26 oktyabr 2020 20:18
958

Bizi birləşdirən lider

Bu günlər hamımız Qələbə üçün nəsə etmək istəyirik. Tariximizin ən şərəfli günlərini yaşadığımızdan kiçikdən-böyüyədək əlimizdən gələnlə ön cəbhədə olanların yanında olmaq, Vətən müharibəmizə kiçik də olsa töhfə vermək istəyirik. Çünki dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev həmişə olduğu kimi, çox böyük bir iş başlayıb.  Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında bir-birinin ardınca illər əvvəl işğal olunmuş torpaqlarımızı düşmən tapdağından xilas edir. Hamımızda qürur, vətənpərvərlik hissi artıb, hamımızın döyüş ruhu, mübarizə əzmi ən yüksək səviyyəyə yüksəlib.

Desəm ki, bu günləri gözləmirdik, yalan olar. Hamılıqla bu günün gələcəyinə inanırdıq. Düşmən nə qədər hiyləgərlik göstərərək, müddət uzadaraq işğal etdiyi torpaqlardan min bəhanə ilə çıxmaq istəmirdisə də... Bunun arxasında xalqımızın humanizm və ürəyiyumşaqlığına hesablanmış təxminlər olsa da, bir az da gələcək nəslin unutqanlığına dair ümidlər də yox deyildi. Necə olsa da, 30 il üstündən keçmiş, dünyanın yadından az qala çıxmış bir məsələni siyasi müstəvidən get-gedə uzaqlaşdırmaq fikirləri düşmənin ağlına gəlməmiş deyildi. Lakin...

Tarix boyu ulu türk dünyasında ağıllı, uzaqgörən, gələcəyə dəqiq hesabları olan güclü, iradəli rəhbərlər, sərkərdələr olmuşdur və olacaqdır. Hal-hazırda müasirlərimiz olan güclü türk liderlər də mövcuddur. Həmçinin biz bunu bu gün xalqımızın həyatında müstəsna əhəmiyyəti olan cənab Prezident İlham Əliyevin timsalında daha aydın və bariz şəkildə görürük.

Böyük Heydər Əliyev məktəbinin davamçısı, cənab İlham Əliyev atası kimi xalqın xilaskarına cevrildi. Daim Azərbaycan xalqı üçün çalışdı. Bunu bu yaxınlarda Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində cənab Prezident özü çox yaxşı ifadə edib: “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”

Atasının vəsiyyətini həyata keçirərkən dünyanın dəyişməsini nəzərdən qaçırmayan Ali Baş Komandan bu gün üçün zəmin yaradaraq uyğun mühitin yetişməsini böyük səbirlə, yüksək diplomatik məntiqlə gözlədi. Uzaqgörən siyasəti ilə ilk əvvəl ölkənin iqtisadi dirçəlişindən başlayaraq iqtisadiyyatın bütün sahələrinin inkişafına diqqətlə yanaşdı. Çünki “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məntiqi də Ümummilli Liderimizə aid idi. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaldaraq insan kapitalının da artımını təmin elədi. Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi. İri iqtisadi layihələrdə iştirak etdi, iri layihələrin əsas icraçısına çevrildi.

Digər tərəfdən, hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilirdi. Hərb sənətini mənimsəyən kadrların yetişdirilməsi əsas prioritetlərdən oldu. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbirlə, təmkinlə həyata keçirildi. Bu gün isə şanlı Azərbaycan Ordusu Böyük Sərkərdə və Ali Baş Komandanımızın rəhbərliyi altında qızıl hərflərlə tarix yazmaqdadır.

Azərbaycan xalqının tarixinə XX əsrdə bir sıra çəkilməz dərdlər yazılsa da, artıq XXI əsrdə bu dərdlərin dərmanının tətbiqi də yaranıb. Güclü siyasi liderin iradəsi ilə xalqımız yüksək qəhrəmanlıqla yeni tariximizin yazılmasına şahidlik edir və köməyini əsirgəmir.

Müharibənin işartılarını biz hələ ölkə başçısının 3 oktyabr 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsindən hiss etmişdik. Mənfur düşmənin səriştəsiz, qorxaq, Prezidentimizin təbiri ilə desək, “dabanyalayan” baş nazirinin Şuşadakı hoqqaları, səviyyəsiz bəyanatları isə səbir kasasını doldurdu. Üstəlik, işğal olunmuş torpaqlardan kənarda olan ərazilərimizə həyasızcasına hücumları cavab vaxtının çatdığını bildirdi.

Digər tərəfdən, zamanın diktəsi də bizim xeyrimizə oldu, müharibənin yetişməsi üçün bir sıra amillər də Azərbaycanın xeyrinə işlədi. Ali rəhbərin siyasi gedişləri öz nəticəsini indi verirdi. Fikrimcə, qonşu  ölkələrlə münasibətlərimizin (təbii ki, mənfur qonşularımız istisna olmaqla) ən mükəmməl səviyyələrindən birinə çatmışıq. Yaxın və uzaq ölkələrdən özümüzə layiqli tərəfdaşlar tapmışıq. Bizim üçün lazımi ölkələrlə strateji əməkdaşlığımızı istədiyimiz həddə çatdırmışıq ki, bütün bunlar da liderimizin götürdüyü düzgün siyasi kursun, yüksək peşəkarlıqla yürütdüyü xarici siyasətin nəticəsidir.  

