31 mart 2021 08:34
2437

Gender tərbiyəsi – tarixi, nəzəri və müasir problemdir

İnsanların şüurunda, qəlbində, müasir dövrün dərk edilməsində mühüm dönüş yaratmaq pedaqoq-alimlərin qarşısında təxirəsalınmaz vəzifə kimi durur. Belə təxirəsalınmaz vəzifəni yerinə yetirərək oxucularının görüşünə “Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri” adlı monoqrafiya ilə gələn pedaqogika elmləri doktoru, dosent Elza Mollayevadır.

Tədqiqatçı monoqrafiyada qeyd edir ki, “cəmiyyətdə qadın və kişi münasibətlərinin təhlili ilə əlaqələndirilən “gender” anlayışı zamanın və dövrün zərurəti kimi ortaya çıxmışdır” [Bax: Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri. Bakı: Elm və təhsil, səh.19]. Bu gün Azərbaycanda demokratik qanunlara əsaslanan cəmiyyətin, hüquqi dövlətin yaradılmasında cinslərin bərabər hüquqluğu məsələsi əsas yerlərdən birini tutur. Həm qlobal, həm də milli-mənəvi dəyərlər baxımından. Bu baxımdan cinslərin qarşılıqlı münasibətlərində düz mütənasibliyin saxlanılması aktual problem kimi meydana çıxır və prioritet məsələyə çevrilir. Azərbaycanda gender siyasətinin həyata keçirilməsində yerli milli adət-ənənələrin, xüsusiyyətlərin, milli mentalitetin, milli düşüncə tərzinin, cəmiyyətimizdə hələ də patriarxal qayda-qanunların mövcüd olmasının nəzərə alınması vacib şərtlərdən biri kimi qəbul olunmalıdır. Gender probleminin tarixilik və müasirlik baxımından araşdırlmasına ehtiyacın yaranması, genderin Azərbaycan elmində müəyyən mövqe qazanması, onun problemlərinin təhlili, ictimaiyyətdə gender dünyagörüşünün formalaşdırılması monoqrafiyanın aktuallığını şərtləndirən əsas məsələlərdən.

Monoqrafiya giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. “Təlim prosesində tələbələrə gender bərabərliyinin aşılanmasının nəzəri məsələləri” adlanan birinci fəsildə gender bərabərliyinin aşılanmasının nəzəri-metodoloji məsələləri araşdırılır, həmçinin, gender anlayışının mahiyyəti, kateqoriyaları, pedaqoji komponentləri tədqiq edilir. “Gender anlayışının pedaqoji mahiyyəti”, “Azərbaycan təhsilində gender problemi”, “Tələbələrin gender tərbiyəsində ali məktəb müəlliminin rolu” və “Gənc nəslin gender tərbiyəsində milli mentalitetin rolu” adlı yarımfəsillərdə gender anlayışının mahiyyəti geniş şərh edilir. Qeyd olunur ki, ictimai biliklərin yeni istiqamətlərindən biri olan və XX əsrin elmi-kateqorial aparatına daxil edilmiş gender ingilisdilli feminist ədəbiyyatdan götürülmüş və tərcümədə bu söz “sosial cins” mənasını verir. O, eyni zamanda bioloji və sosial qarşıdurmanı da özündə ehtiva edir. Genderin müasir tərifinə görə “insanlar yalnız bioloji olaraq kişi ya da qadın cinsinə mənsub doğulurlar, inkişaf prosesində isə, ilk növbədə ailədə və cəmiyyətdə tərbiyə almaqla onlar oğlan və qız olmağı öyrənir, böyüyəndə qadın və ya kişiyə çevrilirlər. Onlar müvafiq davranışa və baxışlara, rol və fəaliyyətə, özgə adamlara necə münasibət bəsləməyə öyrədilirlər. Gender rolunu müəyyən edən də elə bu davranışdır.

