22 yanvar 2021 13:34
889

Uşaqlar hansı oyunları oynamamalıdırlar?

Uşağının saatlarla oyun oynaması heç bir valideyni əlbəttə ki, sevindirmir, ancaq rəqəmsal oyunları birdən-birə uşağın həyatından çıxarmaq da məntiqli deyil. Əvəzində müəyyən saatlarda və ancaq sizin icazə verdiyiniz oyunları oynaması daha yaxşı olar. Bəs uşaqları hansı rəqəmsal oyunlardan uzaq tutmaq lazımdir?

Uşaqların oynamaması gərəkən oyunların siyahısını tutmağa çalışsaq, bir enskilopediya yaranar. Lakin aşağıda uşaqların uzaq tutulması lazım olan oyunların özəllikləri ilə tanış ola bilərsiniz:

İçərisində şiddət, qorxu olan oyunlar

Normal həyatda uşaqlarımızı şiddət, qorxu, qəzəb kimi mənfi xüsusiyyətlərdən uzaq tutmağa çalışırıq. Lakin bu özəlliklərə malik xarakterləri olan oyunlar da var ki, uşaqlar belə oyunları oynamamalıdırlar. Hər halda heç bir valideyn uşağının canlılara zərər verən biri olmasını istəməz.

Söyüş işlədilən oyunlar

Yalan danışmaq, söyüş söymək kimi pis davranışları təlqin edən oyunlar uşaqların zehni və sosial inkişafına zərərlidir. Daha doğrusu, belə oyunları oynayan uşaqlar oyundakı xarakterlərə oxşayaraq, qısa zamanda heç tanımadığınız şəxsə çevrilə bilər.

Çat, mesajlaşma özəlliyi olan oyunlar

Belə oyunların uşaqlara birbaşa zərər verdiyini demək olmaz, lakin heç bir ana-ata azyaşlı uşağının tanımadığı insanlarla ünsiyyət qurmasını istəməz. Yad insanlarla qurulan əlaqələrdə istismar, saxtakarlıq və s. halları yaşana bilər.

Reklam göstərən oyunlar

Uşaqların zehni, sosial və psixoloji durumuna təsir göstərən reklamları onun qarşısına çıxaran oyunları da qadağan etmək lazımdır. Bu tip oyunlarda uşağın qarşısına cinsəllik, söyüş, qumar, şiddəti təbliğ edən reklamlar çıxa bilər.

Sosial media oyunları

Mesajlaşmaya imkan verən sosial media oyunları da bu baxımdan risklidir. Belə proqramlarda olan oyunların çoxunda uşaqlara uyğun olmayan, sırf böyüklər üçün olan məzmun ola bilər. Uşaqları ən az 13 yaşa qədər belə oyunlardan və sosial mediadan uzaq tutmağa çalışmaq lazımdır.

Nubar Süleymanova, “İki sahil”