15 yanvar 2020 16:01
326

20 Yanvar faciəsi hər birimizin yaddaşına əbədi həkk olunub

Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan tarixi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “20 Yanvar - milli şüurun oyanışı günü” mövzusunda konfrans keçirilib.

BSU-dan bildirilib ki, tədbirdə Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov 20 Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq, həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu vurğulayıb. Qeyd edilib ki, 1990-cı ilin 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosentləri Ərzuman Əmirov, Adil Əliyev, kafedranın baş müəllimi Əli Rüstəm çıxışlarında bildiriblər ki, 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçən yüzlərlə övladı olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılmasının vacibliyini vurğulayan çıxışçılar ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatıdırıldığını bildiriblər.