07 aprel 2021 20:57
1075

Minsk qrupu həmsədrlərinin susan vicdanları…   və yaxud həqiqətin gecikmiş etirafı

ATƏT-in Minsk qrupunun «Lakin etiraf edirəm ki, çox az iş gördük» söyləyən  amerikalı sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması ədalətin yalan qarşısında gücsüzlüyünün ifadəsidir

ABŞ-ın Dövlət Departamentində 30 il çalışandan sonra   təqaüdə çıxan və  sonra  ATƏT-n Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş yazısında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. Dəfələrlə qeyd olunduğu kimi, yarandığı gündən üzərinə düşən vəzifəni yerinə yetirməyən, bölgəyə turist  səfərləri sayaq gəlişlərinin məqsədləri, nəticəsi  bilinməyən  Minsk qrupunun həmsədrləri  olan  Amerika Birləşmiş Ştatlarını, Rusiyanı, Fransanı təmsil edən nümayəndələri arada bir  dişsiz, gülünc bəyanatlar verməklə  guya  «Qarabağ münaqişəsini həll edirdilər.»
 
«Düzünü desəm, mənə Minsk qrupunda ABŞ-ı təmsil edəcək həmsədr vəzifəsi təklif olunanda bir qədər tərəddüd etdim. Niyə? Çünki Dövlət Departamentində bu vəzifə karyera inkişafında növbəti mərhələ sayılmırdı» sözləri ilə  Minsk qrupunun  səlahiyyətsiz format olduğunu, sadəcə vaxt uzatmaq  üçün  yaradıldığını bildirən  amerikalı diplomat  30 il müddətində bölgəyə  turist səfərlərinin mahiyyətinin,  xəritəsinin dəyişilmədiyini də qeyd edir. Azərbaycan- Ermənistan- Xankəndi marşrutu ilə keçirilən, arada bir Moskvada,  Brüsseldə davam etdirilən  görüşlərdə müzakirələr « çevir tatı, vur tatı» effekti yaradırdı.

R.Hoqland həmsədrlərin «gərgin fəaliyyəti»nin gizli saxlanan məqamlarından belə bəhs edib: «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük».

Münaqişənin guya həllini nəzərdə tutan «Lavrov planı»nın da əsassız, Ermənistanın işğalçılıq siyasətinə dəstək olduğunu bildirən diplomatın
«Lavrov planı» açıqlananda rusiyalı həmsədr Popovdan soruşdum ki, Bakı və İrəvan güzəştlərə getsələr və planı qəbul etsələr, Kreml gerçəkdən də, planı reallaşdırmağa hazırdır? Onun açıq cavabı belə oldu: «Təbii ki, yox». Beləliklə, anladım ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Rusiya münaqişə tərəfi olan ölkələri təsir dairəsində saxlamaq üçün münaqişənin tam həllində maraqlı deyil» sözləri gec də olsa gerçəkliyin, ikili siyasətin etirafıdır.

Səlahiyyətsiz qurum olduğunu fəaliyyətsizliyi ilə bildirən, sülh naminə heç bir təşəbbüs göstərməyən həmsədrlərin bölgəyə  səfərlərinin turist gəzintisinə bənzədilməsi R.Hoqlandın açıqlamasında  təsdiqlənir. Münaqişənin sülh yolu ilə həllində israrlı olan, Dağlıq Qarabağ həqiqətlərini bütün görüşlərdə Minsk qrupu həmsədrlərinin diqqətinə çatdıran Azərbaycanın təkliflərini bölgədən ayrılan kimi   «unudan» təmsilçilər xəyallarında  yeni qonaqlıqların, restoranların, barların siyahılarını hazırlayırdılar. Bölgəyə səfərləri zamanı başları erməni konyakından dumanlanan həmsədrlərin 30 ildə  bir dəfə də olsun, ermənilərin  Azərbaycan torpaqlarında   törətdikləri vəhşilikləri, barbarlıqları, Xocalı soyqırımını pisləməmələri, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan azərbaycanlı məcburi köçkünlərin taleyi ilə maraqlanmamaları həmsədr dövlətlərin münaqişənin həllinə göstərdikləri etinasızlıq idi. Bu adətlərinə sadiq qalan Minsk qrupunun həmsədrləri Ermənistanın 30 il davam edən işğalına son qoyan Azərbaycan Ordusunun  44 günlük  haqq, ədalət savaşına münasibətlərini da susmaqla bildirdilər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupuna etimadın azalması son illərdə daha açıq hiss olunurdu. Çünki  həmsədr dövlətlərin məqsədləri münaqişəni öz maraqları, siyasətlərinə uyğun həll etmək, siyasi dividend qazanmaq idi. Cənubi Qafqazda strateji üstünlüyə malik olmaq naminə maraqlı tərəflər arasındakı siyasi  oyunun  ələbaxan hakimi  rolunu oynayan Minsk qrupu həmsədrlərinin fəaliyyəti məşhur rus təmsilçisi  İvan Krılovun  təmsilindəki obrazların müxtəlif istiqamətlərə yönələn  hərəkətlərinə bənzəyirdi: «Bir balıq, bir ördək, bir xərçəng. Bir zaman oldu üçü həmahəng.» Bu günədək münaqişənin tam həll olunmadığını hesab edən həmsədrlər  ABŞ və  Fransanın məqsədi isə sonrakı prosesdə özləri üçün müəyyən status saxlamaqdır.

«Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, «Qarabağ Ermənistandır və nöqtə»”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər» söyləyən Prezident İlham Əliyev «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday”» forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə   unutduqları səlahiyyətlərini Minsk qrupu həmsədrlərinə bir daha xatırlatdı.

Nəticədə etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı.  Maraqlı tərəflərin müəmmalı «Nə hərb , nə sülh» tezisinə son qoyan, Ermənistanın təxribatlarının qarşısını alan Azərbaycan  Ordusu 2020-ci il sentyabrın 27-də  əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi. 44 gün davam edən İkinci Qarabağ savaşı ilə 30 illik işğala son qoyan Prezident,  Ali Baş Komandan İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrini,   Minsk qrupunun vəzifələrini noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla yerinə yetirdi.

Rusiyanın «Zvezda»” və «Bolşaya Aziya»” mediaholdinqlərini təmsil edən jurnalistin  dövlət başçımıza müraciətlə söylədiyi  «Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi» sözləri Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli naminə göstərdiyi siyasi iradəyə inam,  etimad idi.   Hamını düşündürən «Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı?» sualının cavabını bölgədə  yaranan yeni reallıqların tələbləri müəyyənləşdirəcək. Rus şairi  E. Krotkinin yazdığı kimi, haqlı olmaq azdır, vaxtında haqlı olmaq lazımdır. Gecikmiş etiraf  çayda suyun  eyni yerdən təkrar axmamasına bənzəyir.

Xuraman İsmayılqızı, «İki sahil»