23 fevral 2021 14:59
1391

Türkiyə ilə Preferensial Ticarət Sazişi Azərbaycana nə qazandıracaq?

Mart ayının 1-dən Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrasına başlanılır. Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır. Ötən il fevralın 25-də Bakı şəhərində imzalanan Saziş il ərzində hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunub.

Maraqlıdır, Türkiyə ilə preferensial ticarət sazişi ölkəmizə nə qazandıracaq?

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb ki,  Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrini daha da genişləndirəcək. “Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.

Qeyd edək ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 7,73 faiz azalaraq 4 milyard 160 milyon 824,69 min ABŞ dolları təşkil etsə də, tərəflər yaxın illərdə bu göstəricini 15 milyard dollara yüksəltməyi qarşıya hədəf qoyublar.  Buna nail olmaq üçün sözügedən Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. 

Türkiyə son bir neçə ildir ki, Azərbaycanın xarici ticarət dövriyyəsində ikinci, o cümlədən ixracında ikinci yerdə qərarlaşıb. 2020-ci ildə Türkiyədən idxalda 5,08 faiz, bu ölkəyə ixracda 9,25 faiz azalma qeydə alınıb. Ümumilikdə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin saldosu 1 milyard 34 milyon 728,61 min dollar təşkil etməklə Azərbaycanın xeyrinə olub.

Bununla belə, Azərbaycanın Türkiyəyə ixracının 85,45 faizi neft-qaz sektorunun payına düşüb. Azərbaycanın iqtisadiyyatın qeyri-neft-qaz sektorunun inkişafına verdiyi əhəmiyyəti nəzərə alanda, bundan irəli gələrək qeyri-neft ixracı daha prioritetdir. Bu baxımdan Sazişdən əsas gözlənti illik 2 milyard dollardan çox olmayan qeyri-neft ixracının artması ola bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cı ildə qeyri-neft  mühüm növ məhsullar üzrə Türkiyəyə təzə tərəvəz, bitki yağları, meyvə və tərəvəz şirələri, elektrik enerjisi, etilen polimerləri, pambıq lifi və ipliyi, qara metallardan yarımfabrikatlar, emal olunmamış qurğuşun və alüminium,kimya sənayesi məhsulları ixrac edilib. 

Lakin burada o da vurğulanmalıdır ki, yerli istehsalın inkişafı ölkə iqtisadiyyatının qarşısında duran bir nömrəli vəzifədir və bu istiqamətdə son illərdə ciddi addımlar atılmaqdadır. Burada, ilk növbədə, ölkədə istehsal olunan məhsulların daxili bazarda rəqabətqabiliyyətliliyinin qorunması amilini qeyd etmək olar. Bu mənada Türkiyədən idxal olunan məhsulların siyahısına nəzərə salanda məlum olur ki, burada ölkəmizdə inkişafda olan kənd təsərrüfatı, inşaat, tekstil və digər sahələrə aid mallar da var.

Nəticə etibarilə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi aid olduğu məhsulların ixracının artması baxımından əhəmiyyətli olsa da, yerli istehsalın və istehsal potensialı olan sahələrin qorunması da vacibdir. Sazişin gömrük yığımlarına təsiri isə məsələnin digər tərəfidir.   

Ceyhun Piriyev, “İki sahil”