Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin mədəniyyətimizin, professional musiqi təhsilinin inkişafında, milli musiqimzin korifeyləri sırasına yüksəlmiş sənətkarların yetişməsində mühüm rolu vardır. Dünya şöhrətli bəstəkarlar, görkəmli musiqi xadimləri, adlı-sanlı sənətkarlar, müğənnilər, ustad ifaçılar, pedaqoqlar yetirən sənət ocağının məzunlarından biri Nazim Kazım oğlu Kazımovdur. Onun keçdiyi ömür yoluna, həyat və fəaliyyətinə, sənət yolunda qazandığı nailiyyətlərə nəzər salarkən iftixar və qürur hissləri ilə yazır və söhbət açıram.
...1974-cü ilin payız günlərindən biri idi. Pəncərələri dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə sarı baxan otaqlardan həzin və lirik musiqi sədaları eşidilirdi. O zaman gənc jurnalist kimi Konservatoriyaya ilk dəfə gəlmişdim. Görkəmli bəstəkar, Xalq artisti, professor Səid Rüstəmovun tar sinifinin tələbələri və uşaqlıq dostum Nazim Kazımov ilə görüşdüm. O, yeni dərsə hazırlaşır, məşq edir, tar çalırdı... Onunla hal-əhvaldan sonra: “İstəyirsən, sənin üçün çalım...”, deyə tarı yenidən dilləndirdi... Onun barmaqları tarın pərdələri üzərində “uçduqca” “Şur” muğamının şən və lirik duyğular yaradan musiqisi məni ehtizaza gətirırdi... Bu görüşdən sonra Nazimin bənzərsiz ifasının təsiri ilə “Qaranquş barmaqlar” adlı yazının üzərində düşündükcə xəyal məni yaxın keçmişə apardı...
Nazim Kazımov 1950-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. İlk həzin laylaları körpəsinə Həcər ana oxuyub, ərməğan edib... Naxçıvanın sayılıb-seçilən ziyalılarından olan Kazım kişi uşaq yaşlarından oğlunun qavrama və duyma qabiliyyətinin yüksək olduğunu müşahidə edib. Nazim uşaqlıqdan Araz üstü qədim Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində boy atıb, bu məskəndə Üzeyir Hacıbəyov adına 1 saylı orta məktəbdə oxuyub...
...Yaxşı yadımdadır. Keçən əsrin 60-cı illərinin əvvəlində bir qrup şagird Naxçıvan Şəhər Pioner və Məktəblilər Evinin tar dərnəyinin, həm də “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvləri idik. Tar müəllimimiz uşaqlıqdan dünya işığına həsrət qalan, ustad sənətkar, tar, qarmon, qaval alətlərinin mahir ifaçısı, toy şənliklərində oxuyan və mahnılar bəstələyən, Naxçıvan MR Əməkdar artisti Səfər Rəcəbli idi. Səfər müəllimin rəhbərlik etdiyi dərnəyin üzvləri çox idi. Əkrəm Məmmədov, Afət Novruzov, Ələkbər Ələkbərov, Nazim Quliyev, Arif Quliyev, Tariyel Abbasov, Məhərrəm Məmmədov və başqaları.
(Onlardan çoxu hazırda Azərbaycanın tanınmış, adlı-sanlı musiqiçiləridir.) Səfər müəllim tarda çalmağı öyrətdiyi uşaqlara diqqət və qayğı ilə yanaşır, məşğələlərdə ifaçılıq qaydalarına düzgün əməl edilməsinə xüsusu diqqət yetirirdi. Bu dərnəkdə ilk müəllimindən mahnı və muğamları öyrənən Nazim hələ 12 yaşında ikən xalq çalğı alətləri ansamblının ən fəal üzvlərindən sayılırdı. Nazim Kazımovun sənət yolu məhz bu dərnəkdən başladı.
Xalqımızın milli musiqi aləti olan tara sonsuz maraq Nazimi əvvəlcə Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbinə, sonra da Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirdi. Texnikumun xalq çalğı alətləri şöbəsinin tar sinifinə daxil oldu. Burada oxuya-oxuya qiyabi yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu, filoloq təhsili aldı. Sonra ali musiqi təhsili almaq arzusu ilə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil oldu. Bu musiqi ocağında Xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun (tar ixtisası üzrə) və Xalq artisti, professor Süleyman Ələsgərovun (dirijorluq ixtisası üzrə) tələbəsi oldu. Nazim sevib qəlbən bağlandığı tar sənətinin nəzəri-praktiki məsələlərini mükəmməl mənimsədi, sənətin incəliklərinə yiyələndi. O vaxt görkəmli bəstəkarımız Səid Rüstəmov öz kitabı üzərində iftixar hissi ilə tələbəsi haqqında yazmışdı: “Çox qabiliyyətli, həssas musiqiçi, həmsənət, həm də taleyin gərdişi ilə mənim tələbəm Nazim Kazımova ən gözəl arzularla...”
