“Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçirilən sorğuların nəticələri böyük maraqla qarşılanır. Ermənistanda baş verən daxili siyasi proseslər, sosioloji sorğular və ictimai rəy bizi də yaxından maraqlandırdığı üçün ötən həftə “Gallup İnternational” tədqiqat şirkətinin Ermənistandakı nümayəndəliyi tərəfindən keçirilən sorğunun nəticələri diqqətimizi çəkdi. Sorğuya əsasən, Ermənistanın baş naziri Nikol Paşinyana münasibət hələ də müsbətdir, bununla yanaşı, Ermənistanın əksər sakinləri Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.”
Bu sözləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov bildirib ki, sorğu Ermənistanda 26-29 mart tarixlərində telefon vasitəsilə keçirilib. Sorğuda 801 respondent iştirak edib: “Gallup” ofisinin Ermənistanın hansı ölkələr və ya dövlətlərarası birliklərlə əlaqələrinin gücləndirilməsinin zəruri olması ilə bağlı suala respondentlər belə cavab veriblər: Rusiya – 62,9 faiz, ABŞ – 16,4 faiz, Fransa – 6,4 faiz, Avropa İttifaqı – 5,2 faiz, Çin – 2,6 faiz, İran – 2,4 faiz, NATO – 0,7 faiz, Gürcüstan- 0,7 faiz.
Ermənistan vətəndaşları arasında ikitərəfli münasibətlərlə müqayisədə İrəvanın inteqrasiya birlikləri ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi daha az populyardır. “Gallup”a inansaq, respondentlərin 1,5% - i Avrasiya İqtisadi İttifaqı, 0,7% - i NATO ilə, yalnız 0,2%-i Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.”
Politoloq bildirib ki, seçkiqabağı əhval-ruhiyyənin öyrənilməsi də hazırkı durumda mühüm element hesab edilir: “Respondentlərin 35,5 faizi Ermənistanın hazırkı hakimiyyət orqanlarının 20 iyun 2021-ci il tarixinə təyin olunmuş erkən parlament seçkilərinin ədalətli və şəffaf keçirəcəyinə əmindir. Rəyi soruşulanların 9% -i seçkilərin əsasən ədalətli və şəffaf keçiriləcəyinə inanır. Daha 13,4% respondent əsasən ədalətli və şəffaf keçirilməyəcəyi variantı üzərində seçim edib. 29,7% isə birmənalı olaraq ədalətli seçkilərin keçirilməyəcəyini güman edir.”
İ.Hüseynovun sözlərinə görə, 41,2% respondent seçkilərdə iştirak etmək niyyətindədir: “10.7% respondent “iştirak etmək ehtimalı”nın olduğunu bildirib. Təxminən 15% “iştirak etmək ehtimalı”nın az olduğunu qeyd edib. Demək olar ki, 16% qarşıdakı seçkiləri birmənalı şəkildə görməməzlikdən gəlmək qərarına gəlib.”
Həmsöhbətimiz qeyd edib ki, seçkilərin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə seçicilərin kimə səs verəcəkləri sualına respondentlərin 31,7%-i baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” blokunun adını çəkib: “Əlavə edək ki, Gallup-ın Ermənistan ofisinin keçirdiyi sorğularda yuxarıda qeyd olunan sual hər dəfə respondentlərə ünvanlanır. Görünür, yuxarı rəhbərliyə hesabatlar hər dəfə müqayisəli təhlil formasında təqdim olunur. Sorğuda iştirak edənlərin yalnız 5,9%-i keçmiş prezident Robert Koçaryanın tərəfdarlarına səs verəcəyini bildirib. Sorğunun nəticələrinə görə aparıcı müxalifət partiyası olan Qagik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” (“Mənim addımım”dan sonra parlamentdə ikinci fraksiyaya malikdir) 4,4%, üçüncü parlament qüvvəsi olan Edmon Marukyanın “Maariflənmiş Ermənistan” partiyası isə 2,4% inam toplayıb.
Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın Respublika Partiyasının analoji reytinqi 2,4% təşkil edir. Respondentlərin 2,1%-i “Daşnaksütyun” partiyasına səs verməyə hazırdır. Rəyi soruşulanların 24,6%-i qarşıdakı seçkilərdə heç kimə səs vermək istəmir. Digər 20% respondent isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.”
Sorğudakı bütün nəticələr (daha öncəki nəticələrlə müqayisə ilə birlikdə) aşağıdakı kimi sistemləşdirilib: “Mənim adımım” - Nikol Paşinyan – 31.7% (fevralda 33.1% idi), hazırda partiya axtarışında olan Robert Koçaryan-5,9% (fevral ayı üçün heç bir məlumat yoxdur), “Çiçəklənən Ermənistan” - Qagik Sarukyan – 4,4% (fevralda 4,4 % idi), “Maariflənmiş Ermənistan” - Edmon Marukyan – 2,7% (fevralda 2,6 % idi), “Respublikaçılar Partiyası” - Serj Sarkisyan – 2,4% (fevralda 2,2% idi), “Daşnaksütyun” – 2,1% (fevralda 2,2% idi), “Vətənin xilası uğrunda hərəkat” - Vazgen Manukyan – 1%, “Sasna Tsrer” - Jirayr Sefilyan – 0,5%, “Vətən” Partiyası - Artur Vanetsyan – 0,4%, Heç kimə səs verməyəcək – 24.6% (fevralda analoji göstəri 27,2% idi), Cavab verməkdə çətinlik çəkir – 20%”
Politoloq bildirib ki, Ermənistanın ombudsmanı Arman Tatoyan ölkəsində böyük nüfuza malikdir: “Müşahidələrimiz ondan ibarətdir ki, Ermənistanın ombudsmanı həm baş nazirlə, həm də prezidentlə görüşlərində ombudsmanın səlahiyyətlərindən kənar məsələlər də müzakirə olunur. “Gallup”ın erməni ofisi tərəfindən rəyi soruşulan Ermənistan vətəndaşları sadalanan xadimlərdən hansının daha çox etimad qazandığını cavablandırıblar. Səsvermənin nəticələrinə görə bu mənzərə ortaya çıxmışdır: Ermənistan ombudsmanı Arman Tatoyan - 3,7 bal, baş nazir Nikol Paşinyan - 2,7 bal, prezident Armen Sarkisyan - 2,4 bal, Robert Koçaryan - 2,1 bal, Qagik Sarukyan - 2,1 bal.
Ermənistanda ombudsmanın populyarlığını onun işgüzarlığı ilə izah etmək olmaz. Görünür, A.Tatoyanın qarşısındakı vəzifələri çoxşaxəlidir və ya hər mövzuda çıxış etmək onun adətinə çevrilib. Ermənistanın baş naziri, prezidenti və ya xarici işlər nazirinin deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir.”
Röya Rasimqızı, “İki sahil”