23 fevral 2021 14:35
990

“Yarat…İnkişaf et…Töhfə ver…” layihəsinin nəticələrinə dair ictimai təqdimat keçirilib FOTO

“Yarat…İnkişaf et…Töhfə ver…” layihəsinin nəticələrinə dair ictimai təqdimat keçirilib.

“İki sahil” xəbər verir ki, ictimai təqdimat zamanı qonaqlar Azərbaycan hökuməti tərəfindən başlanan bu təşəbbüsün uğurlu nəticələrini qeyd edərək gələcəkdə bu istiqamətdə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən 6 regionda həyata keçirilib.

Bakının Binəqədi və Xəzər, o cümlədən Şəmkir, Biləsuvar, Qazax rayonları və Mingəçevir şəhəri də daxil olmaqla respublikamızın bölgələrindən 150 nəfər gənc (120 iştirakçı və 30 mentor) layihədə iştirak edib. Eyni zamanda regionlardan olan 1500-dən artıq gənc birbaşa, 4000-dən artıq gənc isə dolayısı yolla bu təşəbbüsdən faydalanıb.

Layihənin məqsədi regionlarda yaşayan gənclərin, xüsusilə də qızların şəxsi inkişafına imkan yaratmaq, eləcə də incəsənət alətlərindən istifadə etməklə yerli təşəbbüslər həyata keçirərək onların fəal iştirakçılığını təmin etmək üçün yeni perspektivlər vermək olub.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar gender bərabərliyi, ətraf mühitin qorunması, inkluziya, gənclərin asudə vaxtının təşkili, təhsil, oxu vərdişlərinin artırılması, sağlamlıq üçün idman və s. mövzularda 31 yerli təşəbbüs həyata keçirib. İştirakçılar icra etdikləri təşəbbüs layihələrini müxtəlif incəsənət vasitələrindən istifadə edərək izləyicilərin diqqətinə çatdırblar.