Bibiheybət qəsəbəsinin “Şıx” yamacındakı 50 hektar ərazidəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə “Ekoloji park” layihəsinin həyata keçirilməsi işlərinə başlayıblar.
Bu barədə AZƏRTAC-a Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev məlumat verib.
Bildirilib ki, nəzərdə tutulan işlər çərçivəsində 168 metr hündürlükdə 250 kubmetr tutumlu 1 əsas və 60 kubmetr tutumuna malik 2 köməkçi su rezervuarları quraşdırılıb. Burada tətbiq ediləcək damcı üsulu ilə suvarma sistemi üçün müxtəlif diametrli 3,7 kilometr uzunluğunda polad və plastik borulardan əsas paylama, 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılıb, 39 kilometr uzunluğunda köməkçi xətlər, eləcə də nasosların elektrik təminatı üçün yeni elektrik xətləri çəkilib.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Burada ağaclar üçün çalalar qazılaraq, lazımi gübrələr alınıb və artıq 30 min ədəd yeni ağac əkilib. Əlavə ağacların əkilməsi mövsüm ərzində davam edəcək. İl boyu isə əkilən ağaclara qulluq göstərilməsi ciddi nəzarətdə saxlanılacaq.
Kəskin dağ yamacı, böyük maillik olan ərazidə yerli iqlimə uyğun Eldar şamı, oleandr və digər ağacların əkilməsi nəzərdə tutulub. Bu ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakının cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə bir töhfə olacaq.
Gələcəkdə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.