Rusiyanın Lapino Kliniki Hospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar.
Hündürdaban ayaqqabılar isə sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır. Araşdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabıda gəzmək təhlükəsiz deyil. Hündürdaban ayaqqabı geyinərkən tez-tez yıxılmalar baş verir ki, bu, baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmaları ilə nəticələnir. Belə zədələnmələr uzunmüddətli, bəzən isə sınıqlar zamanı olduğundan daha zəhmətli və uzun müalicə tələb edir. Lakin həkimlər yastıdaban ayaqqabılara həddən artıq aludə olmağı da məsləhət görmürlər, çünki belə ayaqqabılar ayağın alt hissəsinin köndələn-uzununa yastı olmasının, Axilles vətərində (baldır əzələlərinin dabana bağlı olan vətər) qeyri-normal dəyişikliklərin, tromboflebitin (venaların divarının iltihabı) inkişafına, baş barmağın, daha ağır hallarda isə bütün barmaqların əyilməsinə gətirib çıxarır. Yastıdaban ayaqqabılar eyni zamanda, bütün bədənin statik vəziyyətinə təsir edərək onurğanın əyilməsinə səbəb olur. Bu da öz növbəsində, onurğa yırtıqlarının formalaşması ilə nəticələnir.
Beləliklə məlum olur ki, hər gün istifadə etdiyimiz və geyimimizin ən mühüm atributlarından olan ayaqqabılarımızın düzgün seçimi orqanizmin sağlam olmasının başlıca amillərindən biridir.
Samirə Tağıyeva, "İki sahil"