23 fevral 2021 11:24
893

Ermənistanın minalı sahələrin xəritəsini təqdim etməməsi hərbi cinayətdir RƏY

Yusif Bağırzadə: Zəngəzurdan İrəvana qədər tarixi-mədəniyyət nümunələrimiz, abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, saxtalaşdırmaya məruz qalıb

“Tarixi-mədəni abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi yaddaşını əks etdirir. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri erməni xislətinə uyğun hərəkətdir. Onlar bu yolla bizim minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək istəyirlər. Ermənilər tərəfindən Azərbaycana məxasus olan tarixi-dini, mədəni abidələr təkcə işğal olunmuş ərazilərimizdə deyil, həmçinin indiki Ermənistan adlanan ərazilərdə də məhv edilib. Zəngəzurdan İrəvana qədər Azərbaycan-türk abidələri, tarix-mədəniyyət nümunələri Ermənistan tərəfindən dağıdılıb, saxtalaşdırmaya məruz qalıb. Ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal davranışları müxtəlif istiqamətlərdə aparılıb. Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələr tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir.”

Bu sözləri “İki sahil”ə  açıqlamasında politoloq Yusif Bağırzadə erməni vandalizmindən  bəhs edərkən  deyib.

Həmsöhbətimiz tarixi, mədəni və dini abidələrimizə qarşı həyata keçirilən terror əməllərinə dair misal da qeyd edib: “İndiki Ermənistan ərazisində, təkcə İrəvan qəzası, Ecmiədzin və Zəngəzurda məhv edilən məscidlərimizn sayı 100-dən artıqdır. Ümumilikdə isə həmin ərazilərdəki məscid və dini abidələrimizin sayı 300-dən artıq olub ki, onların da hamısı ya məhv edilib ya da saxtalaşdırmaya məruz qalıb. Bizlərə məxsus bütün məzarlıqların dağıdılması ilə bağlı da çoxlu sübutlar var. Qoç daşlardan  məzarüstü abidələrə, türbələrə, məscidlərə, tarixi binalara qədər bütün maddi-mədəni irsimizin Ermənistan tərəfindən talandığı, məhv edildiyi faktdır. Məqsəd bizim izlərimizi öz doğma torpaqlarımızdan silmək, bu yerləri saxtakarlıqla “erməni torpağı” kimi qələmə verməkdən ibarət olub. Heç şübhəsiz ki, ermənilərin bu cinayətləri cəzasız qalmamalı və onlar bu cinayətlərə görə cavab verməlidirlər. Bunun üçün isə həm dövlət, həm də vətəndaş olaraq hər birimiz ermənilərin bu cinayətlərinin ifşasında fəal olmalı və həqiqətləri bütün mümkün olan vasitələrdən istəfadə edərək dünya birliyinin nəzərinə çatdırmalıyıq”. 

 Politoloq ermənilərin minalanmış ərazilərimizin xəritəsini verməkdən imtina etməsi ilə bağlı  mövzudan da bəhs edib: “Müharibələrin ən acı statistikalarından biri də mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Təbii ki, burada məqsəd mümkün qədər çox sayda mülki şəxsin həlak olmasıdır. Əslində isə postmüharibə dövründə minalı sahələrin xəritəsinin təqdim edilməməsi bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa, onların ölüm təhlükəsinin artmasına yönəlib ki, bu da hərbi cinayət sayıla bilər.”

Belə bir xəritənin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında olmasına heç bir şübhə yoxdur

Y. Bağırzadə əlavə edib ki, bu gün Ermənistan hər nə qədər minalanmış ərazilərin xəritəsinin olmadığını iddia etsə də bu, yalandan başqa bir şey deyil: “İstər NATO, istərsə də Sovet və ya indiki Rusiya hərbi təlimatına əsasən minalanan ərazilərin mütləq şəkildə xəritəsi olmalıdır. Həmin xəritələrin bir nüsxəsi müvafiq olaraq minalanmanı həyata keçirən hərbi hissədə, digəri isə silahlı qüvvələrin Baş Qərərgahında saxlanılır. Odur ki, belə bir xəritənin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında olmasına heç bir şübhə yoxdur. Ermənistan isə hər vəchlə xəritəni verməkdən imtina edir. Özü də nəinki əvvəlki dövrdə minalanmış ərazilərin xəritəsini, həmçinin sentyabrın 27-dən, yəni hərbi əməliyyatların başlamasından sonrakı dövrdə basdırılan minaların belə, xəritəsini təqdim etmək istəmir. Nəticədə isə dinc dövrdə günahsız insanlar həlak olur. Artıq bir neçə hərbçimizin və o cümlədən də mülki şəxslərin həmin minaların partlaması nəticəsində həyatını itirdiyini hər birimiz bilirik.”

Həmsöhbətimiz vurğulayıb ki, günahsız insanların ölümünə son qoyulması üçün həmin xəritələrin Ermənistandan tələb edilməsi şərtdir. Həm beynəlxalq ictimaiyyət, həm Minsk qrupunun üzvü olan ölkələr, o cümlədən də həmsədr ölkələr Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Rusiya da bu məsələdə xüsusilə fəal olmalıdır. Çünki, regionda minalardan əziyyət çəkən təkcə vətəndaşımız olan mülki əhali və həbçilərimiz deyil, həm də Rusiya hərbçiləridir. Başqa sözlə, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi Rusiya sülhməramlılarının təhlükəsizliyinə də təhdid yaradır.

Yaqut Ağaşahqızı, "İki sahil"