Eldar Kamranov: Yoluxmada artım bu sürətlə gedərsə, xəstəxanaların yükü artacaq. Belə olan hallarda xəstələrin sayı çox olduğundan xüsusilə, ağır və reanimasyon xəstələr üçün çarpayı məsələsi çətinləşir
Son günlər koronavirusa yoluxma sayında nəzərəçarpan artım müşahidə olunur. Karantin qaydalarının qüvvədə olmasına, vaksinasiya prosesinin həyata keçirilməsinə rəğmən virusa yoluxanların və ölənlərin sayı artır. Bu isə ötən ilin noyabr-dekabr aylarındakı kritik vəziyyəti yenidən yaşamağımız deməkdir.
Bəs, bu vəziyyətin yaranmasının səbəb nədir? Çıxış yolu nədir?
Yoluxmanın əsas səbəbi insanların gigiyena qaydalarına əməl etməməsi və ...
Kliniki Tibbi Mərkəzin həkimi, Tibb elmləri namizədi, ali dərəcəli terapevt-kardioloq Eldar Kamranov bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bir ildən artıqdır ki, biz bu qlobal bəla ilə mübarizə aparırıq. Bu mövzuda dövlətin diqqəti, qayğısı, zəruri təchizatı lazımi səviyyədədir. Tibb işçiləri də öz üzərinə düşən işin öhdəsindən məsuliyyətlə gəlirlər: “Müşahidələr əsasında gəldiyim qənaət budur ki, koronavirusa yoluxma hallarının əsas səbəbi insanların gigiyena qaydalarına ciddi əməl etməməsi və insanlar arasında kontaktların artmasıdır. Məsələn, yoluxmaları araşdıranda görürük ki, biri yas yerində virusa tutulub və ailəsini də yoluxdurub. "Köhnə dəb" də öz yerində qalır - əl ilə görüşmək, öpüşmək, sıx təmas, sosial məsafənin gözlənilməməsi və s. Hətta bəzən yasda tibbi maskadan istifadə edənlərə qəribə baxırlar və "niyə maska taxmısan" sualı ilə həmin şəxsi əməlli başlı narahat edirlər.”
Son günlər ölüm sayının bu qədər artmasının səbəbinə gəlincə...
E.Kamranov vurğulayıb ki, yoluxmaların artmasını COVID-19-un forma dəyişikliyi ilə də əlaqələndirmək olar. "Britaniya ştammı" çox sürətlə yayılır. Bu səbəbdən virus sürətlə yayılır, yoluxma artır və bu da istər-istəməz ölüm sayına da təsir göstərir: “Virusun mutasiyası daha təcavüzkar forma alıb. Bu isə yoluxanların vəziyyətinin ağırlaşmasına səbəb olur. Xəstəxanamıza daxil olan xəstələrin əksəriyyəti ağır durumda olur. Onların böyük qismi reanimasiya şöbəsinə yerləşdirilir. Yeni növ yayıldıqca da ayrı-ayrı orqanları zədələyir. Ürək, tənəffüs, qanın laxtalanma fəaliyyətini, böyrəklərin funksiyasını zədələyir, bir çox orqanlarda fəsadlar yaradır. Bu da müəyyən ağırlaşmalar, qəfil ölüm, tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxaması), ağır dərəcəli pnevmaniya, böyrək çatışmazlığı və insultların yaranmasına səbəb olur.”
Peyvənd tam qorumaq təminatı vermir
Müsahibimiz qısa müddətdə vaksinasiyadan böyük nəticə gözləyənlərin diqqətinə catdırır ki, vaksin vurulandan təxminən bir ay sonra immun sistemlər formalaşmağa başlayır: “Bədənə daxil ola biləcək virusla mübarizə aparmaq üçün anticisimlərin olması çox vacibdir. Çünki bu anticisimlər birbaşa mübarizə proqramına təsir edir. Virus daxil olan kimi proqramda onu tanıyırlar. Artıq ona qarşı immun sistemlər hazırlanıb. Görən kimi hərəkətə keçib mübarizə aparırlar. Vaksin olunan şəxslərdə 1- 2 aydan sonra immunitet müəyyən qədər formalaşmış olur. 5-6 ay müddətində xəstələnmənin qarşısını ala bilir. Ancaq 100 faiz düşünmək ki, virusun qarşısı alınıb, mən peyvənd olunmuşam, bundan sonra mənə heç nə ola bilməz və qaydalara əməl etməmək doğru deyil. Yəni, peyvənd də tam qorumaq qarantı vermir. Ancaq yoluxma zamanı xəstəliyin nisbətən yüngül keçməsinə zəmin yaradır. Artıq orqanizm buna uyğunlaşdığına görə ona qarşı mübarizə aparmaq da nisbətən asanlaşır. Vaksin pandemiya ilə mübarizədə və bu bəlanın get-gedə kökünün kəsilməsi üçün vacib olan profilaktiki bir işdir. Bu layihə dövlət səviyyəsində aparılır. Biz də insanları maarifləndirməliyik ki, bu prosesdə aktiv iştirak etsinlər. Kim xəstəlik keçirməyibsə, onun qanında COVID-19-a qarşı İgG (İmmunoglobulin G) yoxdursa və yaxud da lazımi səviyyədə deyilsə o adamlar peyvənd olunmalıdır. Vaksin olunanlar da mütləq gigiyena qaydalarına əməl etməlidir.”
Sərt karantin rejimində xəstələnmə hallarının tezliyi azalır
Mütəxəssis qeyd edib ki, pandemiya dövründə ən çox müraciət olunan qabaqlayıcı tədbir sərt karantin qadağalarıdır: “Bunun nəticəsində yoluxma sayını dördrəqəmlidən üçrəqəmliyə , daha sonra ikirəqəmliyə endirmək mümkün olub. Deməli, bunu yenidən etmək mümkündür. Fikrimcə, hazırda yoluxma sayı kifayət qədər çox olduğu üçün gec-tez qapanmalara getmək məcburiyyətində qalacayıq. Əgər, yoluxmada artım bu sürətlə gedərsə, xəstəxanaların da yükü artacaq. Belə olan hallarda xəstələrin sayı çox olduğundan xüsusilə, ağır və reanimasyon xəstələr üçün çarpayı məsələsi çətinləşir. Müəyyən müddət bunun qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlərə gedilməsi şərtdir. Sərt karantin virus əleyhinə aparılan mübarizənin bir formasıdır. Bu rejimin tətbiq olunmasının əsas göstərişlərindən biri də virusun sürətlə artmasıdır. Bu baxımdan sərt karantin rejimində xəstələnmə hallarının tezliyi azalır."
Sonda həmsöhbətimiz əhaliyə çağırış edib: “Virusa qarşı daxili məsuliyyətimiz, mədəniyyətimizmi nümayiş etdirməliyik. Bir daha insanlarımızı şəxsi gigiyena qaydalarına çox güclü riayət etməyə dəvət edirəm, vaksin olunmağa səsləyirəm, pandemiya dövrünün qaydalarına hamı əməl etsin ki, birlikdə bu bəladan qurtulaq".
Yaqut Ağaşahqızı, “İki sahil”