Bəlkə də yazdıqlarımız yarımçıq görünəcək və ürəyimizdəkilərin hamısını ifadə etməyəcək. Bu təbiidir. Çünki həm elmi mövzularda, həm də həyati məsələlərdə fikir mübadiləsi apardığın yaxın insanlar haqqında yazmaq olduqca çətindir. Məhz bu mənada akademik İsmayıl Hacıyev haqqında ürəyimizdəkilərin hamısını yazmaq həm çətindir, həm də bunun üçün səhifələr yetməz. Müqəddəs kitabımız Qurani-Kərimdə xeyir əmələ, saf niyyətə, insanın daxili-mənəvi dünyasındakı yaxşılığa, paylaşmağa, daha dəqiq bir ifadə ilə desək, təqvaya dönə-dönə və xüsusi olaraq diqqət çəkilir. Təqva “vicdanın saleh əməli”, “məsuliyyət şüuru”dur. Məsuliyyətinin fərqində olan, məsuliyyət daşıyan şəxs müttəqi, yəni təqvalı insan, saleh əməl sahibi adlanır. İnsanı təqvaya, yəni məsuliyyət şüuruna çatdırmayan hər hansı bir ibadət məqsədinə çatmış sayılmaz. Məqsədinə çatmayan ibadətlər isə məktubu olmayan zərfə bənzərlər. Təqva sevginin ən yüksək zirvəsidir, insanın həm Allah qarşısında, həm də elm, kollektiv, cəmiyyət, ailə qarşısında məsuliyyətini dərk etməsidir. Heç təsadüfi deyildir ki, Allah öz qatında ən xeyirli və ən dəyərli libasın təqva libası olduğunu bildirir. Təqva paylaşılan bir şeydir. Paylaşılan hər bir xeyir əməl, hər bir yaxşılıq kimi təqva da paylaşıldıqca artar. “Təqvada yardımlaşmaq və həmrəy olmaq, yaxşılıq və yardım məsələsində daim bir-biriləri ilə yarışmaq” demək, “insanın insana qarşı təqvalı olması” deməkdir. Məsuliyyət daşımayan heç bir insan təqva sahibi ola bilməz. Məhz bu mənada akademik İsmayıl Hacıyev öz məsuliyyətinin fərqində olan təqvalı bir insandır. Həmişə təvazökarlığı ilə diqqəti cəlb edən, son dərəcə yüksək əxlaqi keyfiyyətlərə sahib bu sadə insan heç vaxt “Mənə nə?! mənə dəxli yoxdur, vecimə deyil, məndən keçsin, kimə dəyir-dəysin” deməmişdir. Heç təsadüfi deyildir ki, bu keyfiyyətlər bütün həyatıboyu İsmayıl müəllimə böyük nüfuz qazandırmış, həm el arasında, həm də elm dünyasında onu sevdirmişdir. Öz şəxsiyyətində bütün insani xüsusiyyətlərlə əsl ziyalılığın bütün komponentlərini ehtiva edən görkəmli alimin çoxşaxəli fəaliyyəti İsmayıl Hacıyevin obrazını konkret bir sferada xarakterizə edir: İsmayıl müəllim gözəl müəllim, görkəmli alim, əsl ziyalıdır. Müxtəlif vaxtlarda və hal-hazırda dərs dediyi bütün tələbələri, rəhbərlik etdiyi elmi müəssisənin bütün əməkdaşları, həmkarları, elmi mühit onu sevir və dərin hörmət bəsləyir.
Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, bacarıqlı elm təşkilatçısı, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor İsmayıl Muxtar oğlu Hacıyevin 70 yaşı tamam olur.
İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində elmi araşdırmalara böyük həvəs göstərmiş, tələbə elmi konfranslarında çıxış etmişdir. İsmayıl müəllim dərin biliyi, elmi mütaliəsi, zəhmət və məsuliyyəti hesabına adi kənd müəllimindən professorluğa, akademikliyə, AMEA Naxçıvan Bölməsinin sədrliyinə, Milli Məclisin deputatlığına qədər yüksəlmiş, şərəfli bir yol keçmişdir.
İsmayıl Hacıyev 1974-1977-ci illərdə təyinatla göndərildiyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xoşkeşin kəndində müəllim işləmişdir. 1978-ci ildən fəaliyyətini Naxçıvan Dövlət Pedaqoji İnstitutu ilə bağlayan İsmayıl Hacıyev pedaqoji fəaliyyəti dövründə əldə etdiyi zəngin təcrübə onun Naxçıvan Dövlət Universitetində müəllim, dekan müavini, elmi işlər üzrə prorektor (1996-1997) və tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində uğurla çalışmasına zəmin yaratmışdır. Prorektor vəzifəsindəki səmərəli fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı ilə seçilən İsmayıl müəllim eyni zamanda elmi biliyi, yüksək əxlaqi keyfiyyətləri, ünsiyyətcilliyi, qayğıkeşliyi, ən əsası da təvazökarlığı və sadəliyi ilə tələbələrin böyük hörmətini qazanmışdır. Tədris prosesində də yaxından iştirak edən İsmayı Hacıyev yeni gənc vətənpərvər nəslin yetişməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır.
