02 mart 2021 16:19
1147

Biblioterapiya: ruhun sağalma məkanı

Biblioterapiya kitab vasitəsilə sağalmaq deməkdir. Digər terapiyalarla eyni məqsədləri daşısa da, bir sıra fərqlər özünü göstərir. Adətən, qrup şəklində, mütəxəssis psixoloqun müşaiyəti ilə aparılan terapiya növüdür.

Romalılar inanırdılar ki, kitab oxumaq insanın psixi sağlamlığının normada qalması üçün çox faydalıdır.

Tarixçi Diodorus yazırdı ki, Antik Tibb Kitabxanasının girişində “ruhun sağalma məkanı” yazısı yazılmışdır.

1272-ci ildə Qahirədə, Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən tibbi müalicə üsulu kimi istifadə olunurdu.

1802-1810-cu illərdə Benjamin Ruş tərəfindən “biblioterapiya” üsulu irəli sürülür. B. Ruş deyirdi ki, biblioterapiya üçün romanlar dini mətnlərdən daha effektivdir.

Kitabxanaçı və biblioterapist Ailise Brian kitabların psixi , şəxsi və həyati problemlərin həll olunmasında insanlara kömək edəcəyini bildirən bir məqalə yazır. 1939-cü ildə Amerika Kitabxana Birliyi qurulur. Biblioterapiya kitabxanaçılıqda rəsmi status qazanır.

Biblioterapiyanın bir neçə xüsusiyyətləri var:

Fərdin sahib olduğu yanlış stereotipləri qırır, motivasiyanı gücləndirir. 

Bir sıra davranış pozuntularının korreksiyasında müsbət effekt göstərir.

İnsanın xarakteri və davranışı ilə bağlı məlumat verir.

Biblioterapiya emosional, psixoloji və fiziki problemlərin müalicəsində kitab mütaliəsini ön plana çəkir (depressiya, bulimiya, obsessiv-kompulsiv pozuntu, insomniya və s.).

Hisslərin oxucu tərəfindən şüurlu şəkildə analiz olunmasına, obrazla insan arasındakı qarşılıqlı təsirə əsaslanan terapiya növüdür.

İnsanın öz təbii, təməl tələbatlarını öyrənməsinə və bu tələbatların ödənilməsinə kömək edir.

Biblioterapiyanın faydaları:

Özünü tanımaq, kəşf etmək.

Şəxsin öz problemlərinin başqasında da ola biləcəyinin fərqində olması.

Özünə və başqalarına qarşı anlayış.

Emosional və zehni rahatlıq.

Bir problemin alternativ yollarını bilmək.

Yeni dəyərlər, davranışlar qazanmaq.

Empatiya qura bilmək.

Vərdiş və davranışları analiz etmək bacarığı və s.

Röya Rasimqızı, “İki sahil”