11 fevral 2021 17:53
2602

Müasir nəqliyyat vasitələrinin yaranması haqqında nələri bilirik?

Avtomobil ifadəsi latın və yunan sözlərindən ibarət olub, “özüyeriyən” deməkdir. Avtomobillər həyatımıza daxil olandan sonra yüksək səviyyəli nəqliyyat yollarının çəkilməsi bizim əsas sosial qayğılarımızdan birinə çevrilmişdir. Bəs biz bu müasir nəqliyyat vasitəsinin yaranması haqqında nələri bilirik?

Heç bilirdinizmi ki, avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür?
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad etmişdir və bu ixtiradan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi və dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-cı ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək  onu bugünkü formaya saldı.

Avtomobillər artıq dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi.

1886-cı ildə alman mühəndisi Daymlerin böyük zəhməti bahasına ilk daxiliyanma mühərrikli avtomobil icad ediləndən sonra bu işdə böyük perespektivlər görən alman milyoneri Eminel qızı Mersedesin şərəfinə yeni "özüyeriyən" sifariş verdi. İlk «Mercedes»in sürəti 13 km/s-dan artıq deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində həmin sürət 102 km/s-a çatdı.

Getdikcə aristokratlıq rəmzinə çevrilən "özüyeriyənlərə" 1887-ci ildə türk sultanı Əbdül Həmidin sifarişi ilə akkumulyator, 1895-ci ildə Mişel qardaşları tərəfindən hava doldurulmuş rezin təkər və 1923-cü ildə hidravlik tormoz sistemi tətbiq edildi.

Müasir dövrdə ABŞ-da və Avropanın 55 dövlətində 492 mln. avtomobil istehsal olunur və onların dünyada ümumi sayı 1 milyardı keçir.

Samirə Tağıyeva, “İki sahil”