Döyüşlərdən uzaqlarda olsaq da, ürəyimiz döyüşlərdə güllə atanlarımızla güllə atır, mərmi atanlarımızla mərmi. Yaralananlarımızı döyüşün içindən çıxardanlarımızın sırasında olmuşuq, yaralılara yardım edənlərə yardımçı olmuşuq. Bu, müharibə deməkdir. Məmləkətimizdə müharibə gedir. Düşmənin hücumunun qarşısını alan, əks-hücum əməliyyatını torpaqlarımızı işğaldan azad edəcək döyüşlər kimi davam etdirənlərimizlə kəlmələşəcəyim anlara tələsirəm...
Dağları bürüyən dumana görə təbiəti qınayaqmı, qınamayaqmı? Necə qınayaq? - bəşərin təbiətə hökm etmək qüdrəti yoxdur. Necə qınamayım? - bəşəriliyə xidmət edənlərin yoluna çökülən duman işğalçıları güllələrdən, mərmilərdən daldalaya bilər...
Ruhu ucalıqlar pərvanəsi olanların sırasındayam, illəri belə yaşamışam.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə döyüşlə həll edən əsgərlərimizin nəfəsiylə daha da ululaşan ucalıqda baxışlarım qeyrət baxışlarla, qüdrət baxışlarla, qəhrəman baxışlarla qoşalaşıb. Bu, təkcə ucalığın hökmü deyil, həm də torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərdə qazanılan qələbələrin ovqatının hökmüdür. Bu ovqat qələbənin ovqatıdır, qələbə ovqatıdır. Üzü göylərə sarı “Dünyaya döyüş əmrini yerinə yetirmiş əsgərlərimizin əhatəsindən baxmaq səadətinə sığınmaq da səadətdi, Vətən!”, - deyirəm. Kəlmələrimi zabit Elçin Quliyevin xoş təbəssümü tamamlayır. “Əsgərlərimiz bu ucalıqdan düşmənə yuxarıdan aşağı baxır”, - bu qətiyyət qələbənin hökmüdür, qələbə qazananların qələbə ruhunun hökmüdür.
Birinci Qarabağ döyüşlərində də əsgərlərimizin əhatəsində qələbə ovqatı yaşadığım anlar çox olub. Bu gün qələbələrimizin qanadlı ovqatını tamam ayrı biçim yaşayıram. Bu bənzərsiz ovqat işğalı sonlandıracaq döyüşün bir hissəsi olduğuna görəmi belədir, bir az əvvəl düşmənin neçə-neçə döyüş texnikasını, yük maşınını, yük maşınıyla dolu canlı qüvvəsini məhv edənlərin təvazökarlığını bürümüş qürura görəmi?
Dağların dumanı çiynindən sürüşür...
Baxışlarım dumansız dağların o üzünə baxanların baxışına sarmaşıb...
Bu ucalığa yardım göndərilən yük maşınıyla gəlirdik. Arxamızca, bizimlə dabanbasaraq bir minik maşını gəlirdi. Arada sürücü bizə əl edirdi - uğurlayırdı bizi. 10 AD 071 dövlət nömrə nişanlı minik maşını elə bil bizi tapşırılmadan, zərurət olmadan yola salırdı. Mövqelərə çatmamış dayanmışdıq. O maşının sürücüsündən kimliyini soruşmuşdum. Ərklə əlini çiynimə qoyub “Azərbaycan vətəndaşıyam”, - demişdi. O anlarda yaşadığım ovqatın eynini sizin əhatənizdə yaşayıram” deyirəm. “Sürücüylə kəlmələşəndə “Ordu xalqın ordusudu, bu döyüş xalqın döyüşüdü. Qələbələr xalqın qələbəsidi”, - düşünmüşdüm. Bu söhbət zabitlərin də, əsgərlərin də könlünü bir az əvvəl qazanılmış qələbə ovqatı qədərincə silələyir. Zabit Elçin Quliyev gözaltı dağlara çökməkdə olan dumanı süzür. Ötəri narahatlıqdı:
- Xalqın dəstəyini görən, nəfəsini kürəyində hiss edən əsgərin qələbə ruhu dönməzləşir. Söhbətləşdiyim kimliyini bildirməyən sürücü xalq adamıdır. Onların ruhu ordunun şəxsi heyətinin ruhu ilə çataqlıdır. Onlar yaxşı bilir ki, əsgərlərimiz əks-hücum kimi başlayan bu döyüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qətiyyətlə həll edən döyüş kimi davam etdirir. Hər qələbə Böyük Qələbə üçündür. Yəni, əsgər və zabitlərimiz hər döyüşü müharibənin son döyüşü bilib döyüşür.
Əsgər Vahid Musayev dumanı dağılmış dağlara sarı baxır və səmimiyyətlə deyir ki, hərbi xidmətə başlayanda hamımız döyüş əmri arzulayırdıq. Əsgər yoldaşlarım tərxis olunanda döyüşlərdə iştirak edə bilmədiklərinə görə təəssüflənirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edildi. Əsgər yoldaşlarımdan səfərbərliyə çağırılanlar da olub. Səmimiyyətimə inanın, çağırılmayanlar çağırılanlara həsəd aparır...
