənəzzül daha böyük, hətta ikirəqəmli hədlərlə ölçüldüyü halda, bu göstərici Azərbaycanda 2,7 faizə bərabər olub. Yəni əhalisi, ərazisi, təbii ehtiyatları və dünyanın siyasi-iqtisadi inteqrasiya sistemlərində mövqeləri Azərbaycandan qat-qat güclü olan bəzi ölkələrdə iqtisadi tənəzzül hətta 10-15 faizdən yuxarı olduğu halda, Azərbaycanda cəmi 2,7 faiz olması çox müsbət bir nəticədir. Son illər ərzində aparılan islahatlar və struktur dəyişiklikləri nəticəsində ölkənin dayanıqlı iqtisadiyyatının əsasları yaradılıb. Sosial sahədə ilin əvvəlindən müəyyənləşmiş layihələrin heç birinin ixtisara salınmaması ölkənin sosial siyasət kursunda ardıcıl olduğunu göstərir.

Belə ki, sadəcə keçən il müharibə əlillərinə və şəhid ailələrinə 934 mənzil verilib, bu il isə verilən mənzillərin sayı 1500-ə çatıb. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə daha 946 mənzilin verilməsi planlaşdırılıb. Heç bir sosial layihənin ixtisara salınmaması əhalinin ən müxtəlif təbəqələrinə sosial dəstəyin göstərilməsi, sosial rifaha və məşğulluğa dövlət dəstəyinin ifadə edilməsi, ehtiyacı olan on minlərlə insanlara pulsuz mənzillərin verilməsi, şəhid ailələrinə, milyon yarımdan artıq insana hətta işləmədiyi halda dövlət və özəl sektorda əməkhaqqının 80 faizdən çoxunun dövlət hesabına ödənilməsi və s. Azərbaycanın bu ağır koronavirus dövründə də məqsədyönlü, sistemli fəaliyyət göstərdiyini bir daha ortaya qoydu.

Dövlət başçısı müşavirədə, həmçinin özəlləşmənin yeni mərhələsinin artıq başlandığını bəyan etdi. Artıq bu mərhələdə, eyni zamanda, sovet dövründən qalmış və bu gün istifadəsiz vəziyyətdə olan bir sıra dağılmış obyektlərin məhz özəlləşmə xətti ilə, həm də xarici kapitalın fəal iştirakı ilə özəlləşməyə açılması ondan xəbər verir ki, Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında ciddi səylə çalışır. Doğurdan da yarıtmaz fəaliyyət göstərən köhnə şirkətlərin, sovet dövründən qalmış, dağılmış obyektlərin yenidən həm daxili, həm də xarici kapitalın birgə iştirakı ilə hərəkətə gətirilməsi ölkəmizin iqtisadiyyatı üçün çox mühüm bir inkişaf mənbələrindən biri olacaqdır. İctimai nəzarətin təşkili sahəsində Prezidentin dedikləri bu proseslərə ictimaiyyətin də böyük dəstək verməsi üçün yeni imkanların açılmasını vəd edir. Eyni zamanda, bir daha göstərir ki, indiyə qədər Prezidentin yürütdüyü siyasət həm xalqın mənafelərinə uyğun olub, həm də bundan sonra aparılacaq proseslərdə xalqın gücünə, ictimaiyyətin nəzarətinə söykənmək iradəsini bir daha ortalığa qoyur. Ümumən, pandemiya ilə mübarizə dövründə ölkəmizin həyata keçirdiyi sosial-iqtisadi siyasət öz nəticələrinə və miqyasına görə çox əhatəlidir və Azərbaycan dövlətinin perspektiv inkişaf tələblərinə tam cavab verir.

Cavid Əkbərov, “İki sahil”