07 aprel 2021 22:49
1262

Ermənistanın yeni formada terror siyasəti

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi ölkəmizi ciddi narahat edir. Dövlətimiz vətəndaşlarımızın minaya düşməmələri üçün bütün lazımi tədbirləri görür və buna görə işğaldan azad edilmiş ərazilərə nəzarət postları qoyulur. Vətəndaşların bu ərazilərə səfər etmələrinin təhlükəli olduğu ilə bağlı maarifləndirmə işləri aparılır. Amma hazırda iş prosesində minaya düşmə halları baş verməkdədir. Belə ki, bir neçə gün öncə Suqovuşan yaşayış məntəqəsi istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbiçimiz xəsarət alıb. Bu səbəbdən azad edilmiş ərazilərimizdə minatəmizləmə işləri birinci dərəcəli vəzifə kimi qarşımızda dayanır. Minatəmizləmə işlərini sürətləndirmək məqsədilə yeni texnikalar da alınıb.  Hazırda azad edilmiş ərazilərimizdə Minatəmizləmə Agentliyi minatəmizləmə işlərini davam etdirir. Hər gün hektarlarla ərazi partlayıcı vasitələrdən təmizlənir və partlamamış döyüş sursatları zərərsizləşdirilir. Bu istiqamətdə görülən işləri çətinləşdirən isə işğalçı Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi ilə bağlıdır.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ermənilərin məqsədi mümkün qədər çoxlu sayda mülki şəxslərin, eləcə də hərbi qulluqçuların həyatına son qoymaqdır ki, bu da işğaldan azad edilmiş ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa hesablanıb: “Hərbi əməliyyatların başa çatdığı Dağlıq Qarabağ da artıq dünyanın minalanmış ərazilərindən biri kimi tanınır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrinin gedişində bölgədə piyada və tank əleyhinə minalardan geniş istifadə olunub. Rəsmi İrəvanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsinə gəldikdə isə onu deyə bilərəm ki, BMT-nin qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyaya görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi barədə öhdəlik götürürlər. Amma Ermənistan müxtəlif bəhanələrlə buna məhəl qoymur. Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə demişdir: “Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur.” Dünyanın əgər belə demək mümkünsə, “mötəbər” qurumları isə  susmaqda davam edirlər. Bu aspektdən çıxış etsək, 30 il ərzində törətdikləri vandalizm aktlarından, cinayətlərdən sonra Ermənistanın minalanmış ərazilərin sxemlərini verməsini gözləmək absurddur. Həm də belə qənaətə gəlmək olar ki, təcavüzkar ölkə minaladığı ərazilərin xəritələrini gizlətməklə yeni formada  terror siyasətini davam etdirir.”

Türkiyədən, eləcə  də Rusiyadan ölkəmizə gəlmiş mütəxəssislərin minatəmizləmə prosesinə qoşulmalarını təqdirəlayiq hal kimi dəyərləndirən ehtiyatda olan polkovnik Elmar Hüseynov daha sonra vurğuladı ki, hazırda dövlətimiz minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlarından istifadə edir: “Bəli, minalanmış ərazilərimiz qarış-qarış ölümsaçan vasitələrdən təmizlənir. Bütün bunlar da belə qənaətə gəlməyə əsas verir ki,  mümkünsüzləri reallaşdıran Azərbaycan işğaldan azad etdiyi öz ərazilərində bu istəyinə də nail olacaq. Bu da o anlama gəlir ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Qarabağın 30 illik işğaldan azad edildiyi kimi, hər birimizin o müqəddəs torpaqlara sevinclə və təhlükəsiz gedəcəyimiz gün də o qədər uzaqda deyil.”

Qvami Məhəbbətoğlu, “İki sahil”