21 avqust 2020 17:57
1004

Diasporla İş üzrə Dövlət Komitəsi Qarabağ həqiqətlərini dünyaya yayır

Diasporla İş üzrə Dövlət Komitəsinin son illər həyata keçirdiyi mühüm layihələr Qarabağ həqiqətləri haqqında istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinin maariflənməsi işinin coğrafiyasını xeyli genişləndirib.

Komitənin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzi ilə birgə layihəsi olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr edilib.

Verilişdə müxtəlif xarici ölkələrdən olan gənclərin suallarına cavab verilib və DQMV-nin yaradılması, Qarabağın süni şəkildə dağlıq və aran hissələrə bölünməsi və s. kimi mətləblərə aydınlıq gətirilib.

Yeni açılan və Diaspor TV-də yayımlanması nəzərdə tutulan “Qarabağ saatı” verilişinin məqsədi son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən ərazi iddiaları, etnik təmizləmə və soyqırımı cinayətləri haqqında gerçək tarixi faktlara əsaslanaraq maarifləndirmə və təbliğat işləri aparmaq, xüsusilə indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə, onun ağır nəticələrinin aradan qaldırılmasına, xüsusilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına nail olmaq üçün Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Verilişin aparıcısı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur. //AZƏRTAC