18 yanvar 2021 18:56
1005

Vətən müharibəsində ömür cəbhəsinin əsgəri idilər

Müharibə başlamışdı.

Respublika Diaqnostika Mərkəzinin ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Anar Əmrah bu müqəddəs müharibədə seyrçi ola bilməzdi. Döyüşlərə də gedə bilərdi, səhra hospitalında da işləyə bilərdi. “Ağır əməliyyatlara ehtiyacı olanlar Mərkəzi Hərbi hospitala göndəriləcək. Orda daha çox lazım olaram...” – düşündü. Diaqnostika Mərkəzinin direktoru Rəşid Vəzirov cərrahın müqəddəs müharibədə müqəddəs niyyətlə iştirak etmək niyyətinə səmimiyyətlə xeyir-dua verdi: “Niyyətin müqəddəs niyyətdi. Nə kömək lazım olsa, ediləcək. Get, ehtimal etdiyin əməliyyatlarda kimlər lazım olacaqsa, onlarla birlikdə get. Bu da mənim Vətənə xidmətim olsun...”...

Anar Əmrah ürək-damar uzmanı kimi onlarla hərbçinin ömrünə ömür vermişdi. Hər əməliyyatı taleyinə Tanrının lütfü bilmişdi, əməliyyatdan sonra dərdiyi nəfəsə şükranlıq nəfəsi demişdi Anar Əmrah. Əməliyyatın mahiyyətinə görə hərdən əməliyyat öncəsi kövrəlirdi də.

Hələ xoş ovqatını yaşadığımız qələbədə xidməti görünməyənlər də var. Onların xidməti Vətən müharibəsində qazanılan zəfər kimi, döyüşlərin tarixi kimi, döyüşənlərin, yaralananların, qazilərin yaddaşında son nəfəsəcən yaşayacaq. 44 gün davam edən Vətən müharibəsi xalqın ruhunun da döyüşənlərin sırasında olduğunu təsdiqlədi. Bu müharibə hərbi təbabətə könüllü köməyə gələn mülki həkimləri də əsgərləşdirdi, onlar ömür döyüşüsü oldular, Vətən müharibəsi dövründə hərbi hospitallarda işlədilər, əslində, erməniliklə döyüşdülər. Ürək-damar cərrahı uzman Anar Əmrah Vətən müharibəsi başlayanda təmənnasız kömək niyyətilə Mərkəzi Klinik Hospitalın rəhbərliyinə  müraciət etdi. Hospitalın rəhbərliyi onun bu istəyini yüksək vətənpərvərlik kimi dəyərləndirdi. Özünü ömür cəbhəsinin əsgəri bilən Anar Əmrah ehtiyatda olan polkovnik Eldar Vəliyev, ehtiyatda olan polkovnik-leytenant Valeh Məmmədov və ehtiyatda olan polkovnik-leytenant Teymur Qasımov Vətən müharibəsi başlayan gün Hərbi Hospitalın rəhbərliyinin sərəncamındaydılar...

Anar Əmrahın təklifiylə Valeh Məmmədov Əhmədbəyli hospitalına, Cavid İbrahimov Sarıcalı hospitalına göndərildi, kömək kimi, şəraitin tələbi kimi. Ağır yaralılara ilkin yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalına göndəriləcəkdi. Burda son dərəcədə hazırlıqlı cərrahların ən ağır cərrahiyyə əməliyyatları aparması üçün yüksək səviyyəli şərait var...

İntiqam Əliyev qarın boşluğundan aşağı ətraflardan çoxsaylı qəlpə yarası almışdı. Xeyli  qan itirmişdi. Və ... Əhmədbəyli hospitalına çatar-çatmaz ürəyi dayanmışdı. Cərrah Valeh Məmmədov İntiqamın ürəyini masajına qərar verdi, özü icra etdi. Yaralıya qan köçürüldü. Hər ötüşən an ruhu candan aralayırdı. Və çox ağır yaralanmış döyüşçünün ürəyinə döyüntü gəldi, döyüntü ürəyin fəaliyyətinə döndü. Əməliyyata aparıldı. Cərrahiyyə əməliyyatının tibbi baxımdan tamamlanması üçün yaralı Bakıya göndərildi. Anar Əmrah yaralının ürəyində gərəkli əməliyyat apardı...

Əks-hücum əməliyyatının – Vətən müharibəsinin ilk günlərində düşmən nisbətən ciddi müqavimət göstərirdi. Həm də ordumuz əməliyyatı aşağıdan yüksəkliklərə doğru aparırdı.Ona görə də döyüşlərdə yaralanmalara görə hospitallarda cərrahlar sutkanın çox saatlarında cərrahiyyə otağında əməliyyatlar aparırdı. Yaranan fasilələr nəfəs dərimi qədərincə çəkirdi. Cərrahlar da, əməliyyatda iştirak edən tibb personalı da hər əməliyyatı Vətənə hesabat bilirdi.

“...Güllə əsgərin sağ əlini deşib ürəyinə dəymişdi. Bu əl düşməni döyüş-döyüş sıxışdıranlardan birinin əli idi, bu əl düşməni səngərindən, mövqesindən döyüş üzünə çıxardanların, sonra geri çəkilməyə məcbur edənlərin sırasında döyüşən igid əsgərlərdən birinin əli idi. Bu əli deşən, deşib ürəyə çatan güllə çıxardılmalıydı. Əsgərin üzündə bizə tanış bir təəssüf donmuşdu. Bu təəssüf əlinin tətiyə çatmamasının təəssüfü idi. Gözaltı Eldar həkimə baxdım. Kifayət qədər təcrübəyə malik olan həkim qətiyyətlə, “Döyüşə başla!” – dedi. Kəlmələr ürək-dirək kimi səsləndi. Əsgəri ölümdən xilas etdik. Həmin gün xəfif bir meh əsirdi. Könül xoşluğuna dönən meh əsimini apardığımız əməliyyata görə təbiətin təbəssümü bildik...”, – Anar Əmrahın baxışlarında gördüyüm sevinc qələbə rəngindəydi; cərrahların ölüm üzərində qələbəsi Zəfərin zərrələridi. Bu zərrələr döyüşçü ömrü deməkdi. Ürəyindən əməliyyat olunduğundan xəbərsiz olan əsgər özünə gələndə ilk olaraq əlinə baxıb. Həkimdən “Barmaqlarım tətik sıxa biləcəkmi?”, – soruşub. Duyğulanan cərrahın əli yaralı əsgərin sinəsinə enib...

Birinci Qarabağ müharibəsindən fərqli olaraq döyüşçülər daha çox mərmi qəlpələrindən, yaralanırdı, bəzən bir neçə nahiyyədən: əlindən, ayağından, qarın boşluğundan, döş qəfəsindən. Qəlpələr döyüşçünün damarlaını dağıdırdı, sümüklərini sındırırdı, bəzən çilikləyirdı, əzələsini parçalayırdı, sinirlərini sıradan çıxardırdı. Buna görə də bir deyil, bir neçə əməliyyat aparılırdı: arteriya istər yaralanmış, istərsə də sağlam orqanları qanla təmin etməlidir – damarlar bərpa olunmalıdır, sümüklərin, əzələlərin, sinirlərin bərpa edilməsi əməliyyatları bundan sonra aparılır. Yəni bütün hallarda əməliyyata ürək-damar cərrahı başlayır. Bu əməliyyatın uğuru sonrakı əməliyyatların başlanğıcıdır. Buna əsaslanıb fikrimi obrazlı şəkildə ifadə edirəm: ürək-damar cərrahı Anar Əmrahın cərrahiyyə əməliyyatına başlamasını döyüşdə komandirin döyüş əmri verməsi ilə müqayisə etmək suç deyil.  

Qəlpə mayor Kamran Həmidovun ürəyini deşib keçmişdi, aorta damarını dağıtmışdı, ağ ciyəri ciddi zədələnmişdi. Möcüzə: qan daxildə laxtalanmışdı. Müdaxilə – təxirəsalınmaz əməliyyat olduqca təhlükəli idi. Anar Əmrah bu əməliyyatı aylar sonra da bir qədər həyəcanla, şükranlıqla xatırlayır, skalpel dəyən anlarda laxtalanmış qanın kükrəyə bilmə ehtimalını “daxil olduğun otaqda bomba partlayışı ehtimalı” ilə müqayiyə edir...

Əməliyyat saat 20 radələrində başlayıb...

Ağır cərrahiyyə əməliyyatında baxışlar danışır, baxışların ifadə etdiyi fikirləri ürək duyur, dərk edir, ötüşən anlar “ömür cəbhəsinin əsgərlərinin” – cərrahın da, cərrahların da, əməliyyatda iştirak edən personalın da bütün diqqətini ölümə ölüm hökmünün qətiyyətində birləşdirir...

Əməliyyat səhər saat 7-də tamamlanıb...

Mayor Kamran Həmidov müalicə olunub. Görəsən Anar Əmrahın bu müqayisəsini eşitsə, nə deyər, nələr düşünər, hansı duyğuların sazağında titrəyər? Görüşəndə soruşacam. Bir də soruşacam ki, Qələbəni eşidəndə nələr düşündün? Şübhəsiz ki, qürurlandığını deyəcək, sevindiyini deyəcək, qələbə qazananların sırasında olmadığına görə təəssüfləndiyini bildirəcək, bir də qələbəni eşitdiyinə görə onu həyata qaytaranlara minnətdarlığını bildirəcək...

Soruşmamışam, soruşmaq istəməmişəm. Mənə elə gəlir ki, əməliyyat bitincə Anar Əmrah Tanrıya şükürlər oxuyub, Türkiyədə ustadı olmuş Harun Tatara təşəkkür ünvanlayıb: “Çox sağ ol, ustad, sənin öyrətdiklərin hərbçilərimizi ölümün əlindən alırsa, Azərbaycanda Vətən müharibəsində sən də iştirak edirsən...”, atasına xitabən “Anları düzgün dəyərləndirdik, ata” – deyib.

...Əsgər Cahid İbişov hospitala ağır vəziyyətdə gətirilmişdi. Güllə ürəyini deşib arxada qalmışdı; düşmən gülləsi əsgərin ürəyindən çıxarılmalıydı.

“Əsgər döyüşüb. Qətiyyətlə döyüşüb. Şəhidlərin ruhunu da sıralarında bilərək döyüşüb.

Ankarada Ürək-Damar Cərrahiyyəsi Klinikasında iştirak etdiyi əməliyyatları xatırlayıb Anar. Ustadlarının məsləhəti düşüb yadına.”Bir əməliyyat digərinə bənzəmir. Hər əməliyyatın özəlliyi var”. “Bilikmi, savadmı əzəldi, təcrübəmi, hocam?” soruşardı Anar. Onda hocası gülümsünərdi: “Uzmanlıq elə budur, Anar Əmrah, bunu ayırd etməkdir.

...Əsgər Cahid İbişovun ürəyindən gülləni çıxardanda əli skalpelə toxunar-toxunmaz yenə ordumuzun qələbələrini xatırladı, əsgərlərimizin döyüşlərini xatırladı, yaralı komandirini döyüşdən çıxardanda şəhid olan əsgəri xatırladı, bir də hocasından eşitdiklərini xatırladı.

Cahid İbişov sağaldı...

...Ramil Babaşov xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edirdi. Müxtəlif istiqamətlərdə döyüşmüşdü. Ordumuz döyüşə-döyüşə qələbələr qazanır, qələbələr qazana-qazana döyüşürdü. Şuşanın – ruhumuzun şəhərini işğaldan azad edəcək döyüşlərdə hamısı iştirak etməyə niyyətli idi. Ramil Babaşov o döyüşlərdə iştirak etdi. Döyüşlər Şuşanın həndəvərlərində gedirdi. Noyabrın 7-də döyüşçlərimiz Şuşanı əhatələyən dağlıqlarla, qayalıqlarla dırmaşa-dırmaşa döyüşür, döyüşə-döyüşə dırmaşırdı. Xarici ölkə jurnalistinin  döyüşçülərimizin döyüş əzminin, qələbə ruhunun ifadəsi olan fikirləri həmişə qürurla xatırlanacaq: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Döyüşçülərimiz Şuşaya belə yaxınlaşırdı, Şuşanı belə azad edəcəkdi. Onların sırasında Ramil Babaşov da vardı...

Qəlpə Ramil Babaşovun ürək nahiyəsinə dəydi; qəlpə ürəyinin içinəcən çatıbmış, sağ ürəkciyində qalıbmış. Açıq ürək əməliyyatı aparıldı...

Ramil sağaldı. Bu sevinci cərrahlar da gözəl yaşadılar, qazi Ramil Babaşov da.

Həyəcansız əməliyyat olmur. Bu həyəcan həm də inamdı; Anar Əmrah Vətən müharibəsində apardığı 100-ə qədər ağır əməliyyatın həyəcanını Eldar Vəliyevlə, Teymur Qasımovla, Nazim Hacıyevlə, İlqar İsmayılovla, Elgün Səmədovla, Anar İsmayılovla, Ceyhun həkimlə, Fariz həkimlə, Pərviz Qurbanovla, Sadiq Baxışovla, ... birlikdə yaşadı.

“Ömür cəbhəsinin əsgərlərinin” özünü ruhən, qəlbən döyüşənlərin sırasında bilənlər haqqında dedikləri düşüncələrimi 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərin qüruruna kökləyir: Vətən müharibəsində hamı əsgərləşmişdi. Respublika Diaqnostika Mərkəzinin direktoru Rəşid Vəzirovun timsalında səhiyyəmizin özəl şəbəkəsinin, Malik Əliyevin timsalında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, İnstitutun timsalında Azərbaycan elminin Vətən müharibəsində yaralanan döyüşçülərimizə bütün parametrləri ilə qayğısı, ehtiramı, sayğısı da tarixdi...

Azərbaycan Ordusunun qazandığı zəfər tarixdir, həm də böyük tarixdir. Böyük tarixin zər-rələrinə də tarix deyə bilərik. “Ömür cəbhəsinin əsgəri” olmaq da tarixdi...

Respublika Diaqnostika Mərkəsinin bir qrup cərrahı ilə birlikdə Vətən müharibəsi dövründə 100-ə qədər ağır cərrahiyyə əməliyyatı aparan uzman Anar Əmrah deyir ki, “Bu da Vətənə xidmətdi, döyüşənləri ölümün əlindən almaq da döyüşdü. Biz  hərbçi cərrahlarımızla bir sırada ordumuza, dövlətimizə böyük sədaqətlə xidmət etdik”...

Rəşid Faxralı