14 yanvar 2021 17:21
1436

Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik

Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı  səfərləri bu ərazilərin öz tarixi sahibinə qayıtdığının və yeni həyatın başlanmasının təqdimatıdır

«44 günlük müharibə regionda vəziyyəti dəyişdi. Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq.» Dövlətimizin başçısı İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi.  Yalnız danışıqlar,  səfərlər,  bəyanatlar var idi, amma heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.  

Diqqəti ermənilərin dini abidələrimizi, məscidləri  dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun  təkcə azərbaycanlılara deyil,  bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirmişdir. Şuşada bir məsciddən başqa  bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq  dağıdılmış məscid də  İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında  bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırmışdır ki,  ermənilər işğal edilmiş ərazilərdə  70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərinin tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük müharibə dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla  tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandıracaq və  havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirəcək? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər  müharibə qurtaran kimi dərhal   erməni xalqının abidələrinin  qorunması ilə bağlı fikirlər  səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayır. Hər hansı dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərinin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da  bunu bilir. Dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanladı.

Dövlətimizin başçısı İlham Əliyev daim bu sualları ünvanlayır: bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?”

Təəssüflər olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Müsəlmanları, dinimizi təhqir edən işğalçı dövlətə dost demək ikrah doğurur. Dünyanı bu görüntülərə qiymət verməyə çağırış etməklə yanaşı, bəzi  müsəlman dövlətlərinin də bu təhqirlərə göz yummalarından utanc hissi keçirmək olar. Onların “dost” deyib səmimiyyət qurduqları ölkəyə 20 il rəhbərlik etmiş cəlladlar məscidlərimizi dağıdıblar. İşğalçı dövlət bunlara görə cavab verəcək. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu məscidlər bərpa ediləcək,  vətəndaşlar gəlib burada ibadət edəcək, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.

Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən  əks-hücum əməliyyatları dövründə də ölkə  Prezidentinin  hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq yalnız  düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir. 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik  işğaldan azad edilmiş ərazilərə səfər edərkən  bir faciəni gördüklərini bildirmişdir. Şəhər tamamilə dağıdılmış, yerlə-yeksan edilmişdir. Bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Bununla yanaşı, müşahidə etdiyi  digər   mənzərədən qürurlandığını da bildirmişdir: “Yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı.”

Məlumdur ki, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə  dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə  kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub.

Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyyə təminatı yaradılıb. Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı  göstərilib.  Sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, ipoteka proqramlarının həyata keçirilməsi sosial mənzillərin tikintisi və digər məqsədlər üçün 152 milyon manat vəsait nəzərdə tutulub.
 Keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Azad edilmiş torpaqlarda böyük enerji potensialı var. Azad edilmiş ərazilər yaşıl enerji zonasına çevrilə bilər.

Təbii ki, əsas hədəf ölkəmizin inkişaf dinamikasını artırmaqdır.  «Dünya Bankının “Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir» söyləyən dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi,  yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir.  Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə diqqət yetirsək görərik ki, Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə  dünya miqyasında  ikinci yerdədir. İslahatçı obrazı əmsalına görə  beşinci, hökumətin uzunmüddətli strategiyasına görə  10-cu, hökumətin siyasi sabitliyi təmin etməsinə görə  11-ci, infrastruktur layihələri ilə bağlı  dəmir yolu xidmətlərinin səmərəliliyinə görə  11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə  24-27-ci yerlərdədir.  Bu hesabat inkişaf etməkdə olan 74 ölkə üzrə hazırlanmışdır.  İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, Azərbaycan  bu nailiyyətləri əldə edib. «İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın imkanlarını genişləndirmək və ölkəmizin inkişaf dinamikasını artırmaq üçün  bütün bu işləri daha da fəal,  məqsədyönlü şəkildə aparmalıyıq.

Dövlətimizin başçısının “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən belə bir ümumiləşdirməni qürurla apara bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb.  «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm» söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ilə, eyni zamanda,  hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut edir. Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan  ordu  bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur. “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq” söyləyən   cənab İlham Əliyev əsgərlərlə görüşündə bu məqamı da xüsusi qeyd edir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın: “Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.”

Yeganə Əliyeva, «İki sahil»