23 fevral 2021 18:00
1243

Bəşər mədəniyyətinə qarşı erməni təcavüzü

Tarixi Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni irs də eyni tarixi-dini abidələri yer üzündən silmək bəşəri cinayətdir. Məhv edilən abidələr xalqımızın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs ziyarətgahlardır. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məscidlərimizi məhv etmələri erməni xislətinə uyğun hərəkətdir.

İrəvan xanlığının ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət nümunələri idi. Müasir dünyanın ermənipərəst qüvvələri  Qərbi Azərbaycan ərazisində  mövcud olan İslam  dininə aid  abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə edə bilərlər.

XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir. Bu gün İrəvan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi  - İrəvan şəhərindəki Göy məscid “fars məscidi” kimi, digəri - İrəvan yaxınlığındakı Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi  “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir. Hiyləgər erməni rəsmiləri  Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 2012-ci ilin noyabrında İrəvana rəsmi səfəri zamanı  ona  Əmir Səəd məqbərəsini “türkmən abidəsi” kimi mühafizə etdiklərini göstərmişlər. Türkmənistan prezidenti  dəbunun “qarşılığında”  öz ölkəsi üçün heç bir geosiyasi və iqtisadi əhəmiyyət kəsb etməyən  Ermənistana elektrik enerjisi ixrac etmək niyyətində olduğunu bildirmişdir.

Akademik Yaqub Mahmudov  “İrəvan xanlığı“  kitabında qeyd edir ki, Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr məhz  İrəvan xanlığının ərazisində cərəyan etmişdir. Böyük Azərbaycan hökmdarı Həsən Bayandurun  tapşırığı ilə yazılmış Oğuznamədə - "Kitabi-Diyarbəkriyyə"də oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada - Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi bildirilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

Bu gün Qərbi Azərbaycanın ərazisindəki  tarixi abidələrimizlə yanaşı, uzun illər Ermənistanın işğalı altında saxladığı rayonlarımızda bir çox müsəlman dini abidələrini  mənfur erməni vandalları  yerlə  yeksan ediblər. Bu vandalizm təkcə Azərbaycan xalqına deyil,  bəşər mədəniyyətinə qarşı cinayətdir.  Amma beynəlxalq təşkilatlar  uzun illərdi ki, ermənilərin kütləvi surətdə  tarixi-mədəniyyət məkanlarımızı talan etmələrinə  göz yumublar.

Lakin 44 günlük müharibə  bitər-bitməz ermənilərin havadarları  hay-küy saldılar ki, guya Azərbaycan işğaldan azad etdiyi  Qarabağda  xristian irsinə qarşı təhlükə mənbəyidir. Halbuki,  bütün dinlərə hörmətlə yanaşan  ölkəmiz tərəfindən  Ermənistanın işğal ərazilərində İslam dininə aid tarixi və mədəni irsin, eləcə də  məscidlərimizin dağıdılıb, təhqir edilməsi barəsində 30 il ərzində dəfələrlə etdiyi müraciətlərə UNESCO başda olmaqla BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar buna məhəl qoymayıb.  Dini dəyərlərə daim yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyevin Zəngilanda düşmən tərəfindən dağıdılmış məscidin qarşısında çıxışında dediyi kimi: “Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər.”

Nurəddin Muğanlı, “İki sahil”