24 noyabr 2020 20:14
1140

Qalib əsgərin ən böyük arzusu

İbrahim  Fazil oğlu  Cəfərov 1995-ci ildə Bakı şəhərində  dünyaya göz açıb. 267  saylı  orta məktəbin məzunudur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyini  bitirəndən sonra  müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi və Beyləqandakə “N” saylı hərbi hissələrdə ilyarımlıq hərbi  xidməti  ərzində əsl vətənpərvərlik dərsi  keçib, hər bir gənc əsgər kimi  Vətənə, xalqa, dövlətə sevgi İbrahimin də həyatının mənasına sevrilib.

Bu il 25 yaşına qədəm qoyanda bacılarının arzusu  onun  sevib-seçdiyi qızın barmağına  nişan üzüyü taxmaq  idi. Lakin Tovuz rayonu istiqamətində sərhəd  xəttində erməni təxribatı nəticəsində baş vermiş qısamüddətli döyüşlər zamanı general Polad Həşimov başda olmaqla bir neçə əsgər və zabitlərimizin şəhid olması İbrahimin də  dərin hiddətinə səbəb oldu. Müsəlləh əsgər kimi Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazır olan İbrahim  Səfərbərlik  və Hərbi Xidmət üzrə  Dövlət Xidmətinə müraciət edib.

 İ.Cəfərov 2020-ci il sentyabrın 21-dən hərbi təlimlərə qatılıb, döyüş vərdişlərinə yiyələnib. Sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Düşmənə qarşı Silahlı Qüvvələrimiz əks - hücuma  başladı.   İbrahim də  bütün silahdaşları  ilə çiyin-çiyinə Vətən yolunda həlak olan şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş  qəhrəman əsgər və zabitlərimizin  qanını yerdə qoymayacağına and içib torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı.

44 gün davam edən Vətən müharibəsində Füzuli və Cəbrayıl şəhərlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsində  iştirak edən İbrahim Şuşa şəhəri uğrunda  gərgin döyüşlərdə  də sücaət göstərdi.  Özünün mərd, cəsur  silah yoldaşları ilə  birlikdə Cıdır düzündə  qaladığı tonqalın dövrəsində oturub Şuşanın dağlarına tamaşa edə-edə keçdiyi şərəfli döyüş yolundan danışmaq ona da nəsib oldu.  Azərbaycanın  musiqi  və mədəniyyət beşiyi  sayılan Şuşanın  düşmən  caynağından  xilası  bütün əsgərlər kimi onun da ürəyini dağa döndərmişdi.  Hamı  kimi İbrahim də  yaxşı  bilirdi ki, Şuşanın azad edilməsi  müharibənin gedişində həlledici dönüş nöqtəsidir. Məhz o gündən işğalçı düşmən dərk etdi ki, bundan sonra Azərbaycan  Silahlı  Qüvvələrinə  qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur və o iqtidarda da deyillər.

  Azərbaycan əsgərlərinin Şuşa zəfəri Ermənistanı Ağdamdan, Kəlbəcərdən, Laçından  öz xoşları ilə çıxmasına güclü təkan  verdi. Atəşkəs elan olunduqdan sonra da İbrahim öz silahdaşları  ilə Qarabağımızda hərbi xidmətini davam etdirir. Onun  barəsində  ürək sözlərini  həyəcanla dilə gətirən bacısı Esmira xanım  deyir ki, bu qırx dörd  gün ərzində həmişə  ön cəbhədə döyüşən bütün əsgərlərimiz üçün dualar edib, hər an İbrahimdən xoş xəbər eşitmək arzusuyla yaşayıb: “Mən və  bacım qardaşımız İbrahimin Vətənimizin qazandığı  şanlı qələbədə  bir övlad, bir vətəndaş, bir əsgər kimi iştirak etməsindən qürur duyuruq.”

  Esmira xanımın 15 yaşlı oğlu Mirzağa da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən dayısı ilə fəxr edir.

 Esmira  xanımın dediyinə görə,  indi İbrahimin ən  böyük arzusu  Kəlbəcərin təhvil alınmasında və Bakıda qələbə paradında  iştirak etməkdir: “Mən  öz sinələrini Vətən uğrunda  sipər edən şəhidlərimizə  ailəmiz  adından  Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. İndi biz İbrahimin  yolunu gözləyirik,  əminəm ki, tezliklə onun  yaddaşlara  əbədi  köçəcək  döyüş hekayətlərini öz dilindən eşidəcəyik. Bir də bir ana, bir bacı kimi  subay Azərbaycan qızlarına  tövsiyə edərdim ki, döyüşlərdə aldığı  yaralardan, əlillik dərəcəsindən asılı olmayaraq, özlərinə Vətən naminə savaşan  igid, cəsur  oğullarımızı  həyat yoldaşı seçsinlər.”  

Nurəddin Muğanlı, “İki sahil”