Düşmənin ekoloji terroru səbəbindən uzun müddət susuz qalan torpaqlara Suqovuşan kəndinin işğaldan azad olunması ilə yeni həyat gəldi
Rəşadətli Milli Ordumuz tərəfindən erməni qəsbkarlarının işğalından azad edilən Azərbaycanın dilbər guşəsi - tarixi Suqovuşan kəndində şanlı üçrəngli bayrağımız dalğalanan gün cəmiyyətimizlə bərabər təbiətimiz də sevindi. Axı Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarı işğal altında olduğu müddətdə Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında onminlərlə hektar torpaq sahələri suya həsrət qalmışdı. Suvarma mövsümünün ortasında fermerlərin əziyyətlə becərdikləri pambıq sahələrinin xeyli hissəsi susuzluqdan yanırdı, məhsuldarlıq aşağı düşürdü. Bununla yanaşı, suyun qarşısının alınması Tərtərçayda kəskin ekoloji problemlər yaratmışdı. Bəli, müzəffər Milli Ordumuz Suqovuşanın geri qaytarılması ilə yanaşı, həm də düşmənin Azərbaycan təbiətinə qarşı 30 ilə yaxın davam edən ekoloji terroruna da son qoymuş oldu.
Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdi. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Lakin ümumi həcmi 5,86 milyon kubmetr tutumu olan bu su anbarı 1994-cü ilin aprel ayında erməni ordusu tərəfindən işğal olunmuşdu. Uzun illər idi ki, Tərtərçaya da su gəlmirdi. Buna səbəb Suqovuşan ərazisinin ermənilərin işğalı altında olması idi. Artıq Suqovuşan su anbarından Tərtərçay çayına suyun ötürülməsi ilə tarixi ədalət bərpa olunub. Hazırda çaydan saniyədə 11-12 kubmetr su keçir. Ümumilikdə 96 217 hektar torpaq sahələrinin su təminatında yaranmış ciddi çətinliklər aradan qaldırılıb.
Bununla yanaşı, 26 ildən çox doğma el-obalarının həsrəti ilə yaşayan Tərtərin Suqovuşan və Talış kəndlərinin sakinləri də indi tarixi torpaqlarına getmək üçün günləri sayırlar. Susuz qalan torpaqlarımız kimi, tezliklə onlar da öz arzularına qovuşacaqlar.
Erməni qəsbkarlarının beynəlxalq konvensiyaların tələblərini heçə sayaraq ekoloji tarazlığa vurduqları zərər də aradan qaldırılır. Tərtərçay çayında suyun artması nəticəsində Tərtər rayonu üzrə Şıxarx, Buruc, Ələsgərli, Bayandur, Yenikənd, Əskipara, Sarıcalı, İsmayılbəyli, Qaynaq, İlxıçılar, Qazyan, Qapanlı, Səhləbad, Qaraağacı, Həsənqaya və digər kəndlərin, Bərdə rayonunun Qasımbəyli, Körpüsındıran, Muğanlı, Kələntərli, Əmirli, Şirvanlı və başqa kəndlərinin, Yevlax rayonunun isə bir sıra ərazilərinin əkin sahələrinin suvarılma problemləri artıq həll olunmaqdadır. Bu isə adıçəkilən rayonlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, əkin sahələrinin genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Kənd təsərrüfatı və meliorasiya mütəxəssislərinin fikrincə, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaqdır.
Onu da qeyd edək ki, məşhur İstisu kurortu Tərtərçayın yuxarı axım hissəsindədir. Burada 31 bulaq var. Həmin bulaqların suyu öz kimyəvi tərkibinə görə Çexiyanın Karlovı Varı, Şimali Qafqazın Yessentuki mineral bulaqlarına oxşayır. Hərbi ekspert, polkovnik Şair Ramaldanova görə, Suqovuşan şimal istiqamətində irəliləmə və əraziyə nəzarət baxımından olduqca önəmli rola malikdir. "Bu həmin dağlıq bölgədə nəzarət altına alınan ilk yaşayış məntəqəsidir və Ağdərəyə gedən yolu demək olar ki, tam şəkildə bağlayır… O biri tərəfdən ətrafda olan əraziyə nəzarət imkanları verir."
Xalqımız əmindir ki, Milli Ordumuzun növbəti dəfə azad edəcəyi bu torpaqlarımızda və qədim Şuşamızda, Xankəndidə tezliklə ücrəngli şanlı bayrağımız dalğalanacaq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Nurəddin Muğanlı, “İki sahil”
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür