01 oktyabr 2020 17:27
543

Ali Baş Komandan düşməni siyasi arenada da məğlubiyyətə uğratdı

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.  Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Ermənistan tərəfi yenə də Azərbaycan Prezidenti tərəfindən tutarlı tarixi faktlar əsasında ifşa edildi. Nikol Paşinyanın həmin televiziya verilişindəki uğursuzluğu onun cəbhədəki uğursuzluğunu tamamlayırdı.

Televiziya tamaşaçılarının Azərbaycan Prezidentindən eşitdikləri cavablar isə təkcə məntiqinə, tarixi faktlarla əsaslandırıldığına və siyasi-diplomatik baxımdan mükəmməlliyinə görə deyil, həm də dil və publisistika baxımından hamı üçün anlaşılan, əlçatan idi. Prezident İlham Əliyevin cavablarını eşidən auditoriya ondan sonrakı natiqin – Paşinyanın heç erməni tamaşaçılarının da başa düşə bilməyəcəyi tərzdə danışdıqlarını ironiya ilə qarşılayırdı. Azərbaycan Prezidenti dünya ictimaiyyətinə növbəti dəfə xatırlatdı ki, Ermənistanın 27 sentyabr tarixli təxribatı yeni ərazilər işğal etmək üçün düşünülmüş xain planın tərkib hissəsi idi. Prezident qətiyyətlə dedi ki, biz bu təxribatın qarşısını alarkən təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik: “Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub”.

Politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində səsləndirdiyi fikirləri “İki sahil”ə şərh edərkən bildirib ki, dövlətimizin başçısının "Rossiya-1 telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı dünya birliyinin hazırda davam edən müharibə barədə daha geniş məlumat alması baxımından böyük əhəmiyyətə malikdir: “Çünki Ermənistan döyüş meydanında uduzduğu üçün yalan xəbərlər tirajlamağa, üçüncü dövlətləri müharibəyə cəlb etməyə çalışır.  Prezident İlham Əliyev isə öz çıxışı ilə rəsmi İrəvanın yalanlarını növbəti dəfə ifşa etmiş oldu. Ermənistanın istəyi yalan xəbərlərlə Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəf olduğuna dair təsəvvürlər yaratmağa yönəlmişdi. Paşinyan hesab edirdi ki, bununla müttəfiqlik etdiyi ölkələrin ona yardım etməsinə nail ola bilər. Prezident isə qəti şəkildə bəyan etdi ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır və qardaş ölkənin  münaqişədə iştirakı barədə bir sübut belə yoxdur. Əksinə, Ermənistan nümayişkaranə şəkildə Livan və Suriyadan erməni döyüşçüləri Qarabağa yığır və bunu pərdələmək üçün dünya ictimaiyyətini yalan xəbərləri ilə aldatmağa çalışır. Cənab Prezident “60 dəqiqə” proqramındakı çıxışı ilə Ermənistanın təbliğat maşınını darmadağın etdi desək yəqin ki, yanılmarıq”.

Politoloq əlavə edib ki, qardaş Türkiyə Prezidenti, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda Türkiyə qədər yanımızda olmaqda qəti mövqe nümayiş etdirən ikinci ölkə Pakistandır ki, buna görə də onlara minnətdarıq.  Ölkə rəhbərliyi də, Azərbaycan xalqı da yanımızda kimin olduğunu görür və təbii ki, bunu da heç vaxt unutmayacaqdır. ”

Həmsöhbətimiz  qeyd edib ki, ordumuz döyüş meydanında düşməni məğlubiyyətə uğratdığı kimi, Prezidentimiz də siyasi arenada düşməni məşğul etdi. Cənab Prezident tərəfindən hələ “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasından başlamış və sonra MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında, daha sonra  Münxendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında davam etdirilən ard-arda zərbələr  “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında bir daha təkrarlandı və bütün dünyaya iki dövlət və iki lider arasındakı fərqi nümayiş etdirdi.  Müstəqil ekspertlərin və hətta dünənə qədər Ermənistan mövqeyindən çıxış edən rusiyalı ekspertlərin də etiraf etdikləri kimi cənab İlham Əliyev son çıxışı ilə Paşinyanın bütün arqumentlərini məhv etdi. Çünki cənab Prezident haqqı və haqlı tərəfin mövqeyini ifadə edir, Paşinyan isə cinaytkar rejimin təmsilçisi olaraq cinayətlərini ört-basdır etməyə çalışır və buna görə də isterik vəziyyətə düşür.

Göründüyü kimi, beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi. “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun  məlum proqram haqqında şərhi isə  belədir: “Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”.

Yaqut Ağaşahqızı, “İki sahil”