16 fevral 2021 17:26
2509

Revanşistlər alçaq niyyətlərinə çata bilməyəcəklər

Müharibədəki məğlubiyyət Ermənistanı sosial-iqtisadi baxımdan uçuruma yuvarlayıb. Bəzi qüvvələr bunun əsas səbəbkarının Nikol Paşinyan olduğunu israr etməkdədirlər. Bu səbəbdən İrəvanda hakimiyyətin istefası tələbi ilə keçirilən mitinqlər  gündəlik normaya çevrilib. Bu, Ermənistanda daxili siyasi vəziyyətin tədricən daha da mürəkkəbləşməyə doğru getdiyindən xəbər verir. Nikol Paşinyan isə aksiya iştirakçılarını özünəməxsus metodlarla dəf etməkdədir. Bu vəziyyətə rəğmən, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar. Daha doğrusu, onlar Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə səylər göstərirlər. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən Prezident İlham Əliyev bu məsələdən bir daha söz açaraq bildirib ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Dövlətimizin başçısı fikrini bu sözlərlə əsaslandırıb: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur.”

Bu gün həqiqətən də Ermənistan ordusu demək olar ki, yoxdur. O, Azərbaycanın dəmir yumruğunun zərbəsindən tar-mar olub. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin fevralın 10-da keçirilən iclasında bildirib ki, bu günlərdə Ermənistanın hüquq mühafizə orqanları 44 gün davam edən döyüş meydanından qaçan 10 mindən çox hərbçi barədə fərarilik ittihamı ilə cinayət işi qaldırıb və onların dindirilməsinə başlanılıb. Məlumatlara görə, fərarilərin verdikləri ifadələr demək olar ki, eynidir:  müharibəyə yollananda döyüşməyə hazır idik, amma göydən od yağdığı, dostlarının göz önündə yanıb kül olduğu bir vaxtda qaçmaqdan başqa yolumuz qalmadı. Odur ki, belə  ifadələr əsasında müstəntiqlər qərar çıxarmaqda çətinlik çəkirlər. Bu səbəbdən  barələrində cinayət işi qaldırılmış 10 mindən çox hərbçi ilə bağlı hansısa qərarın qəbul ediləcəyi hələ məlum deyil. Artıq müharibə vaxtı  Ermənistan ordusunun əsgər və zabitləri arasında çox böyük uçurumun olduğu, həmçinin bu kimi digər xoşagəlməz halların da baş verdiyi aydın olub. Zənnimizcə, sadaladığımız  faktlar əsasında Azərbaycan Ordusu tərəfindən darmadağın edilən erməni ordusunda hansı əhvali-ruhiyyənin hökm sürdüyünü təsəvvür etmək o qədər də çətin deyil.

Bu gün heç bir sadə erməni öz övladının Qarabağ ərazisində ölməsini istəmir. Çünki Vətən müharibəsində ordumuzun onlara yaşatdığı acıları əsgər valideynləri yaxşı dərk etməkdədirlər. Yəni anlayırlar ki, artıq vəziyyət dəyişib, regionda Prezident İlham Əliyevin yaratdığı yeni reallıq hökm sürür.  Bu reallıqda isə revanşa-qisasa yer qalmayıb. Bu da əslində revanşist qüvvələrin Ermənistanda ciddi dəstək görmədiyindən xəbər verir. O da məlumdur ki, revanşist qüvvələr, əsasən Xocalı qatilləri, öz cinayətkar əməlləri ilə Ermənistanı dalana dirəyən Robert Koçaryan-Serj Sarkisyan cütlüyü və onların tör-töküntüləridir. Onlara isə sadə ermənilər ümumiyyətlə, rəğbət bəsləmirlər. Çünki xalq “qisas” arzuları ilə yaşayanları bizdən daha yaxşı tanıyır, bir sözlə, onların “kəramətinə” yaxşı bələddir. Bu mənada demək olar ki, onların və digərlərinin revanşizmlə bağlı hissləri elə ürəklərində qalacaq. Prezidentimizin sözləri ilə desək, heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək.

“Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik” bildirən Prezident İlham Əliyevin fikrincə, bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür, bu aparılan siyasətin təzahürüdür. Bu gün Ordumuz daha da güclənməkdə, öz peşəkarlığını artırmaqdadır. Elə bu il  hərbi xərclərin artırılması, bu yaxınlarda keçiriən təlimlər də bunu sübut edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”