Tədqiqatçı alim gender anlayışının elmə daxil edilməsini maraqlı təhlillərlə açıqlayır. Qeyd edir ki, təhlil bioloji müstəvidən sosial müstəviyə keçirilməli; “cinslərin təbii təyinatı” haqqında mövcüd  olan fərziyyə və stereotipləri təkzib edilmli, cinslər arasındakı sosial fərqlər aradan qaldırılmalı və s. Vurğulanır ki, “Gender” anlayışı bioloji və sosial cinslər arasındakı fərqin dərk olunması nəticəsində yaranmışdır. Belə ki, bioloji cins insanların anatomic-bioloji xüsusiyyətlərinin toplusudur ki, onun əsasında da insanlar birbirini kişi və ya qadın olaraq qəbul edirlər. Gender kişi və qadının cəmiyyət tərəfindən yaradılmış rollarında, davranışında, mental və emosional xüsusiyyətlərindəki fərqdir. Genderlə bağlı tədqiqatların aparılması göstərir ki, müasir cəmiyyətdə qadınlarda olduğu kimi, kişilərdə də bir sıra sosial problemlər var. Bu baxımdan hər iki cinsə aid olan problemi ayrı-ayrılıqda tədqiq etmək əvəzinə onları bir-biri ilə  vəhdətdə araşdırmaq uğurlu nəticə verə bilər. Burada, müəllif mövzu ilə bağlı elmi, pedaqoji, psixoloji, metodik ədəbiyyatları təhlil edərək müəyyənləşdirir ki, gender bərabərliyi (cinslərin bərabərliyi – eqalitarlıq ) – qadın və kişilərin sosial hakimiyyətdə bərabər paya, ictimai ehtiyatlara, bərabər haqqa malik olmalı, habelə onların hüquq və imkanları bərabər nəzərdə tutulmalıdır.

Monoqrafiyanın bu fəslindəki yeni, təqdirəlayiq və əhəmiyyətli cəhətlərindən birini də onda görürük ki, tədqiqatçı qadınlarla kişilər arasında maraqlı təhlillər yaradır. Qeyd edir ki, gender identikliyində dərketmə kişilik və qadınlığın mədəni təyinatında əks olunur. İnsanın beyin yarımkürələri sağ və sol yarımkürələrdən təşkil olunmuşdur ki, bunlar da döyənəkli cisim vasitəsilə bir-birilə birləşirlər. “Beynin sağ və sol yarımkürəcikləri arasında informasiya mübadiləsini həyata keçirən döyənəkli cisim qadınlarda kişilərə nis¬bətən qalındır. Hər iki yarımkürə arasındakı əlaqə qadınlarda kişilərə nisbətdə 30% çoxdur”. Elza müəllimə bunu tələbələrlə aparılan fəal və interaktiv dərslərdə də görmyin mümkün olduğunu apardığı eksperimentlərlə əsaslandırır. Belə iddia edir ki, disskusiya zamanı oğlanlar məntiqə (sol yarımkürəciyə) əsaslansalar da, sonra emosional gərginlik olmadan sağ yarımkürəcik bu prosesə qoşulur. Qızlarda isə emosional hisslər hər iki yarımkürə ilə geniş əlaqəli olur və hər iki yarımkürə beynin digər funksiyaları ilə bərabər eyni vaxtda işə düşür. Bunu oğlan və qızların ətrafdakılar ilə ünsiyyətindən də sezmək olar: qızların ünsiyyəti daha çox əməkdaşlıq münasibətlərinə əsaslandığı halda, oğlanlar qarşı cinslə ünsiyyətdə “məmur-işçi” modelinə üstünlük verirlər. Oğlan tələbələrdə qızlara nisbətən güclü olan abstrakt dərketməni, yaradıcılığa meyli, əşyanın və ya hadisənin konkret xarakterini qavramasını beynin sağ yarımkürəciyi həyata keçirir. Qızlarda isə bu vəzifəni sol yarımkürə həyata keçirir. Onlarda tədris materialının mənimsənilməsi zamanı dərslikdəki informasiyanın emosional-obrazlı qavrama qabiliyyəti oğlanlara nisbətən daha güclüdür qənaətinə gəlir.

