16 yanvar 2020 15:10
52

20 Yanvar və Azərbaycan müstəqilliyinə həsr olunmuş tədbir keçirilib

ABŞ-ın paytaxtının mötəbər və tarixi məkanlarından biri olan Qadınların Milli Demokratik Klubunda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycan müstəqilliyinin 3 dekadası” mövzusunda tədbir təşkil olunub. ABŞ dövlət qurumları, ABŞ-da akkreditə olunmuş səfirlər, hərbi attaşelər və diplomatlar, yerli ictimaiyyət və Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə yüz nəfərdən çox insan iştirak edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata əsasən, iki hissədən ibarət olan tədbirin başlanğıcında Azərbaycanın ABŞ-dakı Səfirliyinin nümayəndəsi və ABŞ akademik dairələrində regionumuz üzrə ən tanınmış tarixçi, çoxsaylı əsərlərin müəllifi tanınmış alim Dr. Frederik Star çıxış edib.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı Səfirliiyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırladıb, müxtəlif din və xalqların nümayəndələrinin olduğu çoxsaylı günahsız dinc insanların qətlə yetirildiyi və əhaliyə qarşı törədilmiş bu amansız cinayətin nəinki Azərbaycan xalqını qorxutmadığını, hətta müstəqillik iradəsini daha da möhkəmləndirdiyini və milli müstəqilliyini bərpa etmək əzmini dönməz etdiyini və tezliklə buna nail olduğunu vurğulayıb. Faciədən dərhal sonra Azərbaycan övladlarının qorxmadan mübarizələrini davam etdirdiyini və bunun bariz nümunəsinin Ümummilli lider Heydər Əliyevin 21 yanvar tarixində Moskvada keçirdiyi mətbuat konfransını xatırlatdı. Ümummilli liderin həmin zaman bu faciənin təfərrüatlarını ictimaiyyətə bildirməsi və bunu törədənlərin cəzalandırılmasını tələb etməsini xalqımızın haqq işində mübarizəsini davam etdirməyə çağırış kimi dəyərləndirib. Hazırda 20 Yanvar faciəsi şəhidlərinin milli müstəqilliyimizin simvollarından biri olması, Şəhidlər Xiyabanında uyuyan müxtəlif din və xalqların nümayəndələrinin olması Azərbaycan xalqının birliyinin rəmzi olması ilə yanaşı həm də hər bir Azərbaycanlıya dövlətçiliyimiz və müstəqilliyimiz naminə birləşərək həmrəylik yaddaşı da olduğu xatırlanıb.

Bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas məğzinin dövlətçiliyimiz və müstəqilliyimizin qorunması və gücləndirilməsi olduğu bildirilib.

Daha sonra çıxış edən Dr. Frederik Star Azərbaycan xalqına qarşı törədilmiş cinayətin tarixi kontekstini izah edib, 20 Yanvar faciəsi ilə yanaşı Azərbaycana qarşı törədilmiş digər bir çox təxribatlar barədə də söz açıb. O, 20 Yanvar faciəsindən sonra Sovet hakimiyyətinin mənəvi əsasını və legitimliyini itirdiyini bildirib. Bu inkişafların da nəinki Sovet hakimiyyətinin sonunu gətirdiyini, eyni zamanda Azərbaycanda və regionda yeni başlanğıcın təməlini qoyduğunu vurğulayıb. Dr. Star qeyd edib ki, Azərbaycan xalqının 20 Yanvar faciəsindən sonra müstəqillik əzminin daha da güclənməsi digər xalqların da müstəqillik yolunu rəvanlaşdırıb.

Tədbirin növbəti hissəsində tanınmış pianoçu Dr.Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım konserti ilə çıxış ediblər və bu çərçivədə Azərbaycan və dünya klassiklərinin musiqilərini ifa ediblər. Konsert “Yaşa Azərbaycan” musiqisi ilə yekunlaşıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar şəhidlərimizin əziz xatirəsinə verilmiş ehsan süfrəsinə dəvət edilib.