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan qətiyyətli addım atdı, xalq onu həmişə olduğu kimi dəstəklədi, ətrafında yumruq kimi birləşdi və yenə də Prezidentin təbiri ilə desək “düşmənin başına güclü zərbə endirildi”.

Hadisələrin gedişatı göstərdi ki, dövlətimiz onun başçısının timsalında, bəzi bədxahların dediyi kimi, bu məsələlərə laqeyd yanaşmamışdır. Əksinə, uzunmüddətli, düzgün planlama aparılırdı. Bunu, 2000-ci illərin ortalarından bəri dövlət büdcəsindəki hərbi xərclərin miqdarından da aydın görmək olurdu. Hal-hazırda davam edən Vətən müharibəmiz də illərin hazırlığını göstərir.    Dediklərimizi möhtərəm Prezidentimizin bu yaxınlarda xalqa müraciəti zamanı səsləndirdiyi fikirlə daha da qüvvətləndirmək istəyirəm: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.”

Hazırlığın digər hissəsini isə informasiya sahəsində aparılan müharibədən də görürük. Düşmənin həyasız iddialarına müxtəlif informasiya mənbələrində layiqli cavablar verilir. Bu istiqamətdə də xalq liderinin ətrafında sıx birləşib. Müxtəlif şəbəkələr vasitəsilə hərə öz əlindən gələn formada mübarizə aparır. Təbii ki, yenə də bu ordunun önündə Prezidentimiz, Ali Baş Komandanımız, ifadəli tərzdə desək, “ən güclü bloqqerimiz” addımlayır. Dünyanın ən məşhur telekommunikasiya şirkətləri cənab İlham Əliyevdən müsahibələr almaq üçün növbəyə düzülüblər. Təbii ki, informasiyanı ilk mənbədən almaq üçün. Cənab Prezident isə yorulmadan, həvəsdən düşmədən müsahibələr verir, mənfur düşməni informasiya cəbhəsində də darma­dağın edir, özünün dediyi kimi bütün cəbhələrdə “status-kvonu məhv edir”.

Liderimizin digər bir sahədə də birləşdirici olmasını siyasi partiyaların birgə yaydığı bəyanatdan da aydın görmək olar.  Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda, Azərbaycanda yaşanan siyasi birliyin göstəricisidir.

Fikrimizcə, növbəti birləşdiricilik missiyası daha geniş arealı əhatə edir. Bu, böyük türk dünyasında baş verən birləşmədən gedir. Azərbaycan-Türkiyə münasibətləri hər zaman yaxşı səviyyədə olub. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Hazırda ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Bu günlərdə cənab İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə səsləndirdiyi fikirlər isə ölkələrimiz arasındakı münasibətləri daha dəqiq ifadə edir: “Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur.”

Geniş müstəvidə birləşdiricilik missiyası dövlətlərarası münasibətlərdən doğan məsələdir. “Dost ağır gündə tanınar” məsəlinin uğurlu təcəssümünü bu günlərdə yaşayırıq. İstər silah daşınmasında düşmənə köməklik göstərməkdə, istərsə də quru bəyanatların mətnlərində aydın görünən tərəflər oldu. Halbuki, “Bir millət, üç dövlət” prinsipi ilə Pakistan, hərtərəfli bəyanatları ilə İsrail, yaxşı qonşu olduğunu göstərən Gürcüstan, hərbi əməliyyatların ilk günündən Azərbaycana dəstəyini ifadə edən Ukrayna, bəyanatları ilə yaxınlığını sübut edən Bosniya və Herseqovina, ərazi bütövlüyümüzə dəstək verən Əfqanıstan, erməni təcavüzünü daim pisləyən Kolumbiya, müxtəlif səviyyələrdə bəyanatlar verən İtaliya, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəklədilər. Azərbaycan Respublikasının Prezidenti özünün çıxışlarında bu günləri unutmayacağımızı da xatırlatdı.

Ölkələr və təşkilatlarla aparılan işlə yanaşı, xarici ölkələrin vətəndaşlarına da haqq səsimizi çatdırmaq üçün təşkilatlanmış diaspor fəaliyyətini də qeyd etməmək olmaz. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar liderimizin ətrafında bir yumruq kimi sıx birləşdi. Demək olar ki, dünyanın bütün nöqtələrində icazə verilən vasitələrdən istifadə edərək müxtəlif tədbirlər keçirilir. Diaspor nümayəndələri Qarabağın işğaldan azad edilməsini, müharibədən kənar ərazilərdə dinc əhaliyə edilən hücumlar haqqında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə iki dəfə soyqırıma cəhd faktını ictimaiyyətə çatdırmağa çalışır. Ən qürurverici fakt isə, dünyanın hər yerində bizə dəstək verən ölkələrin bayraqları ilə birlikdə bayrağımızın qələbə sevincli dalğalanmasıdır.