Monoqrafiyanın “Ailə gender bərabərliyinin aşılanmasının mərkəzi kimi” adlanan ikinci fəsli daha maraqlı və əhəmiyyətlidir. Burada tələbələrin gender tərbiyəsində ailənin oynadığı müstəsna rol önə çəkilir, bu sahədə ailə institutunun əhəmiyyəti sosial-pedaqoji cəhətdən əsaslandırılır. Bildiyimiz kimi, ailə üşaq üçün ilk tərbiyə məktəbidir. Ancaq bu ilk tərbiyə məktəbində uşağın dünyaya gəlişi ilə cəmiyyətdə mövcud olan gender stereotipləri özünü biruzə verir. Monoqrafiyada oxuyuruq ki, gender məsələsini bilmədən ailədaxili münasibətləri gender aspektindən düzgün təhlil edib onları məqsədəuyğun şəkildə qurmaq qeyri-mümkündür. Gender bərabərliyinin ailədə aşılanması zamanı ailədaxili münasibətlərdən söz açarkən qadınlara qarşı mövcud olan mənəvi və fiziki zorakılıqdan da danışmaq lazımdır. Bu gün qloballaşan dünyamızda ən çox zorakılığa məruz qalan məhz qadınlardır ki, onların hüquqları həm ailədə, həm də cəmiyyət daxilində pozulur. Təəssüf ki, bu halı bir sıra Azərbaycan ailələrinə də şamil etmək olar. Hüquqlarının pozulması zamanı passiv mövqe tutması, milli adət-ənənə xatirinə hər şeyə dözməsi qadınlarımızın gender təhsilindən və tərbiyəsindən, ölkəmizdə qadınlara verilən hüquqlardan xəbərsiz olmasına dəlalət edir. Qadınların son dövrdə ictimai həyatda gedən proseslərə daha fəal qoşulması onu göstərir ki, artıq qadına ənənəvi, yəni doqmatik prizmadan yanaşmaq düzgün deyil. İndi qadınlar ictimai həyatın mühüm sahələrinə getdikcə daha çox nüfuz etməklə ailə daxili çərçivədən çıxıb ictimailəşir. Qadının getdikcə ictimailəşməsi onun qarşısında bir sıra çətinliklərin çıxması ilə müşayət olunur. Bu gün ailədə gender problemindən söhbət açarkən Qarabağ müharibəsinin, torpaqlarımızın 20%-nin erməni işğalçıları tərəfindən zəbt edilməsi nəticəsində bir milyondan çox qaçqını olan Azərbaycanda atanın şəhid olduğu, tərbiyəni ananın həyata keçirdiyi ailələrdə gender tarazlığının istəristəməz pozulmasını diqqət mərkəzində saxlamaq vacibdir. Gender disbalansının pozulması nəticəsində hər iki cinsdən olan uşaqların gender identikliyində bir sıra problemlər özünü göstərir ki, bu da sosial-siyasi və iqtisadi amillərlə birbaşa bağlıdır. Ümumiyyətlə tarixində uzunmüddətli müharibə olmuş xalqlar üçün bu problem səciyyəvidir. Ümumi pedaqoji istiqamətləri təhlil süzgəcindən keçirən Elza xanım belə nəticəyə gəlir ki, gənc nəslə gender bərabərliyinin aşılanmasında ailə əvəzolunmaz tərbiyə məktəbidir və Azərbaycan ailəsinin yazılmamış, analoqu olmayan, bir çox xalqlar üçün nümunə ola biləcək qanunları gender baxımından əhəmiyyətli olduğundan saxlanılmalı, mürtəce çalarlı bəzi xüsusiyyətlər isə tərbiyə və islah yolu ilə aradan qaldırılmalıdır. Bu prosesdə tələsikliyə yol vermək sabit ailə münasibətlərinin məhvinə, ümumilikdə ailə institutunun dağılmasına gətirib çıxara bilər.

Monoqrafiyanın bu fəslindəki yeni, təqdirəlayiq və əhəmiyyətli cəhətlərindən birini də onda görürük ki, tədqiqatçı tələbələrə gender bərabərliyi dəyərlərinin aşılanmasında Azərbaycan ailəsinə məxsus ailədaxili münasibətlərin və milli mentalitetin nəzərə alınmasının pedaqoji əhəmiyyətinin müəyyən etmişdir. Fəsildə inandırıcı arqumentlərlə sübut olunur ki, təlim prosesində gender identikliyinin nəzərə alınmasının pedaqoji prosesə müsbət təsir göstərən amil kimi qiymətləndirilməsinə hələ də zəruri ehtiyac vardır. Ümumən, bu fəsil elmi-nəzəri və metodik baxımdan çox yaxşı səviyyədə işlənilmişdir və yüksək qiymətə layiqdir.

