07 mart 2021 10:54
1491

Dünyada ən gec kəşf edilən - 10 yer/FOTO

Ehtimal  olunur ki, bu günkü Efiopiya ərazilərindən başlayan insanlığın səfəri min illər çəkib.

“İki sahil” xəbər verir ki, Afrikadan Orta Şərqə, oradan Asiyaya və Avropaya, daha sonra Amerikaya köçən insanlar nəhayət 1895-ci ildə Antarktidaya ayaq basıb. Dünyanı kəşf etmək tarix boyu  insanı cəzbedən bir şey olub. Ancaq bu 20-ci əsrdə texnoloji yeniliklər sayəsində mümkün olub. Gəlin bəşəriyyətin bu səyahətdə ən son kəşf etdiyi yerlərlə birlikdə tanış olaq.

İslandiya

Bu gün dünyanın ən firavan ölkələrindən biri sayılan İslandiyanı 874-cü ildə Vikinq dənizçiləri kəşf ediblər. Bu tarixdən əvvəl adada insan izlərinə rast gəlinməyib.

Yeni Zelandiya

Dünyanın ucqar yerlərində yerləşən Yeni Zelandiya 1250-ci ildə polineziya dənizçiləri tərəfindən kəşf edilib. Adanın qərblilər tərəfindən kəşfi isə 18-ci əsrin sonunda baş verib.

Azor adaları

Atlantik okeanının ortasında yerləşən bu təbii möcüzə adaları 1439-cu ildə Portuqaliya dənizçiləri tərəfindən kəşf edilib. Daha sonra Azor adaları portuqaliyalılar üçün coğrafi kəşflər edərkən əhəmiyyətli bir dayanacağa çevrilib.

Svalbard

Norveçin bu arxipelaqı dünyanın ən şimalında yerləşdiyi bölgə hesab olunur. Norveç dənizçiləri ilk dəfə 1604-cü ildə Svalbarda gəliblər.

Bermud

Ətrafındakı təyyarə qəzaları səbəbindən “Bermud üçbucağı” olaraq bilinən bölgə ilk dəfə ingilislər tərəfindən 1609-cu ildə kəşf edilib.

Mauritius

Hollandiyalılar bu möhtəşəm ölkəni 1638-ci ildə Hind okeanında kəşf ediblər. O vaxta qədər bu adalar haqqında heç bir məlumat olmayıb.

Falkland

1980-ci illərdə İngiltərə ilə Argentinanı bir-birinə qarşı gətirən Falkland Adaları ilk dəfə 1690-cı ildə kəşf edilib.

Tristan-da-Kunya

İngilis torpağı olan Tristan-da-Kunya dünyanın ən təcrid olunmuş yeridir. Adaya ən yaxın ərazi minlərlə kilometr məsafədədir. Atlantik okeanının cənubundakı bu tənha ada 1642-ci ildə kəşf edilib. Adanın ən diqqət çəkən tərəfi sakinlərin puldan istifadə etməməsidir.

Seyşel adaları

Bal ayı üçün ən çox seçilən yerlərdən biri olan Seyşel adaları 1770-ci ildə kəşf edilib. Həmin tarixdən əvvəl burada məskunlaşma izinə rast gəlinməyib.

Antarktida

Rus dənizçilər ilk dəfə dünyanın cənub ucunda yerləşən Antarktidanı 1820-ci ildə kəşf ediblər. Lakin quruya çıxa bilməyiblər. Ancaq bu soyuq qitəyə ilk ayaq basanlar 1895-ci ildə norveçlilər olub.

 Vüsal Cahanov, “İki sahil”