Fevralın 2-də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) mərkəzi ofisində təltifetmə mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə AİJA-nın baş katibi, görkəmli idman jurnalisti Rövşən Binnətli açıb. Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mükafatlandırma prosesinə keçilib.
Vətən müharibəsi iştirakçısı olan media nümayəndələri - Anar Miriyev ("İki Sahil" qəzeti), Daşqın Əziz (offisdeplus.az), Mahal Məmmədov (Futzal Federasiyasının mətbuat katibi), Mehman Əşrəfov (sportal.az), Süleyman Vəliyev (CBC Sport), Bəxtiyar Məcidli (ATV), həmin dövrdə televiziyadakı işini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yolanmış Xəyal Sadıqov (CBC Sport), Vətən müharibəsində peşəkarlıq nümunəsi göstərmiş hərbi jurnalistlər Vüsal Qurbanov (ATV), Emin Səfərov (qafqazinfo.az) və İsmayıl Nəsibli (report.az) Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatlarını aldıqdan sonra AİJA-nın "İlin İdman Xadimi" seçdiyi Vətən müharibəsinin könüllü iştirakçısı, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov da mükafatlandırılıb.
Qazilərə mükafatları birinci Qarabağ müharibəsinin şəhidi Ərşad Nadirovun oğlu, tanınmış futbolçu Vüqar Nadirov təqdim edib. Vüqar Nadirov atasının və bütün şəhidlərimizin qisasının alındığını bildirib, buna görə qazilərimizə təşəkkürünü çatdırıb.
Vətən müharibəsi günlərində "Qarabağ" Futbol Klubunun özünü Qarabağdakı kimi hiss etməsi və əbədi Azərbaycan-Türkiyə qardaşlığına verdiyi töhfəyə görə "İlin İdman Qurğusu" seçilən İstanbul Bakşakşehir Fatih Terim Stadyumunun fəxri diplomu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalana təqdim edilib. Hüseyn bəy Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayıb, müzəffər qazilərimizə, onları böyütmüş valideynlərə sayğısını bildirib.
Tədbirin sonunda AİJA prezidenti Eldar İsmayılov, təşkilatın baş katibi Rövşən Binnətli, vitse-prezidentlər Natiq Nəsirov və Anar Şabanoğlu Vətən uğrunda göstərdikləri şücaətə görə bütün qazilərə, müharibənin ən qaynar nöqtərlərində çalışmış hərbi jurnalistlərə və Başakşehir Fatih Terim Stadyumunun timsalında Azərbaycanın çətin günlərində daim dəstəyini hiss etdiyimiz qardaş Türkiyə Cümhuriyyətinə minnətdarlıqlarını bildiriblər.