Əsərin üçüncü fəslində Bakı Dövlət Universitetinin dosenti Elza Mollayeva tərəfindən peşəkarlıqla hazırlanmış “Pedaqoji fikir tarixində gender probleminin qoyuluşu” da əsərin öyrənilməsinə, təhlilinə və ümumiləşdirilməsinə həsr olumuşdur. Bir-birindən maraqlı olan 9 yarımfəslin kompleks həllində (xüsusilə də qadın problemlərinin) fəlsəfə (cinslərin bərabərhüquqluluğu, kişi və qadınların təlim qabiliyyətlərinin eyniliyi, kişi və qadınların təbii təyinatları və s), sosiologiya (cəmiyyətdə cinslərin bərabərhüquqluluğunun təmin edilməsi, hər iki cinsin sosial rolları), hüquq (cinslərin bərabərliyinin hüquqi əsasları), differensial psixologiya (oğlan və qızlarda diqqət, hafizə, riyazi və nitq qabiliyyətləri, emosiyalar və s), sosial psixologiya (gender kateqoriyasında bioloji və sosial tərəflər arasındakı nisbət, gender identikliyi şəxsiyyətin formalaşmasında əsas amillərdən biri kimi), tarix (tarixi dövrlərdə cinslərin sosial bərabərliyinə münasibətin təhlili, cəmiyyətin təkamülündə gender nəzəriyyəsinin roluna tarixi rakursdan baxış), kulturologiya (müxtəlif mədəniyyətlərdə gender aspektləri, mədəniyyətlərin inteqrasiyasında genderin rolu və yeri), psixofiziologiya (cinslərin şüur, psixika və beyinin koqnitiv fəaliyyət baxımından əsaslı fərqləri, oğlan və qızlarda yorğunluq, iş qabiliyyətlərinin spesifikası), pedaqogika (“gender” tərbiyəsi və “gender təhsili” anlayışlarının mahiyyəti, genderin bəşəri, pedaqoji dəyər kimi qəbul edilməsi, gender tərbiyəsi mənəvi tərbiyənin tərkib hissələrindən biri kimi, təhsildə gender problemləri və s.) mövqeyindən irəli gələn sahələrarası analizlərlə əsaslandırılmış, tədqiqatçı tərəfindən çox əhatəli və elmi üslubda ümumiləşdirilmişdir.

“Azərbaycan xalq pedaqogikasında gender probleminə münasibət” adlı üçüncü yarımfəsildə gənc nəslin gender bərabərliyi ruhunda tərbiyə edilməsində Şərq tərbiyə sisteminin dəyərlərinin, xalq pedaqogikasının çox dəyərli mənbə rolunu oynaması tədqiqatçı alim tərəfindən elmi şəkildə əsaslandırılır. Əsaslandırılır ki, Şərq tərbiyə sisteminin dəyərləri, əxlaqi fikirləri gender bərabərliyinə dair zəngin material verir, şifahi xalq ədəbiyyatı nümunələri (atalar sözləri və məsəllər, bayatılar, nağıllar, dastanlar və s.) gender tərbiyəsində ən qiymətli və zəngin mənbədir.

“Müasir dövrdə gender probleminin həlli yolları” adlanan sonuncu fəsil fikrimizcə, sosial-pedaqoji tərəfləri aydınlaşdırmaq baxımından bu fəslin monoqrafiyada verilməsi məqsədəmüvafiqdir. Bu fəsil də yeni, təqdirəlayiq və əhəmiyyətli cəhətləri ilə fərqlənir. Elza xanım haqlı arqumentlərlə sübut etmək istəyir ki, Azərbaycanda qadın təhsilinin inkişaf xətti sovet dövrünün əvvəli üçün səciyyəvi idi və burada qadın hərəkatı bütün Şərq üçün bu sahədə örnək rolunu oynaya bilərdi. Bunun üçün respublika daxilində süni şəkildə də olsa müəyyən şərait yaradıldı ki, bu da qadınların təhsilə və istehsalata kütləvi şəkildə qoşulmalarına zəmin yaratdı. Doğrudan da, Azərbaycan qadınının bu dövrdəki fəaliyyəti maraqlı, təqdirəlayiq sayıla bilər. Bu yarımfəsildə postsovet dövrü ədəbiyyatının gender aspektindən əhəmiyyətli rolu geniş şərh edilməklə, bu dövrdə yaşamış və öz ədəbi fəaliyyətlərində qadınların cəmiyyətin sosial həyatında iştirakını vəsf edən şair və yazıçılarımızın əsərləri də gender aspektindən geniş təhlil edilmişdir. Belə ki, C.Cabbarlının, H.Cavidin, Y.B.Çəmənzəminlinin əsərlərinin gender baxımından maraqlı məqamlarından da tədqiqatçı faktlar gətirir.