Hal-hazırda dünyanın düzəni dəyişməkdədir. Siyasi qütblərin, siyasi cəhətlərin yenilənməsi prosesi gedir. Belə bir zamanda liderimizlə heç bir səviyyədə müqayisəyə gəlməyəcək Ermənistan rəhbərliyi küçədən hakimiyyətə gəlməklə öz prinsiplərini idarəetməyə yönəltdi. Bununla da dövləti və xalqını böyük təhlükə altına atdı.  Heç bir siyasi hədəflərə nail ola bilmədiyindən daxili auditoriyaya hesablanmış müxtəlif provakasiyalarla baş qatmağa başladı. Vətəni olmayan, dövlətini torpaqlarımızda quran bir xalqın “rəhbəri” işğal altında olan torpaqlarımızla yanaşı, digər ərazilərə də iddia etməyə başladı.

Ali Baş Komandanın əmri ilə 2020-ci ilin 27 sentyabr tarixindən Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatlarında düşmənə layiqli cavablar verilir. Total səfərbərlik elan edən Ermənistan işğal etdiyi ərazilərdən çıxarılır, hərb meydanında da, informasiya mübadiləsi sferasında da məhvə məhkum edilir. Bizim müharibəmiz haqq müharibəsidir, Vətən müharibəsidir. Dövlət başçısı bildirib ki, biz öz torpağımızda vuruşuruq: “İşğalçıları bundan sonra da qovacağıq. Azərbaycan xalqı hər gün məndən kəndlərin işğaldan azad edilməsi haqda xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri xalqıma çatdırıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar həmişə bizim qəlbimizdə yaşayacaq. Yaralılarımıza Allah şəfa versin”.

Apardığımız Vətən müharibəsi gələcəyə hesablanmış müharibədir. Bugünkü müharibə elə aparılır ki, düşmən yaxın 50 il ərzində ərazimizə iddia edə bilməsin. Erməni xislətinə bələd olduğumuzdan, son günlər günahsız əhaliyə, körpə uşaqlara qarşı edilən hərəkətlər qonşuluq münasibətlərinin bərpasını şübhə altına alır. Ona görə də bu müharibə ilə bölgənin sabitliyi təmin edilir, bölgədəki terrorizm məhv edilir. Mənfur düşmənin hərbi strategiyası, hərbi ehtiyatı Ali Baş Komandanın rəhbərliyi altında darmadağın edilir.

Ümidverici hal odur ki, uzun fasilədən sonra böyük birliyin nəticəsi olaraq torpaqlarımız yağı tapdağından azad edilir. Tariximizi qızıl hərflərlə yazan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə mirası layiqli oldu. Müxtəlif sahələrdəki uğurlarına hərb uğurlarını da əlavə edərək tariximizə böyük Sərkərdə kimi daxil oldu. Şəhidlərimizə böyük ehtiramla bu qələbəmiz dünya tarixində bütün qələbələr kimi qanlı hərflərdən qızıl hərflərə keçən qələbə olaraq yadda qalacaqdır.

Artıq ölkə başçısı işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin aparılması üçün göstərişlər vermişdir. Bu ərazilərdə iqtisadiyyatın dirçəldilməsi, infrastrukturun yaxşılaşdırılması tədbirlərinə başlanılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Suqovuşandan əkin sahələrinə kanalların çəkilməsi, bərpası ilə bağlı tender qərarı vermiş, Talış kəndi və ətraf ərazilərə yolların bərpasına başlanmış, illər öncə planlaşdırılmış Xudafərin su anbarı ilə bağlı beynəlxalq layihə artıq əhəmiyyətinə qovuşmuşdur.

Azərbaycanda yeni qəhrəman nəsil böyüyür. Artıq gənclərimiz qəhrəmanlarımızın şücaətini dillərə dastan edir. Mübariz İbrahimovun qəhrəmanlığından ruhlanan, Aprel qələbəsindən ilhamlanan, bir neçə erməni ordusuna bərabər olan Polad Həşimov dəyanətini görən gənclərimiz haqq savaşımızda daim birlikdə olmağın vacibliyini bilir. Artıq təkcə “Qarabağ” futbol komandasının rəqib qapılarına vurduğu qollarla deyil, qəhrəmanlarımızın işğaldan azad etdiyi Qarabağ torpaqlarının qələbə müjdəsinə sevinəcəyik. Çünki BMT qətnamələrini özü həyata keçirən Azərbaycan birlikdə güclüdür!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!   

 

Elnur Bağırov,

YAP Qaradağ rayon təşkilatı
Siyasi Şurasının üzvü,
iqtisad üzrə fəlsəfə doktoru