Akademik İsmayıl Hacıyev Azərbaycan tarixinin müxtəlif problemlərinin öyrənilməsində öz imzasını atmış görkəmli alimdir. O, 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan qadınlarının arxa cəbhədəki fəaliyyətinə həsr olunmuş dissertasiyasını 1992-ci ildə müdafiə etmişdir. Sonrakı tədqiqatlarında Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin tədqiqinə böyük diqqət yetirmişdir.
İsmayıl Hacıyev 1999-cu ildə “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, qədim türk yurdu olan Naxçıvan diyarının Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutduğunu elmi faktlarla sübut etməyə çalışmışdır.
Dərin elmi biliyi, səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və məsuliyyəti sayəsində İsmayıl Hacıyev 2003-cü ildə AMEA-nın həqiqi üzvü və AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə seçilmiş, Azərbaycan elminin daha dərindən inkişaf etdirilməsi sahəsində mühüm uğurlar qazanmışdır. Azərbaycan tarix elmini xarici ölkələrdə də layiqincə təmsil edən İsmayıl müəllim dünyanın bir çox ölkələrində keçirilən (Türkiyə, Rusiya, İran, Misir, Tunis, Qazaxıstan, Türkmənistan və s.) beynəlxalq konfrans və simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış etmişdir. Tanınmış alim bir sıra elmi qurumların və nüfuzlu xarici jurnalların redaksiya heyətinin üzvü seçilmişdir. O, 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülmüş, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na üzv seçilmiş, 2010-cu ildə isə ABŞ-ın Bioqrafiya İnstitutunun Qızıl medalı ilə təltif olunmuşdur.
Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan bölməsinin “Elmi Əsərlər” (əvvəlcə “Xəbərlər” adı ilə) jurnalının baş redaktoru, Naxçıvan Dövlət Universitetinin “Elmi Əsərlər”, “Naxçıvan” Universitetinin “Elmi Əsərlər” jurnallarının, eyni zamanda, “AMEA-nın məruzələri”, “AMEA-nın xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası)” və digər jurnalların redaksiya heyətlərinin üzvü kimi həmin nəşrlərin yüksək elmi səviyyədə hazırlanmasında yaxından iştirak edir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan məhsuldar alimlərdən biri kimi tanınır və qəbul olunur. İsmayıl müəllim Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin tədqiqində xüsusi xidmətləri olan bir alimdir. Görkəmli alimin “Tarihte ve günümüzde Nahçıvan” (türk dilində), “Naxçıvan və naxçıvanlılar”, “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, akademik İsa Həbibbəyli ilə həmmüəllifi olduğu “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, (bu monoqrafiya eyni zamanda Moskvada 2016-cı ildə Rusiyada “Столица” nəşriyyatında yayımlanmışdır – “Территориальные притязания и кровавые преступления армян против Азербайджана”), “Heydər Əliyev siyasəti tariximizdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası – 90. Quruculuq salnaməsi”, “Naxçıvan: qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan diyar (Azərbaycan, rus və ingilis dillərində)”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Из истории дипломатии. Нахчыванские дипломаты”, “Naxçıvan tarixinə dair qaynaqlar”, “Araz-Türk Respublikası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, (bu monoqrafiya eyni zamanda Sankt-Peterburqda 2020-ci ildə “Академия Исследования Культуры” nəşriyyatında yayımlanmışdır – “Нахчыван в истории государственности Азербайджана”) kimi çox sayda kitab və monoqrafiyaları, respublikada və xarici ölkələrdə nəşr olunan məqalələri elmi ictimaiyyətə məlumdur. Ümumilikdə bu əsərlərin hər biri müasir dövr Azərbaycan tarixini, onun ayrılmaz parçası olan Naxçıvan tarixini aydınladan, onun keçmiş və müasir səhifələrinə işıq tutan sanballı əsərlərdir.
Qeyd edilməlidir ki, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasına görə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb.
Akademik İsmayıl Hacıyev eyni zamanda AMEA Naxçıvan Bölməsində bir sıra ümumiləşdirici və fundamental əsərlərin, xəritələrin, ensiklopediyaların hazırlanmasında da böyük pay sahibidir. Onun bilavasitə iştirakı və müəllifliyi ilə ikicildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası”, üçcildlik “Naxçıvan tarixi”, ikicildlik Naxçıvan coğrafiyası” əsərləri hazırlanmış və nəşr edilmişdir.
