12 aprel 2021 17:55
1659

 "Ginnessin Rekordlar Kitabı "na düşən məşhurlar - FOTO

Dueyn Conson

Tanınmış aktyor məşhur rekordlar kitabına nə az, nə çox 3 dəfə düşüb. Belə ki, birinci dəfə onun adı bu kitaba 2007-ci ildə daxil edilib. Buna səbəb aktyorun ilk baş roluna görə ən yüksək qonorar alması olub.Səhnədə ilk baş rolu olan  Metayas obrazına görə Conson 5,5 milyon dollar qonorar almışdı. 

2015-ci ildə Dueyn Conson növbəti dəfə rekorda imza atıb. O, Londonda "San-Andreasın dağılması" filminin premyerasında öz "iPhone"u vasitəsilə 3 dəqiqə ərzində fanatları ilə 105 selfi çəkdirib.Bu qeyri-adi hərəkəti ilə o, yenidən yeni bir rekorda imza atıb. Bir də 2 ildən sonra aktyor növbəti dəfə rekordçu olub. O, 245 kiloqrama yaxın  sous hazırlayıb. Hazırladığı bu sousu  Dueyn  Los-Ancelesdə evsizlərə yemək paylayan qeyri-kommersiya təşkilatına göndərmişdi.

Ben Stiller

Məşhur aktyor Ben Stiller 2016-cı ildə etdiyi qeyri-adi hərəkətə görə "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdur. Həmin il rol alıdığı filmin premyerasında aktyor   dünyanın ən uzun selfi çubuğu ilə ( təxminən 8,56 metr) şəkil çəkdirmişdi. Etapaj hərəkətləri ilə seçilən Ben Stiller  "Ginnesin Rekordlar Kitabı"nın tədbirdə iştirak edən nümayəndəsi tərəfindən  nailiyyətini təsdiqləyən  bir sertifikat almışdı.

Farrell Uilyams

2013-cü ilin payız aylarında  amerikalı müğənni Farrell Uilyams musiqi tarixinin ən uzun klipini çəkdirərək yeni bir rekorda imza atmışdı. Onun  "Happy" mahnısına çəkilən bu klipin davamlılığı təxminən 24 saat idi. Bu müddət ərzində 4 dəqiqəlik "Happy" treki 360 dəfə təkrarlanmışdı. Onun sədaları altında ən fərqli insanlar, eləcə də məşhurlar rəqs edirdi. Klipin tam versiyasını izləmək üçün xüsusi 24hoursofhappy.com saytı yaradılmışdı. Hal- hazırda bu sayt aktiv deyil, amma "Youtube"da  rekorda imza atan videoklipin ilk 4 dəqiqəsini izləmək mümkündür.

Eminem

Daha çox Eminem təxəllüsü altında tanınan Marşall Brüs Meters "Rap God" mahnısı ilə 2013-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü. 6 dəqiqə davam edən qeyri-adi trekdə Eminem 1560 söz oxumuşdu.

Snup Doq

2018-ci ildə qaradərili amerikalı reper Snup Doq dünyada ən böyük kokteyl porsiyası ilə məşhurlar arasında yer almışdı. Məhz bu hərəkəti ilə o,  adını məşhur rekordlar kitabının səhifələrinə həkk etdirmişdi.

 "Paradise"adlı məşhur  kokteylinin hazırlanması üçün 315 litr cin, 156 litr qaysılı brendi və təxminən 106 litr portağal şirəsi istifadə olunmuşdu.

Castin Biber

Kanadalı müğənni və reper  Castin Biberin adı "Ginnesin Rekordlar Kitabı"na  14 dəfə düşüb. Maraqlıdır ki, "Spotify-də həftənin ən məşhur treki", "Youtube-da  ən çox baxılan kanal" kimi mükafatlarla yanaşı, Castin Biber  antirekordları ilə də tarixdə  iz  qoyub. Belə ki, onun "Baby" mahnısına çəkdirdiyi klipi 11 milyon istifadəçi tərəfindən bəyənilməmişdi.

Vin Dizel

2013-cü ilin noyabrında vəfat edən həmkarı və yaxın dostu Pol Uokerin vəfatı ilə bağlı status yazan "Forsaj" filminin ulduzu Vin Dizel rekorda imza atıb. Onun təsirli məktubu 8 milyondan çox bəyənmə toplayaraq, "Facebook" ən məşhur paylaşım kimi seçilmiş və "Ginnes Rekordlar Kitabı"na daxil olmuşdu.

Ceki Çan

Döyüş  filmlərinin qəhrəmanına çevrilən məşhur aktyor  Ceki Çan 2012-ci ildə  ən çox döyüş fəndlərini yerinə yetirən aktyor kimi rekorda imza atmışdı.

Robert Dauni

Tanınmış aktyor "Ginnesin Rekordlar Kitabı"na 2013-cü ildə çinli fanatları sayəsində düşmüşdü. Doğum günündə ilk dəfə Çinə səfər edən  aktyora 5339 sevəni tərəfindən imzalanmış açıqça göndərilmişdi. Onların arasında Çin ulduzları Xuan Syaomin və Van Süetsidə var idi.

Madonna

Madonna məşhur toplunun səhifələrinə dəfələrlə düşüb. Lakin  bütün rekordlar arasında ən diqqətçəkənləri bunlardır: "Evita" müziklində (1996-cı il) müğənninin ifa etdiyi baş qəhrəman kadrda 85 fərqli libas dəyişərək rekorda imza atmışdı. Libaslarla yanaşı, aktrisanın 42 dəfə saç düzümü, 56 dəfə sırğaları, 39 dəfə papağı dəyişmişdi.

2014-cü ildə "Fool's Paradise Drag" partisində müğənninin 440 fanatı Madonna kimi geyinib. Bununla da məşhur müğənni rekorda imza atmışdı.

Ozzi Osborn

2010-cu il iyunun 12-də Kaliforniyada beysbol matçlarının birində britaniyalı rok ifaçısı Ozzi Osborn azarkeşləri "Scream" sözünü bacardıqları qədər ucadan qışqırmağa çağırıb. Onun fanatları  bu xahişini uğurla yerinə yetirərək dünya rekorduna imza atmışdılar.

Şakira

Məşhur kolumbiyalı müğənni Şakira dəfələrlə "Ginnesin Rekordlar Kitabı"na düşən ulduzlardandır. İfaçı buna ən çox satılan ispandilli albom və bütün dövrlərin ən çox satılan ispandilli musiqi albomuna sahib olması ilə nail olub. Bundan əlavə, onun "Facebook" səhifəsi dünyada ilk dəfə 100 milyon bəyənmə toplayıb. 

Hyu Lori

"Doktor Haus" serialının ulduzu ən çox qonorar alan televiziya aktyoru kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, çəkildiyi bir seriyaya görə təxminən 700 min dollar pul alırdı.

Abhişek Baççan

2009-cu ildə hindistanlı aktyor və prodüser Abhişek Baççan "Dehli-6" filminin tanıtımı məqsədilə 12 saat ərzində 7 şəhərə səyahət etmişdi. O, bu saat ərzində hər şəhərdə qırmızı xalçaya çıxmış, tamaşaçılar qarşısında çıxış etmiş, fanatları ilə ünsiyyət qurmuş və aftoqraf da paylaşmışdır. Qeyd edək ki,  12 saat ərzində Baççan 1,8 min kilometr yol qət edən aktyor kimi də  rekorda  imza atmışdı.

Samirə Tağıyeva, "İki sahil"