03 mart 2021 18:24
837

Nikol Paşinyan müxalifəti necə “əydi”?

İki gün əvvəl  Ermənistanın paytaxtında iki mitinq oldu. Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yığışdığı mitinqdə təxminən 50 min, müxalifətçilərin aksiyasında isə 20 min erməni vardı. Mitinqdə çıxış edən Paşinyan deyib: "Son 10 ayda hökumətimiz çoxsaylı səhvlərə yol verdi. Ermənilər qarşısında üzr istəyirəm. Səhvlərimə görə bağışlayın məni. Müstəqil Ermənistanın bütün liderlərinin səhvlərinə görə də üzr istəyirəm".

Daha sonra Paşinyan onun istefasını tələb edənlərlə bağlı danışıb: "Ermənistanda yalnız xalq kimin hakimiyyətdə olacağını, kimin də olmayacağını həll edə bilər. Hazırda hakimiyyəti xalqdan almaq istəyirlər.”

Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini, habelə Ermənistanın parlament üsul-idarəsindən yarımprezident idarəetmə sisteminə keçidi ilə bağlı konstitusiyaya dəyişikliklər edilməsinin vacib olduğunu vurğulayıb. Belə görünür ki, növbədənkənar parlament seçkiləri Paşinyan üçün sərfəlidir. Çünki bundan sonra da qeyri-müyyən müddətə hakimiyyətdə qalacaq. Daha sonra seçkilər olacaq və Paşinyan əleyhdarlarına böyük üstünlüklə qalib gələcək.

17 hərəkat və partiyanın birləşdiyi "Vətənin xilası" hərəkatının fəaliyyəti isə keçirdiyi aksiyalardan görünür. Ermənistan müxalifəti hələ ki, Nikol Paşinyana bütün istiqamətlərdə və müstəvilərdə uduzmaqdadır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün isə "Çiçəklənən Ermənistan" Partiyasının bu təkliflə razılaşması lazımdır. Kriminal oliqarx Qagik Sarukyanın məsələ ilə bağlı Nikol Paşinyanla sövdələşməyə gedəcəyi əsla şübhə doğurmur. Erməni analitiklərinin qənaətinə görə, səbəb sadədir: Sarukyan əqidəli inqilabçı, asket və ya mənəviyyatlı insan deyil. O, siyasətə alver və külli miqdarda sərvət əldə etmək məqsədi ilə gəlib.

Bir neçə ay geriyə baxsaq görərik ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması ilə bağlı Ermənistan müxalifətinin aktivləşməsi hələ İkinci Qarabağ müharibəsi zamanı başlanmışdı. Sabiq prezidentlər Serj Sarkisyanla Robert Koçaryan əslən Qarabağdan olan ermənilərin klanının rəhbərləri kimi qisas almaq, revanşı gerçəkləşdirmək və Paşinyanı devirərək hakimiyyətə qayıtmaq üçün əllərindən gələni edirdilər. Ermənistanın müharibədə məğlubiyyəti isə "qarabağlı"lara  Paşinyanı devirmək üçün çox əlverişli və rahat şərait yaratmışdı. Lakin artıq dördüncü aydır ki, Nikol Paşinyan əleyhdarlarının bütün cəhdlərinə və səylərinə, aksiyalarına və intriqalarına baxmayaraq hakimiyyətdədir, getməyə də hazırlaşmır.

Paşinyanın  mitinqi İrəvandakı "inqilab" dönəmindəki yürüşlərlə müqayisədə dəfələrlə azsaylı olsa da, müxalifətin mitinqindən daha izdihamlı idi. Bu isə Ermənistanda hazırkı müxalifətin faktiki fiaskoya uğradığını göstərir. Ona görə də Onik Qasparyanın və generalların hərbi çevriliş cəhdi də alınmadı.  Onun başçılıq etdiyi 39 general günlərlə müzakirələr apardılar, xəbərdarlıqlar etdilər və beləcə vaxtı uzadaraq təşəbbüsü əldən verdilər.

Ermənistanda generallar Paşinyana qarşı olsalar da, daha aşağı rütbəli zabitlər generalları dəstəkləmirlər. Çünki onlar bilirlər ki, İkinci  Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini şərtləndirən səbəblər arasında ölkə generalitetinin rüşvətxorluğu, bacarıqsızlığı, korrupsiyası və intriqaları xüsusi yer tutur. Yayılan bir məlumatda bildirilir ki, ABŞ-dan generallara gözağartması  verilib və onlar Paşinyan üçün zərərsizləşdiriliblər. Belə şəraitdə general-polkovnik Onik Qasparyan açıq-aşkar müxalifəti dəstəkləyərək ordunun küçələrə çıxmasına əmr versəydi, elə silahlı qüvvələrin özünün sıralarında parçalanma və qarşıdurma başlayacaq, ölkə qanlı vətəndaş müharibəsinə düçar olacaqdı.

Ermənilərin tam əksəriyyəti vətəndaş müharibəsi ilə yanaşı, övladlarının Qarabağa hərbi xidmətə göndərilməsinə qarşıdır. Yəni, sadə ermənini indi nə Qarabağ, nə də Serj Sarkisyanla Robert Koçaryanın hakimiyyət iddiaları maraqlandırır. Əhalinin marağı öz övladlarını öz damlarının altında sağ-salamat görməkdir. Erməni generalitet də komandasının yerinə yetiriləcəyinə əmin olmadığı üçün hakimiyyəti ələ keçirməklə bağlı əmr verməyə cəsarət etmədi.  Nəhayət, Paşinyanın istefasını tələb edən bəyanatı imzalayan generalların istisnasız olaraq hamısı Qarabağ erməniləridir, yəni Robertlə Serjin təsiri altındadır. Ermənistan əhalisi onları dəstəkləmir.

Müşahidələr göstərir ki, Nikol Paşinyanın hakimiyyətdə qalması onun bacarıqlı,  ağıllı və ya intriqalar ustası olması ilə bağlı deyil. Tam əksinə, Paşinyan böyük siyasətdə bisavad, piyada, cahil, mənəviyyatsız, əxlaqsız və düşük bir insandır. Ancaq onun uğurunun səbəbi erməni toplumundadır. Məlumdur ki, Ermənistan əhalisi hakimiyyətə rəğbət bəsləmir, həm yeni rəhbər və müharibə istəmir, həm də müxalifətin baş nazir postuna real namizəd qismində göstərdiyi adamlara nifrət edir. Məhz buna görə də Paşinyan narahat olsa da, özünü məğlub hesab etmir. İkinci Qarabağ müharibəsi biabırçı məğlubiyyətlə başa çatandan sonrakı ilk günlərdə onun mövqeləri həddən artıq laxlasa da, indi möhkəmdir və bundan sonra sonadək mübarizə aparacağı aydındır. Necə deyərlər: “Bu xəmir hələ çox su aparacaq.”

Vəli İlyasov, “İki sahil”