15 mart 2021 14:30
2761

Hindlilər üçün müqəddəs - Qanq çayı/FOTO

Hindistanın şimalından başlayan və Banqladeşdəki Benqal Körfəzində Hind okeanına axan Qanq çayı yüz milyonlarla insan üçün çox müqəddəs yer sayılır.

“İki sahil” xəbər verir ki, uzunluğu 2704 kilometr olan çay hindli inanclı insanlar üçün böyük əhəmiyyətə malikdir. Hindlilər xüsusilə Kumbh Mela Festivalı zamanı çimmək üçün bu çaya axın edir və çay ətrafında böyük izdiham əmələ gəlir.

Pandemiyaya baxmayaraq, hər il keçirilən bu festivalda yüz minlərlə insan Qanq çayında çimmək üçün bölgəyə gəlir. Bu çay hindlilər üçün böyük dini əhəmiyyət kəsb edir. Bura onlar tərəfindən müqəddəs yer sayılır. Himalay dağlarında Bhagirati və Alakmandanın axar sularının birləşməsindən əmələ gələn Qanq çayı ölkənin şimalı boyunca axır. Kolkata, Allahabad və Varansi kimi böyük şəhərlərdən keçən bu çay Hindistanın bir çox bölgəsi üçün əhəmiyyətli su mənbəyi kimi də istifadə olunur. Ölkənin ən əhəmiyyətli sənaye müəssisələrinin yerləşdiyi ərazilərdən keçən çay buranın həm dini, həm də iqtisadi cəhətdən həyat mənbəyi sayılır. Çay hindli inanclarına görə heç vaxt çirklənməyəcək bir çay kimi qəbul edilir. Yüz milyonlarla hindli bu inanca uyğun hərəkət edir. Çayın heç vaxt çirklənməyəcəyinə inandığına görə yüz illərdir çayda heç bir tədbir görülməyib.

Zamanla sürətlə artan əhalinin təsiri ilə çay və ətrafındakı insan həyatı üçün təhlükə yaradacaq çirkli bir mühit yaranmağa başlayıb. Hesablamalara görə, hər gün bir milyard litr kanalizasiya suyu çaya axıdılır. Elmi araşdırmalara görə, Qanq çayı dünyanın ən çirkli su hövzələrindən biri hesab olunur. Ancaq bu çayı müqəddəs sayan hindlilər bu elmi məlumatları qəbul etmirlər və xəbərdarlıqlara baxmayaraq həm çayda çimir və buranın suyunu içirlər. Onlara görə burada çimmək inanca görə böyük əhəmiyyət daşıyır. Bu çay hər il yanvar ayında baş tutan Kumbh Mela Festivalı zamanı daha çox ziyarətçi qəbul edir. Bütün dünyanı təsiri altına alan və Hindistanda böyük itkilərə səbəb olan koronavirus pandemiyasına baxmayaraq, bu ilki Kumbh Mela Festivalında yüz minlərlə insan sosial məsafəni nəzərə almayaraq Qanq çayına axın edib. Yan-yana çimib, çaydan bol su içiblər. Heç bir xəbərdarlığa qulaq asmayıblar.

Əvvəlki illərdə bu festival üçün təxminən 120 milyon insana ev sahibliyi edən Allahabad şəhərinə bu il pandemiyaya baxmayaraq, 800 mindən çox hindli gəlib. Çayda çimən hindlilərin görüntüləri də foto şəkillərdə öz əksini tapıb. İnsanların heç bir tədbir görməməsi və sosial məsafə qaydalarına riayət etməməsi diqqətdən yayınmayıb.

Qanq çayının sahilləri həyatını itirən hindlilərin cəsədlərinin yandırıldığı yer olaraq da bilinir. Yandırılmış meyitlərdən qalan küllər də Qanq çayına tökülür. İlahə Qanqanın fərdiləşdirilmiş forması kimi qəbul edilən çay günahların bağışlanmasında da böyük əhəmiyyət daşıyır. Bu festivaldan başqa bir çox hindli həftənin müəyyən günlərində çaya gəlir və çimməyə davam edir. Beləliklə, günahlarının təmizləndiyinə inanırlar. İnanca görə, bu sudan bir qurtum belə almamaq, yarımçıq bir həyat deməkdir. Ölüm yatağındakı bir xəstəyə son nəfəsində çayın suyunu içirtmək son dərəcə vacibdir. Bu səbəbdən də bir çox hindlilər belə vaxtlarda istifadə üçün evlərində ağzı bağlı qablarda su saxlayırlar.

Vüsal Cahanov, “İki sahil”