Ümumiyyətlə, akademik İsmayıl Hacıyevin əsərlərinin hər birini ayrı-ayrılıqda təhlil etdikcə görürsən ki, görkəmli alimin elmi fəaliyyətində Azərbaycan dövlətçiliyinin, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və rolunun tədqiq edilib öyrənilməsi məsələləri ön mövqedə dayanır. İsmayıl müəllimin Naxçıvan Muxtar Respublikasına həsr olunmuş əsərlərində bu tarixi türk diyarının Azərbaycanın dövlətçilik tarixində yeri və rolunun müəyyənləşdirilməsi xətti əsas meyardır. Xüsusilə Naxçıvanın Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdəki mövqeyi, dövlətyaranma prosesindəki rolu, qədim və Orta əsrlərdəki vəziyyəti, xanlıqlar dövründəki ictimai-siyasi vəziyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyəti, bu diyarın XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına – istiqlalına qovuşmasında əvəzsiz xidmətləri, müstəqillik dövrü, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki yeri, ümumiyyətlə, sadaladığımız məziyyətlər fonunda Naxçıvanın, eyni zamanda, muxtariyyətin yaradılması ilə muxtar respublikanın keçdiyi keşməkeşli inkişaf yolu, hazırkı intibah mərhələsi akademik İsmayıl Hacıyevin tədqiqatlarında bütün yönləri etibarilə əsas şəkildə öyrənilmiş və dövlətçilik faktorunu özündə ehtiva edən araşdırmaları ilə yeni tarixə müasirlik işığında yanaşmanın nümunəsini göstərmişdir.
Qeyd etmək lazımdır ki, Naxçıvan məktəbinin Azərbaycan tarixşünaslığına ən sanballı töhfələri sayılan bu əsərlərin hər biri Naxçıvan tarixinin bütün dövrlərinin öyrənilməsində mövcud olan bəzi boşluqları doldurmağa imkan verir.
İsmayıl müəllim elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi xadim kimi Naxçıvan Muxtar Respublikasının, bütövlükdə Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında da fəal iştirak etmiş, bir sıra mötəbər məclislərin, o cümlədən üzvü olduğu Yeni Azərbaycan Partiyasının, Dünya Azərbaycanlılarının, X Türk Dünyası dövlət və cəmiyyətlərinin, XI Türk dövlətləri və xalqlarının, müstəqillik dövründə keçirilən qurultayların iştirakçısı olmuşdur. İctimai-siyasi xadim kimi Naxçıvan Muxtar Respublikasında və bütövlükdə Azərbaycanda böyük nüfuz və hörmət qazanan akademik İsmayıl Hacıyev xalqın etimadı ilə II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan elmi qarşısında xidmətlərinə görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafat və medalla təltif edilmiş, elm sahəsində qazandığı uğurlara görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Sonrakı mərhələlərdə görkəmli alimin uğurları daha da artmış, Naxçıvan Muxtar Respublikası Mükafatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Xatirə medalı və Fəxri fərmanı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatları, ABŞ-ın Bioqrafiya İnstitutunun Qızıl medalı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi xatirə medalı ilə təltif edilmişdir.
2003-cü ildə fəaliyyətə başlayan AMEA-nın Naxçıvan Bölməsi həm yüksək dövlət qayğısı, həm də bölmənin sədri akademik İsmayıl Hacıyevin məqsədyönlü fəaliyyəti və ardıcıl səyləri nəticəsində Azərbaycanın mühüm elm ocağına çevrilmişdir. İsmayıl müəllimin AMEA-nın Naxçıvan Bölməsinə rəhbərlik etdiyi dövrdə bu elm mərkəzinin fəaliyyəti qurulmuş, maddi-texniki bazası möhkəmləndirilmiş, bölmə yüksək ixtisaslı kadrlarla təmin edilmiş, ümumilikdə Naxçıvanda elmi mühit tərəqqi etmişdir.
Akademik İsmayıl Hacıyev təcrübəli təşkilatçı və yüksək istedadlı, fədakar elm adamıdır. O, gənc nəslin milli ruhda hazırlanmasına, yeni-yeni elmi kadrların yetişməsinə özünün sanballı töhfəsini vermiş və verməkdədir. Tarixçi elmi qüvvələrin hazırlanması sahəsində mühüm xidmətləri olan İsmayıl Hacıyev 2006-2018-ci illərdə üç ixtisas üzrə (Vətən tarixi, Arxeologiya və İqtisadiyyat) AMEA-nın Naxçıvan Bölməsi nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının sədri olmuş, hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01 noyabr 2019-cu il tarixli F-78 №li əmrinə əsasən, iki ixtisas üzrə (Vətən tarixi və Arxeologiya) AMEA-nın Naxçıvan Bölməsi nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının sədri kimi fəaliyyət göstərir.
Akademik İsmayıl Hacıyevin rəhbərliyi və elmi məsləhətçiliyi ilə 19 nəfər fəlsəfə doktoru və elmlər doktoru dissertasiyası müdafiə etmişdir. Hal-hazırda da çox sayda doktorantın elmi rəhbəri və məsləhətçisidir. İsmayıl müəllim elmin inkişafı sahəsində yorulmadan, böyük həvəslə və coşğun enerji ilə çalışmaqda davam edir.
70 yaşınız mübarək olsun, İsmayıl müəllim! Dünyanın ən gözəl neməti və xəzinəsi cansağlığıdır. Allahın verdiyi ömür yolunda Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq yollarında uğurlar arzulayırıq.
Emin Arif Şıxəliyev,
AMEA Naxçıvan Bölməsi,
tarix üzrə fəlsəfə doktoru, dosent