Əsgərlərin bayrağımızı bağrına basması könlümü telləndirir.
Azərbaycan əsgəri qalibiyyət bayrağı bildiyi dövlət bayrağımızı döyüşdən əvvəl də göy üzünə dikəldir, döyüşdən sonra da. Döyüşə dövlət bayrağımızın xeyir-duasıyla gedir, döyüşdən qayıdanda dövlət bayrağımızı öpüb gözünün üstünə qoyur...
Bir az əvvəl döyüş əmrini yerinə yetirənlər - düşmənə ağır zərbələr endirənlər bu ucalıqda dövlət bayrağımızı bir az da ucalığa qaldırır. Bayrağımız bugünkü döyüşün qaliblərinin əllərində bənzərsiz dalğalanır. Bu dalğalanmanı göylərin Azərbaycan əsgərinə xitabən deyilən “Siz var olacaqsınız!” andı bilirəm. “Bu ucalıqda bu qələbə sevinci Cıdır düzünəcən kəsilməz sevinc olacaq. Azərbaycan əsgərinin qələbə sevincinin üstünə yad yellər əsməyəcək! Bu sevinc Şuşada nəfəs dərəcək...” - deyirəm. Zabit Emil Hüseynov düşündürücü və qürurverici bir mətləbdən söz açır:
- Əsgərlərimizin hamısı bu çılğınlıqla, bu istəklə döyüşür. Bu gün də belə döyüşüblər. Sabah da belə döyüşəcəklər. Son döyüşü də bu ovqatla tamamlayacaqlar. Bu əsgərlər qələbənin əsgəridir. Dövlət bayrağına belə sevgini Böyük Qələbəyə zəmanət bilirəm.
Sağımızda, solumuzda dayanıb söhbəti dinləyənlərin baxışlarında oxunan mətləbə qələbə ruhu demək insafsızlıqdır. Bu baxışlara baxıb qazanılacaq qələbənin coşqusunu görə bilərsən, bu baxışlardan boylanıb İsa bulağını, Şuşanı, Ərimgəldini, Ərgünəşi, ... görə bilərsən. Böyük Qələbənin paradında Azadlıq meydanına gətiriləcək bayraqların sırasında bu bayrağın da olacağına əmin olarsan. Bu əminlik də vətənpərvərlikdi. Sənə, mənə, bizə belə bir vətənpərvərlik yaşadan əsgərlər Böyük Qələbənin sevincini də yaşadacaqlar...
Gizir Süleyman Kazımov deyir ki, hərbi xidmətdə də, ordu sıralarına yenidən qayıtdıqdan sonra da bir niyyətlə xidmət etmişəm: torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdə iştirak etmək. Hər birimizin vətənsevərliyimiz döyüş əzmidir, döyüş əzmimiz qələbə ruhudur, qələbə ruhumuz qələbədir.
Kəlmələr ruhuma hopur, düşüncələrimə sarılır; qələbə ruhunun qələbə olması fikrini yaşamaq xoşdur, bu gözəl, bu yaşarı fikri ictimaiyyətə çatdırmaq da, onu qələbə günü Cıdır düzündə qaliblərlə yenidən bölüşmək də...
Müharibədə qəhrəmanlıq təkrar olunmur, qəhrəmanlığın mahiyyəti təkrar olunur. Bu ucalıqda zabit Elvin Şükürlüdən danışırlar. Hər kəlmədə qürur, hər kəlmədə qürurqarışıq qəhər var.
- Döyüşmək, qələbə qazananların sırasında olmaq istəyirdi. Əks-hücum əməliyyatı başlayanda gözdolusu əsgərlərə baxıb. Əsgərlərin tündləşən baxışlarından aldığı mətləb könlünü telləndirib. Əsgərlərə xitabən, “Siz qalib gələcəksiniz!” deyib. Əsgərlər belə bir zabitin döyüş yolunu qətiyyətlə davam etdirirlər...
Onu da deyirlər ki, Elvin Şükürlü Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlayıb. Düşmənin mövqeyinə gedib. Güman ki, atışmağa imkan olmayıb. Elvin dörd düşmənlə əlbəyaxa döyüşüb. Dördünü də öldürüb. Əsgərlərimiz döyüşü belə bir döyüşün, belə bir şəhidliyin ruhu ilə davam etdirirlər.
Zabit Elçin Quliyev belə deyir ki, mayor İlkin Əhmədzadənin də, digər şəhidlərimizin də ruhuna gözaydınlığı verəcəyimiz gün üçün döyüşürük...