Nazim Kazımovun əmək həyatının 16 ili Əli Bayramlı şəhər uşaq musiqi məktəbi ilə bağlıdır. O, bu məktəbdə əmək fəaliyyətinə başlayaraq illər ötdükcə tar müəllimi, direktor müavini və direktor vəzifələrində çalışdı. Bu illərdə Şəhər Sovetinin deputatı kimi məktəbin şöhrətinin artırılması naminə bütün bilik və bacarığını uşaqların musiqi-estetik tərbiyəsinin inkişafına həsr etdi. Yeni musiqi kollektivlərinin- xalq çalğı alətləri orkestrinin və ansamblının, muğam məclislərinin yaradılmasına nail oldu. Onun yetirmələri-Ariz Abduləliyev, Fəxrəddin Qafarov,Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı üzrə Respublika müsabiqələrində laureat adına layiq görüldülər. Yetirmələrindən bir çoxu hazırda müstəqil ölkəmizdə musiqi təhsilinin inkişafı, müasir tələblər səviyyəsində qurulması naminə böyük həvəslə çalışırlar.
Nazim müəllimi 1992-ci ildə bilikli, bacarıqlı və səriştəli kadr kimi irəli çəkdilər. Respublika Təhsl Nazirliyində işə götürüldü. 10 il müddətində inspektor, aparıcı mütəxəssis, rəis müavini vəzifələrində çalışdı.Təşəbbüskarlığını, işgüzarlığını, qabiliyyətini nəzərə alaraq Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə irəli çəkildi və kollektiv üzvlərinin böyük hörmətini qazandı.
Böyük təşkilatçılıq baçarığı ildən-ilə Nazim müəllimə uğurlar gətirdi. Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim, dosent, xalq çalğı alətləri kafedrasında professor vəzifələrində çalışdı. 2001-ci ildə Nazim Kazımovu Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrildi.
Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyətinə görə Nazim Kazımov müxtəlif vaxtlarda Fəxri fərmanlara, ”Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, “Qızıl qələm” mükafatına layiq görüldü. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə (13 iyun 2008- ci il) ona professor elmi adı verildi. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə misiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.
Keçən əsrin 90-cı illərindən başlayaraq Nazim müəllimin respublika mətbuatında məqalələri dərc edildi, tezisləri, proqramları, dərslikləri və monoqrafiyaları müxtəlif nəşriyyatlarda çap olundu. Beləliklə, “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi aldı.
N. Kazımovun müxtəlif illərdə nəşriyyatlarımızda buraxılan “Səid Rüstəmov”, “Asəf Zeynallı”, ”Musiqi kolleci-110”, “Adil Gəray Məmmədbəyli” monoqrafiyaları və bir sıra musiqi dərslikləri sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir.
Pedaqoji elmlər dokroru, professor Vidadi Xəlilovin ”Sadiqlik numunəsi“ adlı kitabı görkəmli musiqi pedaqoqu, Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nazim Kazımovun həyat və yaradıcılığından bəhs edir.
Son illər Musiqi Kolleci tələbələrinin qazandığı nailiyyətlər daha ürək açandır. UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam ifaçılığı musabiqələrində Kollecin tələbələri böyük uğurlara imza atırlar. 2005-ci ildə müsabiqənin final mərhələsində yarışan 20 iştirakçıdan 14-ü Kollecin məzunları və tələbələri oldular. Bu və sonrakı müsabiqələrdə Kollecin məzun və tələbələrindən Təyyar Bayramov, Babək Nİftəliyev, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova müsabiqədə I-III yerləri tutdular, bir çoxları lauret adlına layiq görüldü.
Bütün həyatını musiqi sənətinə bağlayan, öləkəmizdə ustad tarzən və alim-pedaqoq kimi tanınan Nazim müəllim Azərbaycan Musiqi mədəniyyəti və təhsilində böyük və mühüm tarixi yeri, şöhrəti və nailiyyəti olan Musiqi Kollecinin direktoru vəzifəsini şərəflə və ləyaqətlə yerinə yetirir. Onun kollecdə yaratdığı sağlam tədris mühiti, fəal iş şəraiti, səmimi münasibətlər sayəsində uğurların sayı getdikcə artır.
Kollecdə görkəmli adamlarla, tanınmış musiqi xadimləri, bəstəkarlar, incəsənət ustaları ilə görüşlərin, yubileylərin, kütləvi bədii tədbirlərin, tələbələrin hesabat konsertlərinin keçirilməsi ənənəyə çevrilmişdir. Bu tədbirlər tələbələrin ifaçılıq qabiliyyətini təkmilləşdirir, dünya görüşünü artırır, səhnə mədəniyyətinə yiyələnmələrinə səbəb olur.
Kollektivin sevimlisi olan Nazim Kazımov təşkilatçılıq bacarığı, peşəsində professionallığı, pedaqoji təcrübəsi, yüksək insani keyfiyyətləri, səmimiyyəti, diqqətcilliyi, qəlbinin genişliyi, həssas, səmimi duyğuları, sadiqliyi, xeyirxahlığı ilə tanınır. İnsanların xeyir-şərindən qalmayan bir ağsaqqallıq nümunəsi göstərir, insanlara kömək edir, əl tutur, xeyirxahlıq göstərir, sevincinə, dərdinə şərik olur.
Bu günlər Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun ünvanına gələn təbriklər, telefon zəngləri və söylənilən ürək sözlərinin ardı-arası kəsilmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə, ölkəmizdə milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Nazim Kazımov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Biz də görkəmli musiqi xadimini, alim-pedaqoqu və əziz dostumuzu təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.
Afət Sadıqoğlu