29 mart 2021 17:11
1259

Qazi: Yaralı halda 5 saat neytral ərazidə qaldım - FOTO/VİDEO

Ağdaş rayonunun Eymur kəndindən olan Əfqan Cəbrayılov könüllü olaraq II Qarabağ müharibəsində iştirak edib.

Ə.Cəbraylov “İki sahil”ə müsahibəsində bildirib ki, Füzuli istiqamətində gedən döyüşlərdə iki güllə yarası alaraq yaralanıb və döyüş yoldaşları ilə birgə 5 saat neytral ərazidə qalıb: “Oktyabrın 14-ü axşam saatlarında hücuma keçdik. Neytral ərazidə irəliləyərkən snayper gülləsi ilə ağ ciyər nahiyəmdən vuruldum. İki yoldaşım köməyə gəldi, məni çəkərkən onlardan biri, Həbib də yaralandı. Sonra məni ikinci dəfə vurdular, bu dəfə güllə sağ ayağıma tuş gəldi. Ağrının təsirindən hərəkət edə bilmirdik, digər tərəfdən ermənilər də atəş atmağa davam edirdilər. İntensiv döyüş gedirdi, başımızı qaldırıb ətrafa baxa bilmirdik. Çoxlu qan itirmişdim, tez-tez özümdən gedirdim. Beləcə, beş-altı saat qaldıq neytral ərazidə. Tam qaranlıq düşdükdən sonra atışma dayandı, yavaş-yavaş sürünərək neytral ərazidən çıxdıq. İki saat piyada getdikdən sonra təcili yardım maşınına çatdıq. Sonra isə xəstəxanaya aparılaraq əməliyyat olundum”. 

Taleh Bağırov, “İki sahil”