23 sentyabr 2020 10:19
942

“Çınqıllı”nın suyu xarici ölkələrə də çatdırılacaq

Alimlər mineral sularının zənginliyinə görə Naxçıvan Muxtar Respublikasını hidrokimyəvi muzeyə bənzədirlər. Ona görə ki, bu gün diyarımızda 250-dən çox mineral su mənbəyi var. Bu bulaqlar tərkibinə görə müxtəlif tiplidir və onların sularından təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir.

Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti var. Belə bulaqlardan biri də Şahbuz rayonunun Keçili kəndi ərazisində çağlayan “Çınqıllı” bulağıdır. Mənbəyini Zəngəzur dağ silsiləsinin ətəklərindən götürən “Çınqıllı” bulağı Tanrının bu yurd yerinə bəxş etdiyi qiymətli sərvətlərindən biridir. Söyüd ağacının altında, dağların qoynunda yerləşən “Çınqıllı” bulağının diş göynədən suyu min illərdir ki, insanlara sərinlik və şəfa bəxş edir. Onu da qeyd edim ki, bu əraziyə gediş-gəliş o qədər də asan deyil. Yəni suyun mənbəyinə getmək üçün maşından düşüb təpələrdən, dərələrdən keçməlisən. Əlbəttə, bu əziyyətdən sonra bulağın saf suyundan içib yorğunluğu çıxartmağın ayrı ləzzəti var. Həm də düşünürəm ki, “Çınqıllı” suyu dadı-tamı ilə cazibə qüvvəsinə malikdir. Yəqin bu səbəbdəndir ki, muxtar respublikaya ta qədimdən qonaq gələn tanınmış adamlar bu bulağa gəlib suyundan içməyi özlərinə şərəf sanıblar. Ümumiyyətlə, hər il yaz-yay aylarında bu məsafəni qət edib “Çınqıllı” bulağının ətrafında dincəlməyə üstünlük verənlər çoxdur. Daimi bulağın ətrafı qonaqlı-qaralı olur. Buraya gələnlər təkcə bulağın ətrafında qoyulan oturacaqlarda deyil, ərazidəki otların, qayaların üzərində də süfrə açır, şəkil çəkdirib paylaşmaqdan zövq alırlar.

Bəzi mütəxəssislər “Çınqıllı” suyunu mineral bulaq kimi təqdim edirlər. Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli bildirdi ki, bu suyun tərkibində minerallaşma dərəcəsi 0,5 olduğuna görə mineral su qruplarına aid etmək olmaz. “Çınqıllı” soyuq sular qrupuna aiddir. O qeyd edib ki, 34-56 milyon il bundan əvvəl yer səthinə çıxan “Çınqıllı” sabit temperatur layından aşağıdan çıxdığına görə temperaturu daimi 8-12 dərəcədə olur. Bu da onun oksigenlə zənginliyini göstərir. Bu isə insan orqanizmi üçün çox xeyirli göstəricidir. Ümumiyyətlə, “Çınqıllı” suyunun tərkibində qan üçün lazım olan bütün mikroelementlər mövcudur. Nazim Bababəyli deyir ki, bu suyu qaynatmadan içmək daha insan orqanizmi üçün daha xeyirlidir.

Sevindirici haldır ki, artıq “Çınqıllı” bulağının suyu istehsala cəlb olunub. Bu gün nəinki muxtar respublika sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan sakinlər bu sərvəti almaq imkanı qazanıblar. Süfrələrimizə bu suyu çatdıran dövlət qayğısı ilə 10 il bundan öncə fəaliyyətə başlayan “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Təyyar Əsgərov bildirir ki, cari ilə qədər burada 2 çeşiddə - 0,5 və 1, 5 litrlik butulkalarda su buraxılırdı. Hazırda müəssisəyə müasir avadanlıqlar alınıb quraşdırılıb. İstehsal avtomatdırılmış qaydada həyata keçirilir. Sözsüz ki, müasir avadanlıqların quraşdırılması çeşidin artırılmasına da şərait yaradıb. 6 çeşiddə məhsul istehsal olunur. Yaxın günlərdə isə şüşə və plastik butulkalarda 330 qramlıq qazsız və qazlı suyun da istehsalına başlanacaq. Müəssisədə bu ilin ötən aylarında 75 min litr və ya 30 min manatlıq su istehsal olunub.

İcraçı direktor bildirdi ki, artıq “Çınqıllı” bulağının suyunun xarici ölkələrə də ixracı planlaşdırılır. Yəni tezliklə İsrail və Ərəb ölkələrinin alıcıları da bu əvəzsiz suyu əldə etmək imkanı qazanacaqlar. Və əlbəttə ki, ilbəil xarici ictehlakçıların sayı da artırılacaq.

Bəli, milyon illərdir ki, axıb çaya, dərəyə gedən bu əvəzsiz nemət indi süfrələrimizi bəzəyir. Həmçinin meridanlar aşaraq xarici ölkələrə çatdırılaraq Naxçıvanın şöhrətini daha da artıracaq.

Hafizə Əliyeva,

Naxçıvan Muxtar Respublikası Televiziya və
Radio Verilişləri Komitəsinin redaktoru