03 mart 2021 18:10
1117

Rəssam tək rəngi yox, hər bir şeyi görmək iqtidarında olandır

Hər bir ölkənin gələcəyi intellektual səviyyəli gənc kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. 

“İki sahil” Azərbaycan gəncliyinin simalarından biri, sənətşünas, Rəssamlar İttifaqının üzvü Ruslan Mirzəyevlə müsahibəni təqdim edir.

- Ruslan bəy, müsahibəmizə ilk olaraq özünüz haqqında təqdimatla başlayaq...

Böyük məmnuniyyətlə. 1984-cü il dekabrın 8-də Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Binəqədi rayonundakı Əliağa Şıxlinski adına 135 saylı tam orta məktəbdə almışam. 2001-ci ildə həmin məktəbin məzunu olmuşam. 2003-cü ildə hərbi xidmətə yollanmışam. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişəm və Vətən qarşısında xidməti borcumu uğurla yerinə yetirərək 2004-cü ildə ordudan tərxis olunmuşam. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olaraq orada “Qrafika” ixtisası üzrə təhsil almışam. 2010-cu ildə oradan məzun olmuşam. Hazırda rəssamlıq fəaliyyəti ilə məşğul oluram.

- Rəssamlıq sizin üçün geniş bir məfhum olaraq hansı komponentləri özündə birləşdirir?

Bəzən başqa sahənin insanlarına da rəssam deyirlər. Məsəl üçün ruslar hətta bəstəkar, jurnalist və digər sahələrin nümayəndələrini də “xudojnik” adlandırırlar. Rəssam tək rəngi yox, hər bir şeyi görmək iqtidarında olandır, dünyəvi insan olmalıdır. Başını aşağı salıb, şəkil çəkməklə rəssam olmaq olmur. Əsrin rəssamı hesab olunan Pikassonu götürək. İlk rəssamdır ki, Nobel mükafatı alıb. Onun dünyagörüşü o qədər geniş idi ki... Rəssam yeni bir dünyagörüşü gətirən, sənətə yeni gözlə baxandır. Götürüb nəyisə kopya etməklə rəssam olmaq mümkün deyil. Rəssam odur ki, şəxsin daxili aləmini göstərə bilsin. Pikassoya sual verirlər ki, indiki rəssamların çoxu kopya edir, hamısı bir-birinə oxşayırlar. Pikasso isə cavabında deyir ki, insanların da hamısı bir-birinə oxşayır, orjinal insan azdır. Baxın, cəmiyyətdə insanlar nə qədər bir-birinə oxşayırlar. Keçmiş dövrlərdə hər hansı rəssamın sorağı sərhədlər aşana kimi on illərlə vaxt keçirdi. İndi isə biri bayağı rəsm çəkir, qoyur internetə, bütün dünyaya göstərir.

Bu gün Avropada rəssamlıq geri gedir, sanki sənət ölüb. Avropada artıq böyük sənət əsərləri yaradılmır. Azərbaycanda rəssamlıq sənəti çox ölkələrdən yaxşı inkişaf edib. Çin və Hindistanı götürək, baxmayaraq ki, əhalisinin sayı demək olar dünya əhalisinin yarısını təşkil edir. Bu ölkələrdə məşhur rəssamlar çox azdır. Bizim Tahir Salahov, Mikayıl Abdullayev kimi dünya şöhrətli rəssamlarımız var. Müasir dövrdə də yaxşı rəssamlarımız az deyil.

- Ruslan bəy, dövlətimizin həyata keçirdiyi gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında fəal iştirakından çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin yüksək səviyyədə qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin özünün gələcəyinə münasibətidir. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətdə saxlanılır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu sahədə siyasətin düzgün qurulmasının nəticəsidir ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə töhfələrini verirlər.

- Vətən müharibəsində Qələbənin əldə edilməsində gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə şanlı Qələbənin qazanılmasında, istər ön, istərsə arxa cəbhədə, eləcə də informasiya müharibəsində gənclərimiz böüyk rol oynadılar. Gənclərimiz böyük mübarizə əzmi, qətiyyət, cəsarət kimi xüsusiyyətlərlə, böyük fədakarlıqla, qəhrəmanlıqla vuruşaraq ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdilər. Onların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Bu gün hər bir Azərbaycan gənci torpaqlarımızı qorumağı özünə şərəfli vəzifə hesab edir. Gənclərimiz hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edirlər. Vətən qarşısında borcun öhdəsindən uğurla gəlirlər. Döyüş tapşırıqlarına məsuliyyətlə yanaşır, nümunəvi xidmət etməyə çalışırlar.

Cavid Əkbərov, “İki sahil”