Gender münasibəti məsələlərinə əcnəbi tədqiqatçılar (E.P.Yarskaya-Smirnova, M.L.Sabunaeva, S.N.Nadolinskaya, O.N.Safonova, L.V.Ştılyova, L.P.Şustova, A.Qorjkova və b.), yaxud doğma alim və tədqiqatçılarımız (Akademik O.Q.Həsənli, prof. Ə.Ə.Əlizadə, prof. Ə.S.Bayramov, prof. F.B.Sadıqov, prof. A.N.Abbasov, prof. F.A.Rüstəmov, prof. R.F.İbrahimbəyova, prof. R.İ.Əliyev, dosent S.B.Hacıyeva, dosent L.E.Qurbanova, dosent V.V.Nağıyeva və b.) olsun toxunmuş, bu haqda öz fikir və ideyalarını irəli sürmüşlər. Elza Mollayeva adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz tədqiqatçı alimlərdən fərqli olaraq monoqrafiyada gender bərabərliyi dəyərlərinin elmi-pedaqoji və psixoloji ədəbiyyatda qoyuluşunu öyrənmiş; genderin sosial dəyər kimi mahiyyətini açaraq pedaqoji aspektdən kateqorial sistemini müəyyənləşdirmiş; gender bərabərliyi dəyərlərinin aşılanmasında ayrı-ayrı elmlərarası əlaqəni pedaqoji cəhətdən əsaslandırmış; tələbələrə gender dəyərlərinin aşılanması prosesində gender identikliyinin nəzərə alınmasının pedaqoji əhəmiyyətini göstərmiş; təlim prosesində fənlərin və auditoriyadankənar tədbirlərin problem baxımından imkanlarını üzə çıxarmış; humanitar fənlərin tədrisində gender problemini xüsusi və ümumiləşdirilmiş pedaqoji təhlil nəticəsində öyrənmiş; Azərbaycanda təhsilin gender aspektlərinin və pedaqoji kadr hazırlığında gender yanaşmasının əhəmiyyətini araşdırmış; tələbələrə gender bərabərliyi dəyərlərinin aşılanmasında Azərbaycan ailəsinə məxsus ailədaxili münasibətlərin və milli mentalitetin nəzərə alınmasının pedaqoji əhəmiyyətini müəyyən etmiş; Azərbaycanda gender maarifləndirilməsinin təlim və tərbiyə ilə bağlı həlli yolunu göstərmiş; Azərbaycanda həyata keçirilən dövlət gender siyasətinin sosialpedaqoji aspektdən əhəmiyyətini araşdırmış, bir sözlə gender bərabərliyi dəyərlərinin aşılanmasında gender stereotiplərinin təsirini eksperiment yolu ilə müəyyənləşdirmişdir.

Monoqrafiyada verilmiş nəticələr də yüksək elmi maraq doğurur. Dərin elmi təhlil zəminində çıxarılan nəticələr təqdirəlayiqdir, yenidir, elmidir. Monoqrafiyanın biblioqrafik bazası da zəngindir. Ümumiyyətlə, haqqında yüksək fikirdə olduğumuz bu əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl bir monoqrafiyadır. Əsər dərin elmi axtarışlar, araşdırmalar təhlillər sayəsində ərsəyə gəlmişdir. İnanırıq ki, “Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri” adlı monoqrafiya genderşünasların, tələbələrin, magistrantların, dissertant və doktorantların stolüstü kitabına çevriləcəkdir.

 Fürsətdən istifadə edib pedaqogika elmləri doktoru, dosent Elza Əlipaşa qızı Mollayevaya elmi-yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq.

Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitunun dosenti,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi