"İki sahil" "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.
Rubrikaların birində 44 günlük İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş baş leytenant Amin Mais oğlu Gülməmmədovdan bəhs olunub.
Qəhrəmanımız Amin Gülməmmədov 1995-ci ilin iyulun 31-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. Amin Gülməmmədov orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Oranı bitirdikdən sonra hərbi təhsilini davam etdirmək üçün Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Yüksək hərbi biliklərə yiyələnən Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib.
Füzulidən başlayan və Daşaltıya qədər davam edən döyüşlərdə böyük rəşadət göstərib.
Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşub və şəhidlik məqamına yüksəlib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Amin Mais oğlu Gülməmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Şəhidin yaxın qohumu Nüsrət Məmmədov Amin Gülməmmədov haqqında fikirlərini bölüşüb: “Əsgərləri Amini səmimi münasibətinə görə daha çox istəyirdilər. Hətta hərbi xidməti bitirən əsgərləri ilə də daim onunla əlaqə saxlayırdılar. Azərbaycan Ordusunun zabiti mundirini şərəflə daşıyırdı. Nizam-intizamlı olmağı, vətənpərvərliyi, dövlətə, xalqa sevgisi ilə həmişə seçilirdi. İstiqanlı olması ilə qohumların, bütün kənd sakinlərinin sevgisini qazanmışdı. Ən böyük arzularından biri torpaqlarımızın düşmən işğalından azad edilməsində iştirak etmək idi. Arzusuna çatdı, Vətən müharibəsində iştirak edərək, qəhrəmancasına döyüşdü. Müharibədə böyük şucayət göstərərək şəhidlik zirvəsinə ucaldı. Xalqımız belə qəhrəman ogulları ilə fəxr edir”.
Qeyd edək ki, Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Orxan Vahidoğlu, “İki sahil”