22 fevral 2021 12:19
1388

Şəhidlər ölməz, Vətən bölünməz! FOTO

YAP Xətai rayon təşkilatı şəhid kəşfiyyatçı Həmid Cəfərlinin ailəsini ziyarət edib

44 günlük İkinci Qarabağ müharibəsi Zəfərimizlə dünyaya səs saldı. Bu tarixi Qələbəni bizlərə yaşadan şəhidlərimizi unutmur, onların həyat yolundan, şücaətindən bəhs etmək hər birimizdə qürur hissi yaradır.

Bu gün dövlətimizlə yanaşı, hər bir idarə, müəssisə, təşkilat, adi vətəndaş şəhidlərimizin ailələrinin, qazilərimizin yanında olmaq istəyir, onların qayğıları ilə maraqlanır, əllərindən gələni əsirgəmirlər. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir! Torpaq, Vətən sevgisi, vaxtilə itirilmiş qürurumuzun bərpası məsələsi harada yaşamasından asıl olmayaraq bütün azərbayanlıları bir araya gətirən, dəmir yumruq kimi birləşdirən amillər idi.

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və təşkilatın əməkdaşlarının  ailəsini ziyarət etdikləri kəşfiyyatçı  Cəfərli Həmid Kərim oğlu da  Vətən müharibəsində qəhrəmancasına döyüşərək  şəhidlik zirvəsinə ucalmışdır. Qeyd edək ki,  Cəfərli Həmid Kərim oğlu  "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

YAP Xətai rayon təşkilatının sədri H.Mirələmov İkinci Qarabağ müharibəsində  Azərbaycan Ordusunun dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazmasından böyük qürur hissi ilə danışıb. Bildirib ki, cəbhədən gələn Qələbə xəbərlərini,  Qarabağımızın ürəyi Şuşamızın işğaldan azad olunduğu, 10 noyabr üçtərəfli razılaşma əsasında Azərbaycanın Zəfərinin necə böyük coşğu, yüksək əhval-ruhiyyə ilə qeyd olunduğunu yada salaq. Hər kəsin dilindən bu ifadələr eşidilirdi: Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan Vətən yolunda həlak olanlara rəhmət, qazilərimizə şəfa diləyirik. Belə vətənpərvər oğul böyütdükləri üçün valideynlərinə təşəkkürümüzü bildiririk.   

Hüseynbala Mirələmov şəhid Həmid Cəfərlinin keçdiyi qısa ömür yolundan söhbət alaraq bildirib ki, şəhidlərimiz 44 gündə yazdıqları  tarixlə Azərbaycan xalqının nə qədər məğrur, yenilməz olduğunu bir daha dünyaya nümayiş etdirdilər.

YAP Xətai rayon təşkilatının sədri şəhidin  ailəsinin vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə valideynlərinə təşəkkür edib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq. Şəhidlər ölməz, Vətən bölünməz! 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün, hər anının əsas çağırışı, şüarı bu idi. Birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirək, Zəfərimizi qoruyaq, daimi edək. Şəhidlik zirvəsinə ucalan oğullarımız hər zaman bizimlədir.   

Şəhidin ailəsinə maddi dəstək göstərilib.

Röya Rasimqızı, “İki sahil”