Qüruru qəhərinə boy verməyən kəlmələrin ruhumu bürüməsini duyunca neçə illər əvvəl Gədəbəydə belə bir ucalıqda yaşamışdım. Onda bir əsgər qürurla demişdi ki, mən əsgərəm, bütün əmrləri məsuliyyətlə yerinə yetirəcəm. Bir istəyim var: bu ucalıqdan enib döyüşüm, güllələrim düşmənin kürəyində soyusun. O əsgərin istəyini daha çılğınlıqla yaşayanların döyüş əzmini də görürəm, döyüş əzminin yaratdığı qələbə ruhunu da. Bu duyum bir az əvvəl qələbə qazananlara sevgidir, sayğıdır, ehtiramdır. Bu ehtiram bu ucalıqdan döyüş üzünə enməyə niyyətlidir. Bu niyyəti ucalıq, bir də şəhidlərimizin narahat ruhu uğurlayacaq...
Zabit Vaqif Nəhmətov deyir ki, əks-hücum əməliyyatı başlayandan sonra ordu-ictimaiyyət münasibətləri daha da yüksək səviyyədədir. Döyüşçülərimiz ictimaiyyətin maddi-mənəvi dəstəyini də duyğusallıqla hiss edir, kürəyini isidən nəfəsini də. Döyüşdə yaralanan, lazaretdə müalicə olunan əsgər onu yoluxan vətənsevərin “Necəsən?” sualına cavab olaraq “Yaxşıyam” - deyib, masanın üstündəki çörəyi göstərib. Sözünü “Siz göndərdiyiniz çörəyi yeyən əsgər lap tez sağalacaq, döyüşə qayıdacaq. Sonrakı döyüşlərdə mən də iştirak edəcəm” kəlmələri tamamlayıb...
Zabit Rüstəm Abdullayev düşüncələri bunca kövrəkliklə tərpədən, düşüncələri bunca dönməz, bunca yenilməz qələbə ovqatına qovuşduran söhbətə səmimiliklə müdaxilə edir:
- Əsgərlərimiz “Qalibiyyət döyüşündəyik!” deyirlər, “Qələbənin əsgəri olacağıq!” deyirlər...
Üzü göylərə səslənirəm: Azərbaycan əsgəri mərdliklə döyüşür, döyüşdə yaralananlar tez sağalmaq, döyüşlərə qayıtmaq istəyir. Bu, xəlqi ruhun eynidir, xəlqi ruhdur. Bu istək döyüş əzmidir, bu döyüş əzmi qələbə ruhudu, bu qələbə ruhu qələbədir. Dumanı dağıdan xırda qanadlı yellər kəlmələrimi dodaqlarımdan qoparıb uzaqlaşır. Haracan aparacaq, bilmirəm...
Süleyman Kazımov deyir ki, biz istənilən döyüş əmrini qələbə ilə başa çatdıracaq, döyüşə-döyüşə qələbəyə nail olacağıq. Şəhidlərimizin də əvəzindən döyüşürük.
“Mayor İlkin Əhmədzadənin də, baş leytenant Tural Əsgərlinin də, əsgər Röyal Həsənovun da ruhuna gözaydınlığı verəcəyimiz gün üçün döyüşürük”, zabit Emil Hüseynov bir qədər aralıda söhbətləşənlərə baxaraq belə deyir.
Bir az əvvəl döyüş olub, əsgərlərimiz döyüşü qələbə ilə tamamlayıb. Bu ucalıqda biz ora çatınca gözəl bir ovqat yaşanılıb. Bu ovqat bizim də ruhumuzu kükrədib. Bizimlə kəlmələşənlər də var, döyüşün ovqatını ikilikdə, üçlükdə bölüşməyə həvəsiyənlər də. Könülxoşluğuyla, səmimiyyətlə qələbədən danışırlar.
“Şəhid yoldaşlarımızın qisasını almışıq, sonrakı döyüşlərdə tanımadığımız şəhid qardaşlarımızın qisasını da alacağıq” - zabitlər də, əsgərlər də belə deyirlər, döyüşü Böyük Qələbənin son döyüşü bilib döyüşürlər. “Biz işğalın son nəfəsinə kimi vuruşacağıq”. - Azərbaycan əsgəri bu niyyətlə döyüşür!..
Madagiz düşməndən azad edildi...
Mübariz İbrahimovun qəhrəmanlıqla şəhid olduğu mövqe düşməndən təmizləndi...
Cəbrayıl rayonu düşməndən azad edildi...
Hər biri ayrılıqda ruhumuzun mənəvi salavatıdır...
Biz səngərlərdən uzaqlarda qələbələrin ovqatını belə yaşayırıq. Görəsən, bu qələbələr əks-hücum əməliyyatında iştirak edən əsgər və zabitlərimizin qələbə ruhunu hansı səviyyədə kükrədib? - Sorğunu özüm cavablandırıram: Böyük Qələbə səviyyəsində!..
Heç kim heç zaman ucalıqdan enmək istəməz. Müqəddəs niyyət üçün, Vətən üçün, torpaq üçün ucalıqdan döyüş üzünə enmək müqəddəslikdir...
“Torpaqlarımızı işğaldan tamamilə azad edəcəyik!” - Azərbaycan əsgərinin döyüş andı belədir!..
Rəşid Faxralı