22 fevral 2021 10:54
1414

Qulaqlarımız niyə tutulur?

Vaxtaşırı bir ya da hər iki qulağımızın tutulduğunu, sanki qulağımızda nəsə varmış kimi hiss edirik. Çox narahatedici bu hal niyə baş verir?

Bu hal əsasən orta qulaqdakı təzyiq ətraf mühitdəki təzyiqdən fərqli olduqda baş verir. Bu, məsələn, təyyarə ilə havaya qalxarkən və ya eniş edərkən, suya dalarkən və ya dağa qalxarkən olur.

Çox vaxt, bu kimi hallarda günahkar yevstax borusudur. Yevstax, qulağı udlaqla birləşdirən borudur. Bu borunun funksiyası qulaq pərdəsinin daxilində və xaricindəki təzyiqi bərabərləşdirməkdir. Biz udqunanda və ya əsnəyəndə, yevstax boruları açılır və udlaqdan hava yevstax borusu ilə qulağın daxili ilə xaricindəki təzyiqi bərabərləşdirir. Belə olduqda isə qulaq pərdəsi sərbəst şəkildə titrəyir və biz qulaqda heç bir narahatlıq hiss etmədən səsləri eşidə bilirik.
Yevstax borusu çox nazikdir və qulağın xaricindəki təzyiq sürətli şəkildə dəyişərsə yevstax borusu çatdırıb təzyiqi bərabərləşirə bilmir. Bu zaman isə qulağımız tutulur, narahatçılıq hiss edirik. Bu tutulma bir müddət sonra özü düzəlir.

Qulaqlardakı tutulmanı daha tez aradan qaldırmaq üçün:
Dərindən nəfəs alın.
Burnunuzu və ağzınızı bağlayaraq nəfəsi üfürün. Hava yevstax borusu ilə qulaqlara dolacaq və qulağınız açılacaq.

Əgər qulaqlarda tutulma uzun müddət davam edərsə mütləq həkimə müraciət edin.

Röya Rasimqızı, "İki sahil"