“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarını böyük əzm və peşəkarlıqla davam etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın döyüş meydanında qazandığı möhtəşəm qələbə hazırda diplomatik sahədə uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu. Lakin müəyyən qüvvələr bu uğurları “həzm” edə bilmirlər, buna qısqanclıqla yanaşırlar.”
Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev qəzetimizə açıqlamasında bildirdi.
M.Yolçuyev söylədi ki, dünyanın bəzi ölkələrində erməni lobbisinin təsiri altında olan siyasi dairələr, Ermənistanda bəzi revanşist qüvvələr və Azərbaycanda antimilli qüvvə kimi fəaliyyət göstərən antimilli şura təmsilçiləri öz məkrli məqsədlərini reallaşdırmaq üçün vəziyyəti qarışdırmağa, ictimaiyyəti çaşdırmağa cəhd edirlər: “Artıq işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və yeni inkişaf dövrü başlayıb. Azərbaycan ilk növbədə erməni vandalları tərəfindən dağıdılmış yol infrastrukturunu, yerlə-yeksan edilmiş binaları, tarixi abidələri, məscidləri, qəbirləri, məzarlıqları və digər obyektləri bərpa edəcək. Belə ki, Azərbaycanın qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində, o cümlədən Fransa və Hollandiyada narahatlıq doğurub və onların bir sıra nüfuzlu KİV-lərində ölkəmizin əleyhinə qərəzli yazılar - tənqidi məqalələr, süjetlər, şərhlər yayımlanıb. Belə ermənipərəst, islamofob və anti-Azərbaycan qüvvələrin əsl məqsədi aydındır. Daha çox təəssüf doğuran məqam isə “sapı özümüzdən olan baltalar”ın - antimilli şura təmsilçilərinin müharibə dövründə və ondan sonra göstərdiyi fəaliyyətdir.”
M.Yolçuyev qeyd etdi ki, 44 günlük müharibənin ilk günündən Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat verərək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirdilər: “Lakin antimilli şurada təmsil olunan radikal müxalifət yenə də düşmənçilik mövqeyi nümayiş etdirdilər, bu dəfə də öz maddi maraqlarına üstünlük verərək Prezidentin və xalqımızın çağırışına qoşulmadılar. Hazırda isə ərazilərimizin işğaldan azad edilməsi, yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycana beynəlxalq dəstəyin artması, iqtidarın mövqeyinin daha da güclənməsi və s. məsələlər antimilli şuranı çox narahat edir. Aydındır ki, bu qruplaşmanın əsl məqsədi yenidən hakimiyyətə gəlməkdir. Amma bütün bunlar mənasız cəhdlərdir. Çünki Prezident İlham Əliyev sözün həqiqi mənasında ordumuzun müzəffər Ali Baş Komandanı kimi tarix yazdı. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibədə möhtəşəm qələbə qazanmaqla böyük sərkərdə, güclü Ali Baş Komandan, xalqın lideri kimi Azərbaycanın tarixinə əbədi olaraq həkk olundu.”
Cavid Əkbərov, “İki sahil”